Ermənistanın Tovuz istiqamətindəki təxribatları dünya mediasının gündəmində

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin (DFJD) sədri Fuad Hüseynzadə dünya mediasında Qarabağ həqiqətlərinin yayılması, Ermənistanın təxribatlarının ifşa olunması istiqamətində fəaliyyətini davam etdirir.

Birlik sədri açıqlamasında bildirib ki, növbəti dəfə Ermənistanın Tovuz istiqamətindəki təxribatları ilə bağlı ifşaedici məqaləsi Monteneqronun “Bosnjaci.net”, Misirin “Aldiplomasy.com”, Pakistanın “Thefortress.com.pk“, Özbəkistanın “Fikr.uz”, Gürcüstanın “Newsday.ge” saytlarında dərc olunub. “Dünya ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətini qınamalıdır” adlı məqalədə müəllif dünya birliyinə çağırış edib: “İşğalçı Ermənistan zaman-zaman Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb. Və bunun ən ağır nəticəsi olaraq Ermənistan tərəfindən 1991-1993-cü illərin hərbi kampaniyası dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Əlbəttə ki, bu işdə Ermənistana xarici havadarları da kömək edib. 1994-cü ildə iki ölkə arasında atəşkəs elan olunmasına baxmayaraq Ermənistan tərəfindən mətəmadi olararaq Azərbaycana qarşı təxribatlar edilir. Bu illər ərzində Ermənistan dəfələrlə atəşkəsi pozaraq hərbiçilərimizə və mülki əhaliyə atəş açıb və soydaşlarımızı qətlə yetiriblər. Son olaraq isə 12 iyul 2020-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində beynəlxalq səviyyədə tanınan ərazisinə artilleriya atəşi edərək təxribatlar törədir. Hansı ki, hazırda bütün ölkələr Covid 19 pandemiyasına qarşı birlikdə mübarizə aparır. Bu, Ermənistanın Azərbaycana təcavüzünün və 1994-cü ildə razılaşdırılmış atəşkəsin yenidən pozulmasının əyani sübutudur. Şəhidlərin sayı 4 nəfər yüksək səviyyəli hərbi qulluqçu da daxil olmaqla 10-dan çoxdur. Ermənistan ordusu karantin və müharibə qaydalarına məhəl qoymur, Azərbaycana hücum edir və mülki əhalinin həyatına təhlükə yaradır”.

Məqalədə vurğulanır ki, Azərbaycan hər zaman olduğu kimi, ərazisini qoruyur və bu şəkildə hər şey etməyə hazırdır: “Bu məsələ ilə bağlı iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Prezident iclasds deyib ki, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır: “Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq”.

Ermənistan tərəfindən törədilən son təcavüz aktı növbəti təxribat hadisəsidir. Ermənistanın vəhşilikləri, təxribatçı əməlləri pislənməlidir və bu işğalçı dövlət qanun qarşısında cavab verməlidir. Bütün dünya ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətini və qanun pozuntularını qınamalıdır”.

Müəllif qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi bütün regiona mənfi təsir göstərir: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvalarından qovularaq qaçqın və məcburi köçkün olub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr hələ də yerinə yetirilməyib. Azərbaycan hər zaman müharibəyə qarşı olub və bu münaqişənin də sülh yolu ilə həllinin tərəfdarıdır”.