Ermənistanla Qarabağ arasına yol bağlandı- Laçın koridorunda körpü dəqiq atəşlə dağıdıldı -Fotolar-Video

Ötən gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun işğal altındakı Laçın rayonu ərazisindəki bəzi kəndlərə raket-artilleriya zərbələri endirdiyini bildirmişdi. Qeyd olunurdu ki, ordumuzun hədəf aldığı kəndlərdən biri də düşmənin eybəcər “ahavno”  adı verdiyi, Ermənistanla sərhədin yaxınlığında yerləşən Zabux kəndi olub.

Bəs ordumuz bu kənddə hansı obyektə zərbə endirib? Bu suala hazırda işğal altındakı ərazilərimizdə dolaşan və oradan reportajlar yayan  Patrik Lankaster adlı videobloqer aydınlıq gətirir. XALQ.AZ-ın məlumatına görə onun hazırladığı reportajdan məlum olur ki, ordumuz sərrast raket zərbəsi ilə Zabux çayının üzərində, Ermənistan-Azərbaycan sərhədində yerləşən, düşmənin hərbi məqsədlər üçün istifadə etdiyi və Qarabağa silah-sursat, raketlər və ağır hərbi texnika daşımaq üçün istifadə etdiyi körpünü vurub. Sərhədin Ermənistan tərəfindəki kəndin iki sakini bloqerə qorxu içində bu haqda danışırlar. Kadrlara əsasən körpü tam dağılmasa da ciddi zədələnib və onun üstü ilə Ermənistandan Qarabağa ağır hərbi texnikanın daşınması mümkün olmaya bilər.

Zabux körpüsü raket zərbəsindən sonra

Bu körpü həm də Gorus-Laçın-Şuşa yolunun üzərində yerləşir. Hərbi əməliyyatların ilk günlərində Azərbaycan ordusu həmin yolun üzərində, Laçın şəhəri yaxınlığında Həkəri çayının üstündəki körpüyə də “LORA” raketi ilə dəqiq zərbə endirmişdi.

Qeyd edək ki, Zabux kəndi Laçın rayonunun digər kəndləri kimi 1992-ci ildə işğal edilib. Bu kənddə heç vaxt ermənilər yaşamamışdı və əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. Buna baxmayaraq düşmən işğal etdiyi digər yaşayış məntəqələri kimi Zabux kəndinin də adını dəyişib, onu” ahavno” adlandırıb. 

2000-ci illərin əvvəllərində isə Ermənistan qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində Zabux kəndinin dağıntıları yaxınlığında yeni qəsəbə salıb, ora əsasən Livan və Suriyadan, digər xarici ölkələrdən gətirilən erməniləri yerləşdirib. 2003-cü ildə isə ABŞ dövlətinin Dağlıq Qarabağa ayırdığı birbaşa yardımlar hesabına kənddə kilsə də tikilib.

XALQ.AZ