Etilen-polietilen zavodunda istehsal artacaq

Modernizasiya işlərindən sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun etilen üzrə illik məhsuldarlığı 2,3 dəfə artacaq.

XALQ.AZ-ın məlumatına görə, bunu  Etilen-polietilen zavodunun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev  jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əgər 2017-ci ildə zavodun propilen üzrə illik məhsuldarlığı 80-100 min ton təşkil edirdisə, 2020-ci ildə bu göstərici 187 min ton olacaq. “Modernizasiyadan sonra zavodda etilen istehsalı üzrə də kəskin artım planlaşdırılır. Belə ki, bu il zavodun illik məhsuldarlığı 192 min ton təşkil edəcək”, – Q. Əliyev qeyd edib.

O xatırladıb ki, 2017-ci ildə Etilen-polietilen zavodunun etilen üzrə illik məhsuldarlığı 100-120 min ton civarında olub.

Xatırladaq ki, Etilen-polietilen” zavodunun modernizasiya layihənin icra qrafikinə uyğun olaraq, aktiv inşaat işləri 2017-ci ildə başlanıb. Tikinti və montaj işlərinə əsasən Sumqayıt şəhərindən və ətraf regionlardan orta hesabla 2000 nəfərdən çox mütəxəssis işə cəlb olunub ki, onların da 94%-ni yerli mütəxəssislər təşkil edir. Zavodun modernizasiyası 2020-ci ilin üçüncü rübündə bitəcək.