Eurovision mahnımız ana dilimizdə

Bu ilin mayında Kopenhagendə keçiriləcək “Eurovision-2014”də təmsilçimiz Dilarə Kazımova oxuyacağı “Start a Fire” mahnısının Azərbaycan dilində versiyasını təqdim edib.
Xalq.az  xəbər verir ki, bu haqda İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Böyük səhnə” proqramının PR meneceri Nərminə Məmmədova məlumat verib.
Azərbaycan versiyasının adı “Bir qığılcım”dır.
Dilarə Kazımova belə bir versiyanın yaranmasını, mahnını ilk dəfə eşitdiyi andan arzulayıb.
“Start a Fire” dərin mənalı mahnıdır. Onun süjeti mənə və ölkəmə çox yaxındır. Mən mahnının doğma dilimə tərcümə olunmasını səbirsizliklə gözləyirdim” – deyə D.Kazımova bildirib.
Bundan başqa, Dilarə Kazımova promo-tur çərçivəsində Budapeştdə çıxış edəcək. O, Macarıstanın builki “Eurovision” təmsilçisi Andraş Kallay-Sonderslə görüşəcək. İfaçıların qrafikində mətbuatla bir neçə birgə görüş planlaşdırılır.
Dilarə və Andraş “Ma Reggel” səhər şousunda iştirak edəcək. Daha sonra iki ölkə təmsilçiləri “Kívánságkosár” teleşousunda çıxış edəcəklər.
Azərbaycan təmsilçisi həmçinin “Híradó” xəbərlər proqramına müsahibə verəcək. Bir neçə yerli radiostansiyanın qonağı olacaq. Həmçinin “adal2014.hu” saytının istifadəçilərinin suallarını onlayn cavablandıracaq.
Bundan başqa, qarşıda D.Kazımovanı Rusiya, Gürcüstan və Malta gözləyir.
Qeyd edək ki, D.Kazımova “Start a Fire” mahnısını 8-ci nömrə altında “Eurovision” müsabiqəsinin birinci yarımfinalında mayın 6-da Kopenhagendə təqdim edəcək.