Eyyub Hüseynov çiyələk plantasiyalarında gördüklərindən dəhşətə gəldi – FOTO

“O tərəf-bu tərəf çevirib, bəh-bəhlə yediyiniz bu çiyələklər hər gün ömrünüzü qısaldır”.


Bu sözləri Qaynarinfo-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədr bu il bir neçə çiyələk plantasiyalsnda olduğunu, çiyələklərin necə və hansı üsullarla yetişdirilməsinin şahidi olduğunu bildirib:


“Onun yetişdirilməsində nə qədər dərman ləvazimatlarından istifadə olunur! Sanki sahəyə deyil, aptekə girmişdim. Bu dərmanlardan tək çiyələklərin deyil, pomidorların da yetişdiriməsində istifadə olunur. Vəziyyət çox pisdir. Xaricdən çiyələk toxumları gətirilir. Azərbaycanda genetik məhsulları yoxlayan laboratoriyalar var, hamısı partizan kimi susub, heç birinin səsi çıxmır”.


Sədr qeyd edib ki, Azad istehlakçılar Birliyi həmişə yerli mallara üstünlük verir: “Biz həmişə yerli mallara üstünlük veririk, lakin yerli məhsullar bu qədər kimyalaşırsa, deməli, ekoloji cəhətdən təmiz kənd məhsullarına keçməyin vaxtı çatıb. 10 il bundan öncə bununla bağlı qanun qəbul olunub. Azərbaycanda dərmansız məhsul yetişdirən fermerler çoxdur. Dövlət bütün yardımlarını fermerlərə yönəltməidir ki, onlar ekoloji cəhətdən təmiz məhsul yetişdirsin. Bu gün süni gübrələrdən əl çəkiləməlidir və böyük marketlərdə orqanik meyvə-tərəvəzə xüsusi yer ayrılmalıdır. Baha qiymətə olsa da, keyfiyyətli, orqanik olsun”.


Sədr bildirib ki, hələ ki, çiyələk yemək məsləhət deyil: “Hazırda bazarda 10-na qədər çiyələk növü var. Hansı balaca və yumşaqdırsa onu almaq lazımdır. Qədim yerli sotlara üstünlük verilməlidir. Amma böyük və bıçaqla kəsilən çiyələklərdə ziyanlı nə desən var. Bu çiyələklər insan orqanizmini məhv edir, ömrünü qısaldır”.

XALQ.AZ