Fədakarlıq nümunəsi – Məqalə

mehriban 1

Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.

Hər bir insanın öz həyat yolu vardır. Öz xalqı, dövləti üçün durmadan çalışan insanlar həmişə böyük nüfuz sahibi olublar. Onlar yalnız dünyaya gəldikləri ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün qiymətlidirlər. Yüksək mənəvi keyfiyyətlərə malik ziyalı ailəsində dünyaya gələn Mehriban xanım  həyat təcrübəsi ilə sübut edir ki, Azərbaycan qadını dünya əhəmiyyətli fəaliyyət göstərə, bir-birindən parlaq uğurlar qazana bilər. Sosial-mədəni həyat sferalarında çoxsaylı təşəbbüslər göstərən, səmərəli layihələr həyata keçirən Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bir nümunəyə çevrilib. Mehriban xanım Əliyeva Azərbaycanda birinci xanım ənənəsini yaratmaqla cəmiyyətə və dövlətçiliyə böyük töhfə verir. Bu, Mehriban xanıma həm bir qadın olaraq daha yüksək sosial statusda özünü təsdiq etmək, həm də, ümumiyyətlə, Azərbaycan qadını üçün bir nümunəyə çevrilmək imkanı verib.

Qadının istənilən cəmiyyətdə yeri və rolu, sosial-hüquqi statusu adət-ənənə ilə sıx bağlıdır. Qadına hörmətin yüksək olduğu cəmiyyətlərdə saflıq, əxlaq, mənəviyyat və ailə tərbiyəsi də güclü olur. Heç şübhəsiz, Azərbaycan bir cəmiyyət və ölkə olaraq bu məsələdə fəxr edə bilər. Ulu öndər Heydər Əliyev qadınlarla bağlı çox dəyərli fikirlər söyləyib. Onlardan biri belədir: “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.



Olduqca dolğun, dərin və əhatəli fikirlərdir. Xüsusilə Azərbaycanın birinci xanımı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında düşünəndə, bu müdrik fikirlər yada düşür. Bəli, taleyin xoşbəxtliyidir ki, Azərbaycan xalqının Mehriban Əliyeva kimi övladı, Azərbaycan cəmiyyətinin şansıdır ki, Mehriban Əliyeva kimi qadın nümayəndəsi və Azərbaycan müstəqil dövlətinin uğurudur ki, Mehriban xanım Əliyeva kimi Birinci vitse-prezidenti vardır! Mehriban xanım ictimai fəal, mənəvi-əxlaqi dəyər təmsilçisi və dövlət idarəçiliyində yüksək vəzifə sahibi kimi bir nümunədir.

Vurğulanan kontekstdə Prezident İlham Əliyevin aşağıdakı fikri çox maraqlı və aktualdır. Dövlət başçısı ifadə edib: “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”. Bu, bir həqiqətdir ki, Azərbaycan tarixinin bütün mərhələlərində, xüsusilə ən ağır dövrlərdə qadınlarımız cəmiyyətin sarsılmaz dayağı olublar. Onlar ailədə, cəmiyyətdə və döyüş meydanlarında sədaqətlə həyat yoldaşları ilə çiyin-çiyinə dayanıblar. İndi də Prezidentin çox dəqiq ifadə etdiyi kimi, qadınlar “ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərirlər!” Mehriban xanım Əliyeva məhz bu qüdrətdə olan Azərbaycan qadını nümunəsidir!

Mehriban xanım Əliyevanın özü həyat fəlsəfəsinin əsas məqamını ifadə edən fikirlər söyləyib. Azərbaycanın birinci xanımı müsahibələrinin birində ifadə edib: “Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. “İrs” jurnalını da mən elə onda təsis etdim… Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı”.

Mehriban xanım Əliyeva təbiətən çox kreativ insandır. Azərbaycanın birinci xanımı cəmiyyətdə pozitiv yeniliklər etməyi bacarır. Məhz bu məqamı nəzərdə tutaraq ekspertlər vurğulayırlar ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq Mehriban xanım Əliyeva birinci xanım statusunu formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib. Dünya təcrübəsi göstərir ki, birinci xanım ilk növbədə elmə, mədəniyyətə, təhsilə və səhiyyəyə daha çox diqqət yetirir. Mehriban xanım isə həmin sahələrlə yanaşı, müxtəlif humanitar təşəbbüslərin reallaşmasına bilik və bacarığını sərf edir, dövlət başçısı ilə ictimaiyyət arasında güclü əlaqələndirici rolunu oynayır. Birinci xanımın irəli sürdüyü təşəbbüslər dövlətlə vətəndaşın birliyinin təmin edilməsində vacib rol oynayır.

Mehriban Əliyevanın Azərbaycanın birinci xanımı kimi yüksək səviyyədə uğurlu fəaliyyətinin, əlbəttə, öz səbəbləri vardır. Bu barədə birinci xanımın özü çox dolğun və maraqlı fikir ifadə edib: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür… Fikrimcə, vəziyyətindən və statusundan asılı olmayaraq bu və ya digər rolu oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağımı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm”.

Mehriban xanım bu statusda bir nümunə, fəaliyyət modelidir. Konkret desək, birinci xanım statusu Mehriban xanım üçün hər şeydən öncə öz xalqı, milləti və dövləti üçün çalışmaq fürsətidir. Eyni zamanda, bütün bəşəriyyət miqyasında humanitar sahədə geniş fəaliyyət göstərmək imkanıdır. Çünki məlumdur ki, müasir dünyada əhalinin müxtəlif təbəqələrinin sosial-iqtisadi, maliyyə, mədəni və s. problemləri çoxdur. Mehriban Əliyeva Azərbaycanın birinci xanımı və Birinci vitse-prezident kimi milli səviyyədəki işləri ilə dünya miqyasındakı işlərini uyğunlaşdırır və bu əsasda bütün dünyada böyük nüfuz qazanıb. Azərbaycanlı qadının bu uğuru, əlbəttə, həm nümunədir, həm də qürur hissi doğurur.

Azərbaycanın birinci xanımının “dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm” fikri olduqca nümunəvidir. Bu fikirlərdə Mehriban xanımın təkcə daxili zənginliyi və təvazökarlığı deyil, həm də Azərbaycan qadınlarını cəmiyyətdə fəal olmağa bir çağırış öz ifadəsini tapıb. Mehriban xanım humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və çoxşaxəli qadın fəaliyyətini təşviq edir. Müasir dövlətçilikdə və sosial-mədəni inkişafda həmin faktorun rolu danılmazdır. İndi qadınların fəallığı dünyanın ən inkişaf etmiş cəmiyyətləri üçün demokratiyanın təmini baxımından çox prinsipial amil hesab olunur.

Bütün bunlara görə, heç də təsadüfi deyil ki, bir çox xarici ölkələrin tanınmış siyasi liderləri və ictimai xadimləri vurğulayırlar: “Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”. Bu qiymətləndirmə çox maraqlıdır və istənilən cəmiyyətdə qadınların sosial statusunun məzmununda vacib məqamı önə çəkir. Məhz Azərbaycanda müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika qurulub və onun ilk qərarlarından biri qadınların seçki hüququnun tanınmasından ibarət olub. Ümumiyyətlə, Azərbaycan ziyalı elitası XIX əsrin sonu – XX əsrin əvvəllərində “qadın bir şəxsiyyət kimi azad olmayınca, xalqın problemləri həllolunmaz qalacaq!” tezisini irəli sürüb. Bu barədə Məhəmməd Əmin Rəsulzadə, Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı və başqaları yazıblar.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində isə cinsindən asılı olmayaraq hər bir vətəndaşın seçib-seçilmək hüququnun olduğu öz qanuni təsdiqini tapdı. Həmin dövrdə yazırdılar ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və siyasi hüquq kəsb edirdilər ki, bu hal bütün Şərqdə deyil, Avropada belə tamamilə tətbiq edilmiş deyildi. Azərbaycan milli xartiyası bu qərar ilə nə qədər ülvi, bəşəri və mədəni qayələrlə doymuş olduğunu isbat etməkdədir”.

Bu hadisədən 100 il sonra özünün demokratik ənənəsi və imkanları ilə fəxr edən Qərbin siyasi liderləri etiraf etdilər ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir!” Bəli, Mehriban xanım Əliyeva öz xarakteri, kimliyi və konkret fəaliyyəti ilə bütün dünyaya sübut edir ki, Azərbaycan qadını müasir cəmiyyətlərdə fəallığı ilə bir nümunə ola bilər, çünki bu xalqın özünün güclü demokratiklik və tolerantlıq ənənələri var.

Əlbəttə, bu fikirlər ­ Mehriban xanımın mədəniyyətlərin, dinlərin və sivilizasiyaların dialoqu, əməkdaşlığı, irqindən asılı olmayaraq hər bir xalqın övladlarının rifah içində yaşamaq hüququnun olduğu istiqamətlərdə fədakarlıqla çalışmasını göz önünə gətirir. Kökləri Azərbaycan mədəniyyətinin məzmununa, dövlətçilik tarixinə və qadınların cəmiyyətdəki statusuna gedən həmin fədakarlığın müasir tarixi mərhələdə çox uğurlu model formasını alması, təbii ki, Mehriban xanım Əliyevanın birbaşa xidmətləri ilə bağlıdır. Bu aspektdə Mehriban xanımın aşağıdakı fikirləri reallığı tam əks etdirir: “Əsas budur ki, rəhbər vəzifədə – Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə, ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam”.

Ulu öndərimiz Heydər Əliyevin başladığı və cənab Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü, ardıcıl siyasət nəticəsində Azərbaycan dövləti az bir vaxtda ermənilərin antiazərbaycan təbliğatının zəiflədilməsinə, bəzi məqamlarda isə ifşa edilməsinə nail olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə artıq 10 ildən çoxdur  ki, aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası nəticəsində çox ciddi uğurlar əldə olunub.

“Xocalıya ədalət” kampaniyası bu tədbirlərə daha çox insanın cəlb olunmasında və bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb.

Ölkənin birinci xanımı Milli Məclisdəki fəaliyyəti dövründə humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış amnistiya aktları 2007, 2009, 2013, 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında öz həyatını, fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir” deyən Mehriban Əliyeva cəmiyyətdə humanizm prinsiplərinin nə qədər önəmli olduğunu xüsusilə qeyd etmişdir. Ölkənin birinci xanımının simasında Azərbaycan qadını ilk dəfə olaraq humanist dəyərləri, mənəvi kamilliyi əsas meyar kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq sosial-mədəni inkişafımızın daim işlək qüvvəsinə çevrilir.

Mehriban xanım həm qadın, həm ana, həm də yeni tipli siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bundan sonrakı fəaliyyətində də xalqı, dövləti və milləti üçün səylərini əsirgəməyəcək, Azərbaycan cəmiyyətində mənəvi keyfiyyətlərlə müstəqil dövlətçiliyin inkişafına öz qiymətli töhfələrini verəcəkdir.

Fatma YILDIRIM
Milli Məclisin deputatı