Fərhad Əhmədov 300 min manat pul xərclədiyini dedi-İH-i isə festivalı özümüz keçirmişik

 

 

Xəbər verdiyimiz kimi hər il olduğu kimi, bu il də 3-4 oktyabr tarixlərində Göyçayda XIII Nar festivalı keçirilib.
XALQ.AZ məlumat verir ki,builki Nar festivalında iştirak edənlər arasında da dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları da var. Nar bayramına xaricdən gələn turistlər də böyük maraq göstəririr.
Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində, həmçinin rəsmi qəzet və saytlarda Festivalın Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirildiyi haqqında məlumatlar yer alır ( http://mct.gov.az/az/umumi-xeberler/goycayda-xiii-nar-festivali-kecirilir)  ( http://goychay-ih.gov.az/news/371.html).
Lakin Rusiyada yaşayan azərbaycanlı milyarder və  Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov müxtəlif media səhifələrində Göyçayda keçirilən Nar festivalını onun sponsorluğu ilə keçirildiyini bildirir.
Əgər Festivalın sponsoru Fərhad Əhmədovun rəhbəri olduğu “AzNar”” QSC-dirsə, onda Mədəniyyət Nazirliyi və Göyçay İH-nin bu festivalda rolu nədən ibarət olub?
XALQ.AZ-ın əməkdaşı adıkeçən tərəflərlə əlaqə saxlayıb.
“Aznar” QSC-nin rəsmisi açıqlamasında bildirib ki,  Göyçayda keçirilən Nar festivalının sponsoru “Aznar” QSC olub: “Bizdən başqa heç bir sponsor olmayıb. Bütün xərcləri “Aznar” QSC-nin sahibi Fərhad Əhmədov ödəyib və bu günki hesabata görə 300 min manat pul xərclənib”.
Amma Göyçay İcra Hakimiyyətinin sektor müdiri-baş muhasib Kamran  Kərimov açıqlamasında bildirib  ki, Göyçayda keçirilən Nar festivalı İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub:  “”AzNar” sədəcə bir stend qoymuşdu, öz məhsulların satırdı, heç bir sponsorluq etməyib. Müəyyən işlərdə köməklik etdi, məsələn, moda festivalı keçirdi, bundan başqa heç bir şey etməyib.  Festival keçirildi, kimə nə aidiyyatı var vəsaiti kim ödəyib? Festival gözəl keçdi, nəyi araşdırırsız, sizin nə haqqınız var ki, baş tutan festival haqqında araşdırma aparırsız? Kim maraqlanır ki, nə qədər vəsait xərclənib festivala? İctimayyətə lazım deyil kim keçirib festivalı, kim nə qədər vəsait xərcləyib.  Siz bunu araşdıra bilməzsiniz. Bu Sizin səlahiyyətinizdə deyil, ictimayyətin  gözünə nə soxursuz ki, kim nə qədər pul xərcləyib?
Göyçay İH-nin rəsmisi sonda bir daha vurğulayıb ki, Nar festivalını İcra Hakimiyyəti keçirib və heç kim maddi dəstək göstərməyib. Mədəniyyət Nazirliyindən isə suallara cavab verən olmayıb.
// XALQ.AZ

 

 

 

 


Comments are closed.