Fədayə Laçın son söz deyəcək

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XALQ.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə Anar Əsgərovun vəkili Gülşən Salmanova çıxış edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə düzgün ittiham verilmədiyini deyib. O, bildirib ki, Anar Əsgərov Etibar Məmmədovu tanımayıb və onunla hər hansı əlaqəsi olmayıb.

Sonra Ceyhun Səmədov və Fuad Hacıyevin vəkilləri də çıxış edib. Hər iki vəkil müvəkkillərinə həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmə kollegiyasından xahiş edibləlr.

Məhkəmədə müdafiə çıxışı mərhələsi başa çatıb.

Növbəti prosesdə Fədayə Laçın və digər şəxslər son söz deyəcəklər.

Növbəti proses dekabrın 3-də davam edəcək.

Qeyd edək ki, prokuror Ceyhun Səmədovun 10 il, Fuad Hacıyevə 8 il 6 ay, Tural Poladxanova 8 il 6 ay, Bəhruz Abdullayevə 10 il, Əli Ağamiyə 20 il, Məhəmməd Hacıyevə 8 il, Günay Atakişiyevaya 7 il, İsrafil Soltanova 8 il, Şahlar Bəyəlizadəyə 8 il, Anar Əsgərova 8 il, Təralan Zeynalova 8 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

Prokuror müğənni Fədayə Laçının isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Mühafizə altından qaçan Əli Ağami həbs olunub, Etibar Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.

Məlum olub ki, kriminal avtoritetlərin qaçmasında müğənni Fədayə Laçın, onun tanışı Günay Atakişiyeva da yaxından köməklik göstəriblər.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həmçinin Pentensiar xidmətin vəzifəli əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

 

Orxan