Fədayə Laçının məhkəmə tarixi müəyyənləşdi

Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə keçirilməli olan növbəti məhkəmə prosesi dəfələrlə təxirə salınaraq sentyabrın 16-na təyin olunub. 

XALQ.AZ xəbər verir ki, bu barədə Modern.az-a danışan vəkil Nurəngizə Qasımova bildirib ki, təxirəsalınma Pentensiar Xidmətdə gedən hansısa proseslərlə bağlıdır:


“Məhkumların heç biri məhkəmə iclasına gətirilmir. Ümumilikdə Fədayə Laçının səhhəti və saxlanma şəraiti normaldır. Yəni məhkəmənin təxirə düşməyi məhkumların səhhətilə bağlı deyil. Prosesin təxirə salınması Pentensiar Xidmətin daxili qaydaları ilə bağlıdır. Yəqin ki, sentyabrın 16-na təyin edilən proses baş tutacaq və hakim qərarı elan edəcək”.


Vəkil qeyd edib ki, əvvəlki proseslərdə bütün çıxışlar olub, prosessual qaydalar həyata keçirilib:

“Yalnız qərarın elan olunması qalıb. Hakim cəzanın qüvvədə saxlanılmasını tələb edib. Hər halda qərar sentyabrın 16-da elan olunacaq”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fədayə Laçın 5 il, Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdilər.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.