Fərid Şahbazlı: “İlham Əliyevin 15 illik fəaliyyəti hər bir Azərbaycan gəncini qürurlandırır”

“Sürətlə inkişaf edən, dünyanın önəmli ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir. Prezident İlham Əliyev regionda cərəyan edən çox həssas və gərgin siyasi proseslərin fonunda balanslı, yalnız Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət yürütməklə ölkəmizin dünyadakı nüfuzunu yüksəltdi, gələcək uğurlar üçün siyasi və iqtisadi platforma formalaşdırdı”.

 

XALQ.AZ xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin ötən 15 ildəki fəaliyyəti dövründə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub:

“Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycanın dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirib. Məhz bu siyasət nəticəsində Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrlə Avrasiyanın nəqliyyat qovşağına, logistik mərkəzinə çevrilib. Dövlətimizin başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır”.

Fərid Şahbazlının sözlərinə görə, bütün bunlar hər bir Azərbaycan gəncini qürurlandırır və qarşısına əlavə vəzifələr qoyur: “Prezident İlham Əliyev 15 illik hakimiyyəti dövründə Azərbaycan gəncliyinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu gün Azərbaycan gəncliyi cənab Prezidenti özünün ən böyük dəstəkçisi və himayədarı hesab edir. Prezident davamlı olaraq gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını, onların sosial rifah halının yüksəldilməsini təmin etmək üçün mühüm addımlar atır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və ölkə başçısı tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə bağlı və dünyada gedən rəqabət prosesinə tab gətirəcək səviyyədə intellektual bir qüvvə kimi görmək istəyi dayanır. Azərbaycan gəncliyi də daima üzərinə düşən bu missiyanı layiqincə yerinə yetirməyə və dövlətimizin etimadına layiq olmağa çalışır”.

 

 

Orxan