Fatma Yıldırım: “Azərbaycanda sosial layihələr uğurla davam etdirilir”

Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. “Qobu Park-3” yaşayış kompleksinin istifadəyə verilməsi də Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərə qayğısının daha bir nümunəsidir.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

“Bu gün Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir qrup məcburi köçkünlə görüşüblər. Bu gün koronavirus pandemiyasının qlobal iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu ciddi zərbələrə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial layihələr uğurla davam etdirilir. Cənab Prezident dəfələrlə qeyd edib ki, pandemiyanın çətinliklərinə baxmayaraq, ölkəmizdə heç bir sosial layihə təxirə salınmayacaq”-deyən millət vəkilinin sözlərinə görə, qaçqın və məcburi köçkünlər üçün yeni müasir tipli yaşayış kompleksinin istifadəyə verilməsi də bu siyasətin əyani göstəricisidir.