“Hər kəs bundan nəsibini görsün”- Deputat toydan danışdı

Qapımızı “əcəl zəngi” kimi döyən, “çağrılmamış, vaxtsız və üzlü qonağa” bənzəyən koronavirus pandemiyasının önlənməsi, qarşısının alınması istiqamətində son 6 ayda, fevralın sonları, martın əvvəllərindən ta günümüzə kimi, çox böyük addımlar atılıb.

Xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyevin vaxtında və zamanında bu bəlaya ciddi reaksiya göstərərək, təcili, təxirəsalınmaz təbirlərə start verməsi ilə ölkəmizdə “gizli düşmən”lə mübarizədə, savaşda böyük yol, məsafə qət edilib, məmnunluq hissi ilə deyərdim ki, bu məsələdə də Azərbaycan nümunəsi ortaya qoyulub.

Digər, xüsusilə, aparıcı, gəlişmiş, səhiyyəsi bizdən çox-çox yüksək və qat-qat güclü olan ölkələrlə müqayisədə, Azərbaycanda istər yoluxma, istərsə də ölüm sayında xeyli az göstəricilər özünü göstərib, az itkilər yaşanıb.

Təbii, istərdik ki, mövcud statistikda əksini tapan rəqəmlər, üzücü göstəricilər də olmayaydı, amma bunlar bizim imkanlarımız və arzularımız xaricində olan məqamlardır.

Ancaq sevindirici məqam odur ki, artıq yoluxma və ölüm sayında (bəzi istisnaları nəzərə almasaq) daha müsbət dinamika yaşanır, həm yoluxma hallarının, həm də ölüm hallarının sayı, göstəricisi aşağı düşür.

Dediyim kimi, bunlar da görülən işlərin, çəkilən zəhmətlərin, edilən çağırışların, qoyulan qadağaların hesabınadır.

Əgər vaxtında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sərt və xüsusi karantin rejimi tətbiq edilməsəydi, qadağalar, məhdudiyyətlər ortaya qoyulmasaydı, üstəgəl görülən saysız-hesabsız işlər, addımlar olmasaydı, bu gün tamamilə və arzulamadığımız, qətiyyən, görmək istəmədiyimiz bir mənzərə, acı tablo üz-üzə, qarşı-qarşıya idik.

Çox şükürlər ki, bunlar olmadı, yaşanmadı, ağır, dəhşətli fəsadlardan, itkilərlərdən yan qaça, yayına bildik.

İndi bu qədər görülən işlərin, bu qədər çəkilən zəhmətlərin, bu qədər əldə edilən uğurların fonunda kimlərinsə qoyulan qadağalara, tətbiq edilən karantin qaydaları və şərtlərinə əməl etməməsi, bundan müxtəlif yollarla yayınması hamımızı dərindən üzür və narahat edir.

Çünki bunlar yoiverilməz və qəbuledilməzdir.

Əgər qaydalar qəbul olunubsa, qadağalar müəyyənləşdirilibsə, kimliyindən, tutduğu mövqeyindən, sosial durumundan asılı olmayaraq, hər birimiz onlara istisnasız, birmənalı əməl etməliyik.

Bu, bizim vətəndaşlıq borcumuz və vəzifəmizdir.

Hamımız qaydalara, qadağalara, qanunlara əməl etməyə borcluyuq.

Hamımız onların qarşısında bərabər, eyni hüquqlara malikik və hamımız da onlara eyniliklə riayət, əməl etməliyik.

Qaydalar, şərtlər hamı üçün eynidir. Heç kim o birindən üstün deyil. Bir insanın cəmiyyətə sayqısızlığı elə birinci növbədə özünə sayqısızlığıdır. Çünki hamımız cəmiyyətin fərdləriyik.

Fevraldan bəri qapısında toy çaldırmaq istəyənlər, nişanlı qızlar, oğlanlar səbrlə gözləyirlər. Ya da eləcə valideynlərinin iştirakı ilə sadə bir törənlə nikaha daxil olurlar.

“Vəssalam! Bu qədər! Vəziyyəti anlayışla qarşılayırlar. Söhbət bir ailənin, bir şəhərin, bir ölkənin və bütünlükdə dünyanın sağlamlığından, sabitliyindən gedirsə, elan olunmamış Virus Müharibəsiylə üz-üzəyiksə, deməli burada şəxsi maraq və şəxsi qərar ola bilməz! Olmaz! Qanunlara qarşı gəlmək olmaz! Dövlətin, Prezidentin pandemiyanı ölkəmizdən uzaq tutmaq üçün, ziyanların az olması üçün aylardan bəri göstərdiyi səyləri heçə endirmək olmaz! Hər hansı mənəm-mənəmlik böyük yanlışlıqdır! Vətəndaşımız görülən bütün işlərin, çəkilən bütün zəhmətlərin fərqindədir. Və hər zaman olduğu kimi, yenə də Prezidentinin yanındadır!”

Allah hər birimizə, hər bir ailəyə övlad toyu, gözəl günlər qismət etsin.

Hər kəs bundan nəsibini görsün.

Əgər qərar verilibsə ki, pandemiya dövründə toy şənlikləri, məclisləri olmaz, deməli, olmaz, deməli, qadağandır, deməli, hamı buna əməl etməlidir.

Burada ikinci bir fikir, mövqe, yanaşma əsla və əsla ola bilməz.

Biz hər zaman dediyimiz kimi, yalnız qaydalara, qanunlara əməl etməyimizlə, həmrəyliyimizlə, məsuliyyətimizlə birlikdə bu bəladan qurtula və xilas ola bilərik.

İnanıram ki, belə də olacaq, birlikdə xilas və birlikdə güclü olacağıq.

Jalə ƏLİYEVA,

Millət vəkili, professor