“Fitch” Azərbaycanın reytinqini yüksəldib

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı məlumat yayıb.

XALQ.AZ -ın xəbərinə görə, məlumatda qeyd olunur ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin restrukturizasiyası artıq tamamlanıb.

Məlumatda vurğulanır ki, növbəti addım açıq xarici valyuta mövqeyinin qapanması və bankın özəlləşdirilməsi olacaq:

“Bankın kapital mövqeyi və aktivlərinin keyfiyyəti bərpa olunub. Bank sektorunun digər oyunçuları ilə bağlı vəziyyət isə həssas olaraq qalır. 2018-ci ildən etibarən kreditləşmənin bərpa olunacağını proqnozlaşdırırıq”.

“Fitch” dünya bazarında sabit neft qiymətləri ehtimalları fonunda Azərbaycanda yaxın iki il ərzində milli valyuta olan manatın məzənnəsinin kəskin dəyişməyəcəyini proqnozlaşdırır. Belə ki, manatın ortaçəkili məzənnəsi 1.7001 səviyyəsində qala bilər.

Beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici və yerli valyutada reytinqi üzrə proqnozunu “neqativ”dən “stabil”ə yüksəldib.

Reytinq isə “BB+” səviyyəsində təsdiq edilib.