Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır

Formula 1 Azərbaycan Qran-Prisi bu bazar keçiriləcək və Bakıda bu hadisə ilə bağlı son hazırlıqlar gedir. Maraqlı şəhər trasında yürüşlər artıq dördüncü dəfədir ki, keçirilir. 2016-cı ildə Bakıda keçirilən ilk yürüş Avropa Qran-Prisi adlandırılmışdı.

XALQ.AZ xəbər verir ki,  paddokdakı bütün işlər demək olar başa çatıb, şəhərin mərkəzindəki küçələr nəqliyyatın hərəkəti üçün bağlanılıb və tras boyunca bütün çəpərlər quraşdırılıb.

Bu günlərdə işlərin gedişatı barədə bilavasitə trasda yerləşən Bakı “Hilton”unun əməliyyat direktoru Lars Sammelius öz təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, trasın maksimal dərəcədə keyfiyyətli vəziyyətdə olması üçün təşkilatçılar bütün səylərini əsirgəmirlər: “Bir çox küçələr bağlanılıb, trasın bəzi hissələrinin örtüyü yenilənib. Tribunaların əksəriyyəti artıq quraşdırılıb.

Bizim üçün Qran-Prinin keçiriləcəyi həftə ən mühüm və ən maraqlı olur. Otelimizin birinci mərtəbəsində yerləşdirilən mətbuat mərkəzi artıq hazırdır. Bundan başqa, tanınmış fotoqraf Peter van Eqmondun əl işlərindən ibarət sərgi təşkil etmişik. Foyedə isə iki yürüş simulyatoru quraşdırılıb. İşlərimiz həddindən artıq çoxdur. Cümə axşamı otel artıq tam dolacaq və bizim bir dənə də olsun boş nömrəmiz qalmayacaq”

Yarış dövründə komandalar, pilotlar, Formula 1 və Beynəlxalq Avtomobil İdmanı Federasiyasının təmsilçiləri məhz bu oteldə qalırlar. Qran-Pri günlərində Bakı “Hilton”unun prezident apartamentlərinin qiyməti bir gecə üçün 3000 avro təşkil edir. Lakin Sammelius həmin nömrələrin məhz kim tərəfindən bronlaşdırıldığını açıqlamayıb.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.