Forum iştirakçıları Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barəsində geniş məlumatlar əldə ediblər

“Növbəti VI Bakı Beynəlxalq Humanitar Forum “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olundu. Forumun əsas mövzusu Azərbaycanda həyata keçirilən insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunub”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

O bildirib ki, 2010-cu ilin yanvar ayında Azərbaycan və Rusiya Prezidentlərinin təşəbbüsü ilə Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan –Rusiya Forumunda qəbul olunan qərara əsasən, Birinci Bakı Beynəlxalq Forumu təşkil olunub.

I Bakı Beynəlxalq Humanitar Forumu 2011-ci ildə keçirildiyini xatırladan deputat söyləyib ki, əgər ilk forumda iştirak edən nümayəndələr 20 ölkəni əhatə edirdisə, VI Forumda 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edib.

Onun sözlərinə görə, indiyədək keçirilən V Forumda bütün dünyanı düşündürən Qlobal əhəmiyyət daşıyan 37 müxtəlif mövzu ətrafında dəyirmi masalar təşkil olunub və müvafiq tövsiyələr qəbul edilərək, dünya ictimaiyyətinə çatdırılıb: “Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spekterli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimləri, Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrinin bir araya toplayan mötəbər tədbirdir. VI Bakı Beynəlxalq Humanitar Forumunda gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayaraq dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi vurğulanıb”.

Rauf Əliyev qeyd edib ki, Forumda, həmçinin insanların dövrümüzün ən mühüm çağırışlarını qarşılamaq bacarıqlarına dərin inamı, humanizm və bəşəri məsuliyyətin zəruriliyi məsələləri önə çəkilib: “Prezident İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki çıxışında qeyd etdi ki, “Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar və bu siyasət bu gün də davam edir”. Daha sonra dövlət başçısı qeyd edib ki, ənənəvi dinlərin-kotolik, pravoslav kilsələrin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradıb. Azərbaycanda multikulturalizim dövlət siyasətidir”.

Deputat vurğulayıb ki, iki gün davam edən tədbirdə iştirak edən qonaqlar Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barəsində geniş məlumatlar əldə ediblər: “Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyada təbliğ edilməsi nöqteyi- nəzərindən çox əhəmiyyətlidir. Forum çərçivəsində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənilib və bəşəriyyəti narahat edən bir çox aktual məsələlərin həlli yolları araşdırılıb. VI Bakı Beynəlxalq Humanitar Forumu bir daha göstərdi ki, dünya ictimaiyyətində bu Foruma maraq ildən-ilə artır və Bakı artıq dünyada mövcud olan qlobal miqyaslı, mühüm əhəmiyyət daşıyan, dünyanı narahat edən humanitar məsələlərin müzakirə olunduğu Mərkəzə çevrilib”.