Forum iştirakçıları Naxçıvanda

 

 

77

Bakıda keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.

Xalq.az  xəbər verir ki, tanışlıq məqsədi ilə reallaşdırılan səfərin birinci günü qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olmuşlar. Burada onlara Ulu Öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilmişdir. Sonra muxtar respublikanın qonaqları Naxçıvan şəhərindəki Xalça Muzeyində, əl işlərinin sərgi-satış mağazasında, Heydər Əliyev Sarayında, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyini ziyarət etmişlər. Forum iştirakçıları ilk dəfə Şərqdə qadının şərəfinə ucaldılmış abidə olan Möminə xatın türbəsinə maraqla baxmışlar. Açıq Səma Altında Muzey, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Duzdağ Fizioterapiya Mərkəzi də qonaqların ən çox maraq göstərdiyi məkanlardan olmuşdur.

Səfərin ikinci günü qonaqlar Ordubad şəhərinə səfər edərək, bu bölgənin qədim abidələrindən birində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinə gəlmiş, buradakı eksponatlarla tanış olmuşlar. Qonaqlara Ordubadın tarixi, adət-ənənələri, dünəni və bu günü haqqında ətraflı məlumat verilmişdir. Qonaqlar üçün Dübəndi çayı üzərində yerləşən kafedə çay süfrəsi təşkil olunmuşdur.

Sonra qonaqlar Əshabi-Kəhfi ziyarət etmişlər. AMEA Naxçıvan Bölməsinin əməkdaşı Hacı Qadir Qədirzadə ziyarətgah haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bakıya qayıtmazdan öncə isə qonaqlara Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında konsert proqramı təqdim edilmişdir. Sonra qonaqlar Naxçıvan Dövlət Universitetinin kampusunu gəzmişlər.