Fransızlar “Qaytağı” dinlədi

Qaytagi

Azərbaycan mədəniyyətini, zəngin mədəni irsini fransızlara yaxından tanıtdırmaq üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonundakı Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən mədəni tədbirlərin altıncı günü “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Qaytağı” instrumental ansamblı fransız tamaşaçılar qarşısında çıxış edib.

Respublikanın Əməkdar Artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi ansamblın ifasında müxtəlif musiqi nömrələri ifa olunub. Ansamblın müşayiəti ilə Əməkdar Artist Abbas Bağırovun ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşaçı xanım Süzan Kabare ansamblın ifasından aldığı təəssüratları bölüşüb: Azərbaycan musiqisini dəfələrlə dinləmişəm. Musiqinizin həzinliyi, ürəyə yatımlığı adamı sehrli bir aləmə aparır. Sözləri başa düşməsəm də musiqinin mənalı olduğunu dərk edirəm. Musiqinin özü qəlbləri oxşayırsa, ifa edilən mahnıların sözləri bir o qədər də əhəmiyyət kəsb etmir. Müxtəlif vaxtlarda Azərbaycanla bağlı iştirak etdiyim tədbirlərdə dinlədiyim caz konsertləri, simfonik orkestrin, rəqs qruplarının çıxışları məndə belə qənaət yaradıb ki, Azərbaycan incəsənət adamları ilə zəngin bir ölkədir. Məmnuniyyətlə belə bir ölkəyə səfər edərdim.