Fuad Hüseynov BMT-də çağırış etdi

2019-cu il iyunun 28-də BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov  yüksək vəzifəli şəxs qismində çıxış edib.

XALQ.AZ xəbər verir ki, sədr müavini Azərbaycanın əhalinin sayına nisbətdə ən çox məcburi köçkün və qaçqın əhalisi olan ölkələr sırasında olduğunu diqqətə çatdırıb.

Öz yurd-yuvalarından didərgin düşmüş şəxslər mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyində duran ən vacib məsələlərdən biri olduğunu və bu məsələnin köklü səbəblərinin aradan qaldırılması istiqamətində bütün səviyyələrdə konkret tədbirlər  və böyük diqqət tələb etdiyini vurğulayıb.

 

Hazırda dünyada məcburi şəkildə köçürülmüş şəxslərin sayının 71 milyona çatdığına diqqəti çəkən F.Hüseynov insanların acısına səbəb olan bir çox münaqişələrə hələ də həll yolu tapılmadığını təəssüf hissi ilə qeyd edib.

 

Azərbaycanın bu mövzuya həssaslığının anlaşılan olduğunu vurğulayan sədr müavini, ölkəmizdə məcburi köçkün probleminin Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonun işğalından qaynaqlandığını bildirib. Bu xüsusda, sədr müavini Ermənistanın həyata keçirdiyi hərbi təcavüz, işğal və etnik təmizləmə siyasəti nəticəsində 250 min Azərbaycanlının Ermənistandakı ata-baba yurdlarından qovulduğu və 700 min insanın Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb.

 

Ölkə başçısının rəhbərliyi altında Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlər, o cümlədən onların yaşayış şəraitinin təkmilləşdirilməsi sahəsində aparılan fəaliyyət, eləcə də bu sahədə icra olunan Dövlət Proqramları barədə məlumat verən F. Hüseynov, xüsusi vurğulayıb ki, 300 min məcburi köçkün soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb, görülən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddinin 75 faizdən 12 faizədək azalıb. Ümumilikdə, ötən müddət ərzində bu sahəyə 7,4 milyard ABŞ dollar məbləğində vəsaitin ayrıldığını qeyd edib.

O, bu tədbirlərin məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnun bərpasına imkan yaradacaq Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin siyasi həllinin tapılmasına qədər müvəqqəti tədbirlər kimi xarakterizə oluna biləcəyini qeyd edib. Sədr müavini BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xususi məruzəçilərinin hesabatlarına istinad edərək, Azərbaycanda məcburi köçkünlərin problemlərinin yeganə davamlı həllinin yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və beləliklə məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququnun təmin edilməsindən sonra tapılmasının mümkün olacağını vurğulayıb.

 

F.Hüseynov Azərbaycanlı məcburi köçkünlər adından onları gündəlik narahat edən məsələlərə Şuranın diqqətini çəkərək, nə zaman öz yurdlarına qayıdacaqları, nə vaxtadək məcburi köçkün olaraq qalacaqları və hansı səbəbdən beynəlxalq ictimaiyyətin Azərbaycanlı məcburi köçkünlərin pozulmuş insan hüquqlarının bərpası məsələsinə laqeyd qaldığını sorğu edib.

Sonda o, məcburi köçkünlər üçün ədalətin bərpa olunmasının istənilən uzunmüddətli sülhün və təhlükəsiziliyin təməli olduğunu bəyan edib.

 

Orxan