Fuad Muradov görüş keçirdi

Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin elm və təhsil naziri Mixeil Çxenkeli ilə görüşüb.

 

XALQ.AZ  xəbər verir ki, görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq, gənclər siyasəti, kadr hazırlığı və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

F.Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanla əlaqələrin bütün istiqamətlərdə, eləcə də elm və təhsil sahəsində inkişafına mühüm əhəmiyyət verir:

“Ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan yaradır. Bu gün Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Onlar bu ölkənin bərabərhüquqlu vətəndaşlarıdırlar. Onlar bu dövlətin güclənməsində mühüm rol oynayırlar. Lakin bəzi sahələrdə müəyyən problemlər hələ də qalmaqdadır”.

M.Çxenkeli isə, öz növbəsində, deyib ki, Gürcüstan hökuməti bütün milli azlıqların, eləcə də azərbaycanlıların normal təhsil almaları üçün hər cür şərait yaradıb: “Yeni tətbiq olunan 4+1 təhsil proqramı milli azlıqların inteqrasiyası ilə yanaşı, dövlət dilini öyrənmələrinə imkan yaradır. Azərbaycan dilində olan məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi üçün də tədbirlər görülür”.

Görüşdə hər iki ölkənin dövlət və özəl universitetlərində Azərbaycan və gürcü dillərini mükəmməl bilən kadrların hazırlanması, tələbə mübadiləsi, professor, müəllim və tələbələrin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

 

 

Orxan