Füzuli gəncləri Heydər Əliyev irsini öyrənirlər

Gənc nəslin yüksək bilik, bacarıq və vərdişlərə malik vətənpərvər gənclər kimi böyüməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, zəngin irsinin və azərbaycançılıq ideologiyasının tədqiqinə yönəlmiş tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Odur ki, cəbhə bölgəsi Füzuli rayonunda Heydər Əliyev irsinin təbliğinə dair müxtəlif tədbirlər keçirilir.

XALQ.AZ xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin təşkilatçılığı ilə Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində “Siyasi sabitlik və milli dövlətçiliyin möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib. Əvvəlcə məktəblilər Ulu Öndərin həyat və fəaliyyətinə dair fotoguşələr və dövlətçilik tariximizi əks etdirən elektron xəritə ilə tanış olublar.

Heydər Əliyev Mərkəzinin akt zalında Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək görüşün mahiyyəti və Ulu Öndər irsinin hər bir Azərbaycan vətəndaşının həyatında, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın və iqtisadiyyatın inkişafında əhəmiyyətini vurğulayıb. Bildirib ki, savadlı mütəxəssislərin hazırlanması orta məktəblərdən başlayır. Son illər həm dövlət vəsaiti hesabına, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə yüzlərlə məktəb tikilib və əsaslı təmir olunub. Respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da təhsil infrastrukturu yenilənir.

Tədbirdə Horadiz şəhər 2 və 3 nömrəli tam orta məktəblərin tarix müəllimləri Hikmət Xudiyev və Alim Nəcəfovun mövzu ilə bağlı məruzələri dinlənilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, ulu öndər Heydər Əliyevin həyat yoluna həsr edilmiş videomaterial nümayiş olunub.