Füzuli İcra Hakimiyyətində qalmaqal

Fizuli

Alı Alıyevlə görüşə gələn şikayətçilərlə məmurlar arasında narazılıq yaşanıb 

Füzuli rayonunda üzləşdikləri problemlərdən dolayı İcra Hakimiyyətinə üz tutmuş şikayətçilərlə icra başçısı Alı Alıyev arasında qalmaqal yaşanıb.

XALQ.AZ xəbər verir ki, JAM.AZ-a rayondan verilən məlumata görə, qalmaqala səbəb icra başçısının qəbuluna düşmək istəyən şikayətçilərə Alıyevlə görüşməyə imkanın verilməməsi olub.

Məlumatda deyilir ki, şikayətçilər israrla başıçı ilə görüşmək istədiklərini bildirsələr də, İcra Hakimiyyətinin nümayəndələri buna imkan verməyiblər. Lakin israrlar artdıqdan sonra Alıyevin köməkçisi aşağı düşərək, icra başçısının onlarl görüşmək niyyətində olmadığını bildirib. Bundan sonra narazılıq daha da artıb və İcra Hakimiyyəti binası önündə qarışıqlıq yarınıb.

Verilən məlumatda deyilir ki, Alı Alıyevlə görüşmədən dağılışmayacaqlarını bildirən şikayətçiləri oradan uzaqlaşdırmaq üçün polis çağırılıb. Şikayətçilərlə danışıq aparan polisin tələbindən sonra onlar İcra Hakimiyyəti binasının qarşısını tərk ediblər. Amma rayon sakinləri yaxın günlərdə yenidən icra başçısı ilə görüşmək üçün geri dönəcəklərini bildiriblər. Onu da bəyan ediblər ki, bu dəfə onlar tələbləri yerinə yetirilməyənədək binanın qarşısını tərk etməyəcəklər.

Xatırladaq ki, Füzulinin icra başçısı Alı Alıyevin rayonda yaratdığı dözülməz vəziyyətdən əziyyət çəkənlərin mütəmadi olaraq etirazlara qalxdığı müşahidə olunur. Hətta indiyə qədər İcra Hakimiyyətinin binası önündə 3-dən artıq rayon sakininin özünü etiraz əlaməti olaraq yandırdığına dair məlumat var. Lakin bu hadisələrin bir neçəsi məhz Alıyevin göstərişi əsasında gizlədilib. Məsələ ilə bağlı araşdırmamız davam edir.