Füzulidə min ədəd avtomat patronu tapılıb

XALQ.AZ xəbər verir ki, aprelin 13-də saat 00:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 00:13-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Bala Bəhmənli kəndində patronun tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumatın gecə saatlarında daxil olduğunu nəzərə alaraq, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu səhər saatlarında həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri ərazidə bir evə və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ-əməliyyat axtarış tədbirləri nəticəsində min ədəd 5,45 millimetrlik avtomat patronu aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün qurumun mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın tapıldığı yerin ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Yanvarın 1–dən aprelin 13-dək ANAMA tərəfindən 3443 partlamamış hərbi sursat, tank əleyhinə üç mina və 73 kiloqram partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 59 min 715 kvadratmetr ərazi yoxlanılıb.

Elgün