Füzulili biznesmen Alı Alıyevin «tələ»sinə necə düşdü?

74

İcra başçısı imkanlı sahibkarları aldadaraq rayona gətirir, sonra da onların pullarını əllərindən aldırır

 

Cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün xaricdə yaşayan imkanlı azərbaycanlılar öz vətənlərinə investisiya qoyurlar. Bu kimi hallara bütün bölgələrdə rast gəlinir. Misal kimi bölgələrdə inşa edilən istehsal sahələri, sexlər, fabriklər, zavodların tikilməsi, habelə yolların asfaltlaşdırılması və infrastrukturun qurulmasına belə imkanlı adamların rolunu göstərmək olar. Dövlət başçısının himayəsi altında bu addımları atan yerli sahibkarlar da həvəslənərək, yatırdıqları sərmayələrin miqdarını artırmağa çalışırlar.

Lakin Füzuli rayonunda durum tamam fərqlidir. Xalq.az-a verilən məlumata görə, rayonun icra başçısı Alı Alıyev Rusiyada yaşayan imkanlı füzulilələrə sözün həqiqi mənasında «tələ» qurur. Belə ki, onların kimliyini müəyyənləşdirdikdən sonra özünün yaxın adamlarından birini görüşə göndərən icra başçısı, həmin şəxsləri həvəsləndirərək rayona dəvət edir. İlkin mərhələdə aparılan danışıqlarda sahibkara bütün təminatlar verilir. Hətta ona vəd edilir ki,əgər böyük işlər görmək istəyərsə, yerli banklardan kredit alınmasına belə yardımçı olacaqlar.

Bu şirin vədlərə inanan həmin sahibkarlar da öz doğma yurdlarına illərdən bəri qazandıqları pullarını yatırmaq üçün geri dönürlər. Onları rayonda ən yüksək səviyyədə qarşılayan icra başçısı «emissar» vasitəsi ilə verilən vədləri bir daha təkrarlayır. Və bu vədlərə sadiqlik həmin istehsal sahəsinin tikilib başa çatmasına qədər davam edir. Elə ki, həmin istehsal sahəsi işə düşdü, icra başçısının üzünün sərt tərəfi görünməyə başlayır. Və qısa müddətdən sonra vergi, əmək müfəttişləri, habelə digər dövlət qurumlarının işçiləri sahibkarın obyektinə ayaq açmağa başlayırlar. Gələn də heç də kiçik olmayan məbləğdə pul tələb edir. Bu vəziyyəti görən sahibkar da ona şirin vədlər vermiş icra başçısı Alı Alıyevin qəbuluna üz tutur ki, mərəkə də bundan sonra başlayır. Məlum olur ki, həmin vədlərin hamısı «jurnal» imiş. «Kino» isə qabaqdaymış. Və nəticədə, sahibkara tövsiyyə olunur ki, yatırdığı pulları tələb etmədən ölkəni tərk etsin. Əks təqdirdə, onu zindan həyatı belə gözləyə bilər.

Qeyd edək ki, indiyə qədər Füzuli rayonunda belə halların sayı heç də az olmayıb. Hələ bir müddət əvvəl Rusiyada yaşayan sahibkarlardan bir neçəsi başlarına gələnlərlə bağlı Bakıya rəsmi qaydada şikayət belə ünvanlamışdılar. Onların şikayətlərinə isə indiyə qədər baxan yoxdur.