““Gəncə təcavüzü” müharibənin “yazılmış” və “yazılmamış” qanunlarını pozdu”- Şahin Seyidzadə

sahin

“Biz sona qədər gedəcəyik… Hərbi, yaxud siyasi yolla…”
30 il – əzəli torpaqlarımızın düşmən işğalından azad olunması üçün gözlədiyimiz tarix. 30 il davam edən bu münaqişənin həlli üçün 2 yol var – siyasi və hərbi yol. Bunun gerçəkləşdirilməsi üçün isə əsas məsələ hansı yolun istifadə edilməsi deyil, əsas məsələ – problem tamamilə həll olunmalı, torpaqlarımız işğaldan azad edilməlidir. Qərar, hədəf və mövqe tam bəllidir. Cənab Prezidentin “Haber Global” televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi “Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir”. Artıq döyüş meydanı var və torpaqlar uğrunda böyük şücaətlə mübarizə davam edir. Cəbhə xəttində hal-hazırda humanitar atəşkəsin olmasına baxmayaraq, düşmənin təxribatları, artilleriya atış cəhdləri davam etməkdə və bunun qarşısı uğurla alınmaqdadır.

“Gəncə təcavüzü” müharibənin “yazılmış” və “yazılmamış” qanunlarını pozdu.
Müharibənin öz qanunları var! Əgər düşmən tərəfi şüurlu formada hərbi münaqişənin olduğu, yaxud hərbi əhəmiyyətli ərazilərdən kənarda olan yaşayış məntəqələrinə hücum edir və təxribat törədirsə, bu birmənalı olaraq bütün “yazılmış” və “yazılmamış” müharibə qanunlarının pozulmasıdır. Ermənilər tərəfindən məhz münaqişədən kənar mülki yaşayış məntəqələrində davamlı olaraq beynəlxalq hüququn pozulması, hərbi cinayətin törədilməsi, antihumanizm və terror hallarının gerçəkləşdirilməsinə şahid oluruq. Sentyabrın 11-dən 12-ə keçən gecə Ermənilər tərəfindən atılan və Gəncə şəhərini hədəf almış raket zərbəsi bunun növbəti sübütu olmaqla göstərir ki, müharibənin “yazılmış” və “yazılmamış” qanunlarını tamamilə pozuldu. Münaqişə ərazisindən uzaqda, dinc əhalinin yaşadığı əraziyə gecə yarı edilən bu hücum birmənalı olaraq antihumanist addımın və terrorun özüdür. Ermənilər tərəfindən tarix boyu törədilən terror aktı, antihumanist davranış və törətdiyi soyqırım hadisələri artıq hər kəsə məlumdur. Cənab Prezidentin müsahibədə dediyi kimi “…Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər”. Dinc əhalinin – azyaşlı, qadın və qocaların vəfat etdiyi, ciddi yaralandığı bu “təcavüz” addımı ermənilər üçün növbəti səhv və şüurlu atılmayan addım idi.

Müharibəin müxtəlif “cəbhə”ləri var
Sözsüz ki, hər bir müharibənin əsas cəbhəsi “hərbi cəbhədir”. 27 sentyabr tarixindən etibarən Dağlıq Qarabağ və ətraf 7 rayonda döyüşlər davam edir. Erməni silahlı qüvvələrinin təxribatı ilə başlayan döyüşlərin gedişatında hal-hazırda humanitar atəşkəs elan edilməsinə baxmayaraq, yenidən düşmən tərəfi atəşkəs rejimini pozmaq, cəbhə xəttini və ətrafda olan mülki yaşayış məntəqələrini atəşə tutur. Sözsüz ki, Azərbaycan tərəfi bu təxribat cəhdlərinin qarşısını almaqdadır. Ordumuz həm döyüş vəziyyətində, həm də atəşkəs vəziyyətində düşmənlə hərbi cəbhədə mübarizədə davam edərkən eyni zamanda siyasi danışıqlar və diplomatiya cəbhəsində də mübarizə davam etməkdədir. Hər bir müharibədə “diplomatik cəbhə”də addımların atılaraq, sözügedən cəbhədə güclü və adekvat mübarizənin aparılması vacibdir. Döyüşlər başlayandan etibarən hər iki ölkə tərəfindən danışıqlar, münaqişənin həlli ilə bağlı bir sıra telefon zəngləri və görüşlər olmuşdur. Daha sonra isə artıq danışıqlar və döyüşlərin gedişatı barədə tərəflərin diplomatik nümayəndələrinin iştirakı ilə Moskva görüşü baş tutdu. Bununla da cəbhədə gedən döyüşlərin I fazası Moskva görüşü ilə bitdi. Amma bu görüşün nəticələrinin icrası ilə bağlı düşmən tərəfi özünü doğrultmadı. Cənab Prezident İlham Əliyevin “Haber Global” televiziya kanalına verdiyi müsahibədə qeyd etdiyi kimi “Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulmuşdur”. Diplomatiya istiqamətində bugünədək həm ölkələrarası, həm də beynəlxalq təşkilatlarla əlaqələr davam etdirilməkdədir və bununla da “diplomatik cəbhə”dən “beynəlxalq cəbhə”yə yol açılmışdır. “Beynəlxalq cəbhə”də təəssüf ki, Qarabağ münaqişəsində beynəlxalq təşkilatlar və institutlar çox zaman qeyri-obyektiv mövqedə olaraq öz biganəliyini göstərmişdir. Ümumiyyətlə 30 ildir ki, Ermənistana bu istiqamətdə heç bir təsir göstərilməməklə yanaşı Qarabağ həqiqətləri və erməni terroruna qarşı biganəlik sərgilənir. Prezident İlham Əliyevin də müsahibəsində qeyd etdiyi kimi “…uzun illər ərzində biz gördük ki, həqiqəti eşitmək istəmirlər, yaxud da ki, həqiqəti pərdələmək istəyirlər, məlumatları, gerçək faktları təhrif edirlər”. Ümumilikdə isə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, qəbul edilən və işğalçı düşmən tərəfindən heç vaxt icra edilməmiş 4 qətnamə bunun ən böyük sübutudur. Azərbaycan beynəlxalq arenada daima adekvat və obyekt mövqeyi ilə seçilmişdir. Məhz bu mövqedən irəli gələrək beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü haqda düşüncə də müsbət istiqamətdədir. Sözsüz ki, “beynəlxalq cəbhə”də daima ön planda olmaq, məsələlər və faktların təhrif edilmədən böyük təşkilatlar, qurumlar, vətəndaş cəmiyyəti institutlarına çatdırılması üçün “informasiya cəbhəsi”ndə güclü olmağa zərurət yaradır. XXI əsrin ən böyük cəbhələrindən biri (bu həm müharibədə, həm də dinc şəraitdə keçərlidir) əlbəttə ki, “informasiya cəbhəsi”dir. Məlumatların dəqiq, qərərsiz, rəsmi və mötəbər mənbələrdən dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın “qara” propaqanda, yalan məlumatların yayılması istiqamətində olan fəaliyyətinə qarşı bu cəbhədə fəallıq olduqca önəmlidir. “İnformasiya cəbhə”sində artıq Ermənistan vətəndaşları yaxud Dağlıq Qarabağda məskunlaşan, döyüşən hərbiçilərlə yox, qlobal səviyyədə diaspor və onların qara kampaniyaları ilə mübarizə aparırıq. Əlbəttə ki, bu “cəbhə”də daima öndə olmağımız üçün gənclərin təşəbbüsü və ictimai-siyasi xadimlərin, ziyalıların dəstəyi ilə kifayət qədər genişmiqyaslı işlər aparılmış və sona qədər davam etdirilməkdədir. Bu “cəbhə”də olan fəaliyyət də özlüyündə dövlətçiliyə olan böyük xidmətlərdən biridir! Hər kəs səfərbər olunub! Hər kəs vətəndaş olaraq, öz səlahiyyət və imkanları çərcivəsində bu gün öz töhfəsini verir! Cənab Prezident İlham Əliyevin dediyi kimi, “…Azərbaycan haqq yolundadır”.

Milli Məclisin deputatı

Şahin Seyidzadə