Gənc ədiblər məktəbi və mənim hədəflərim… – Mirçingiz Ağazadə

Xatırlayıram, mövzunu müəyyənləşdirmə mərhələsini arxada qoyandan sonra, qarşıda ikinci və daha çətin, həm də müəmmalı mərhələ vardı: yazının təhkiyəsini mümkün qədər daha da sadələşdirmək.

Əgər yazı nitqə çevriləcəkdisə, onda oxunaqlı, mürəkkəb kəlmələrdən arınmış olmalıydı. Yox, əgər oxucu, həm də hazırlıqlı oxucu üçün nəzərdə tutulacaqdısa, mümkün qədər zəngin söz və ifadələrdən istifadə edib oxucu ilə mətn arasında gözəgörünməz bir bağ yaratmaqda, ən azından, Şiller qədər uğurlu olmağa çalışmalıydım.

Şillerin adını elə-belə çəkmədim. Əminliklə qeyd edə bilərəm, onun fikirlərinin oxucu beynində yaratdığı qarmaşa qəribə şəkildə arzu və qorxularımı hər dəfə təlatümə gətirir – eynilə ilk kəs onu oxuduğum zaman keçirdiyim hisslər kimi.

Bu günədək mənim hansı ədəbi fəaliyyətlə məşğul olmağım kimin üçünsə xüsusi maraq kəsb etmir. Əgər tanımadığım hansısa müəllifin yazdığı indi oxuduğunuz bu yazı kimi bir mətni mənə təqdim olunsaydı, qətiyyən əhvalımı dəyişmədən, “bu qələmli carçının” həyatı ilə maraqlanmadan, çatdırılan qayənin mənasını anlamağa çalışardım. Lakin bir az əvvəl dediyim kimi, imzam indiki halda kiminçünsə xüsusi maraq daşımasa da, ümidvaram, birliyimiz – 4-cü Gənc ədiblər məktəbi, onun gələcəyi haqda arzu və narahatlıqlarımı ifadə etməkdə uğursuzluğa düçar olmaram.

11 yaşım vardı, düşünürdüm ki, 13-cü ad günümdə əsgər getmək üçün könüllü müraciət etsəm, 2 yaş böyüməyim kifayət qədər yetərli səbəb hesab oluna bilər. Amma 15-16 yaşlarımda ilk hərbi yoxlanışlardan keçərkən mən həm də bu yoxlanışların özünü təhlil etməyə başlamışdım: insan nəyə qulluq etməlidir?

Yadıma gəlir, məhəlləmizin bir o qədər də uca və əzəmətli görünməyən, suvağı və rəngi getmiş binaları qarşısında “salınmış”, qapı torları belə olmayan stadionda bizim məhəllənin uşaqları qonşu məhəllənin uşaqları ilə futbol oynayarkən mən kitab oxuyurdum. Bu kitabları oxumağımın mənasını anlamaq üçün isə gərək daha çox öyrənəydim. Belə paradoksları heç vaxt sevməmişəm. Ancaq bir halda ki, oxuyurdum, heç olmasa, əldə etdiyim bilgilərlə ədəbiyyatın gələcəyinə hansısa təsirli dəyişikliklər etməyi bacarmalıydım, axı. Bu öhdəlik uşaqkən içimdə baş qaldıran vicdan və narahatlıq hissi kimi təzahür edirdisə də, böyüdükdən sonra həmin hisslər tamamilə dəyişərək fəxri borc duyğusuna çevrildi.

Bu gün müzakirələrində məmnuniyyətlə iştirak etdiyim Gənc ədiblər məktəbi 22 illik həyatımda ilk komandadır ki, özümü aid olduğum ünvanda hiss edirəm. İnsanın doğru ünvana gəldiyindən xəbərdar olması çox əhəmiyyətlidir. Barmaqları qapı arasında qalan şəxsin neyronlarının düzgün siqnal ötürməsi nə qədər önəmlidirsə, bizim cəmiyyətimizdə bu tipli Birliklərin fəaliyyəti də bir o qədər əhəmiyyətli və vacib sayılmalıdır. Bunun bir çox səbəbləri olsa da, mən sadəcə, bir neçəsini xatırlatmaqla kifayətlənəcəyəm.

Yəqin bilirsiniz, 21-ci əsr insanı eskalatorlardan enəndə də qaçhaçaqdadırsa, yazmaq iddasında olan bizlər gərək daha lakonik yazaq – ta mənim içidolu şəkildə ortaya çıxarmaq istədiyim bu yazı kimi yox.

Azərbaycanda əhalinin nə qədərlik qisminin kitab oxuması ilə bağlı müxtəlif sorğu və araşdırmalar nəticəsində vaxtaşırı ictimaiyyətə təqdim olunan göstəricilər bir çoxları kimi həmişə məni də üzüb. Doğrudur, real mənzərəyə görə üzülən həmin bir çoxlarının sayı, siz deyən, elə də çox deyil,  ancaq “elə də çox olmayan” o insanların varlığı, məsələn, elə onlarla üzbəüz əyləşmək imkanı mənə kifayət edir ki, “kitabçıların sayı hələ kritik həddəcən azalmayıb” fikrinə düşüm. Fantastik filmlərdə tez-tez rastlaşdığımız, xarabalıqların ortasında dayınıb vahimə içərinsində ətrafdakı cəsədlərə tamaşa edən, yer üzünün sağ qalmış sonuncu insanı kimi mən hərislikdən və cahillikdən bilgi səviyyəsi aşağı adamların say etibarı ilə cəmiyyətimizi ağuşuna almasını qətiyyən istəmirəm.

Sözün həqiqi anlamında, bu Birlik mənimçün ona görə dəyərlidir ki, konkret hədəflərim var və bu hədəflər xoşbəxtlikdən bu məkanın prinsipləri ilə uzlaşır.

Bəri başdan bilirəm, gec-tez, Birliyin növbəti seminarlarından, müzakirələrindən birində yarımçıq təxəyyülüm sayəsində yaratdığım əsərlər tənqid edilərkən arındığımı, daha təkmil əsərlər yazmağa təşviq olunduğumu hiss edəcəm. Duyğusuz yazılan əsər qəlpdir. Yazıçı olmaq kimi üçün qazanc və şöhrət əldə etməkdən ötrü vasitə, kimi üçün hobbi, kimi üçün də həyat tərzidir.

Lakin yazıçının öz istəklərindən əlavə, bu sənətin xüsusi tərzini də gözdən çıxarmaq olmaz. Bu gün müzakirələrdə aktiv şəkildə iştirak edən istedadlı şəxslərin arasıdan gələcəyin böyük söz sahiblərinin yetişə biləcəyini düşünüb, onların kaprizlərinə, hətta bəzən nadanlıqlarına da dözmək lazımdır. Bir halda ki, biz ədəbiyyatla bağlı arzu və iskələrimizin mərkəzi kimi bu Birlikdə toplaşırıq, onda qüsurlarımızdan qorxmaq əvəzinə, qüsursuzluq sevdasından çəkinməli, şəxsən mənə görə, iyrənməliyik. Yazıçılar Birliyi özündə müxtəlif komanda fəaliyyətləri barədə təsəvvürləri birləşdirsə də, bu adın özü məndə ciddi şirniklənmə duyğusu oyadır. Məhz Gənc ədiblər məktəbində olduğum üçün – özümü doğru-dürüst yazıçı hesab etmədiyim halda belə – mənim də adımın bu söz birləşməsiylə yanaşı çəkildiyinə görə, etiraf edim ki, mövcud yandaşlıqdan tamamilə məmnunam.

Birliyimiz “Gənc ədiblər məktəbi” adlansa da, mən burada apardığımız uğurlu müzakirələrimizi daha çox antik yunan debatlarına bənzədirəm. Amma onu da deməliyəm ki, aramıza uzun zaman öncə qatılmış şəxslərin təkcə dinləməyə gəlibmiş kimi susması müzakirələrin canlı ruhunda solğunluq yaradır. Mən onlardan incimirəm, amma fikrim budur ki, bu qədər önəmli müzakirələrdə iştirak etməmək həm toplantılarımızın, həm də bizi gələcəyə aparan yolumuzun qarşısında duran əsas problemlərdəndir. Məgər mən, sən, o – birlikdə aktual mövzuları qabartmasaq, ədəbi həll yolları təqdim etməsək, bizə bizdən başqa kim gün ağlaya bilər? Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi böyüklərdən zövq almaqla yeni istedadlar yetişdirmək eyni şey deyil. Əgər Fransa Hüqo ilə yetinsə idi, Sartr kimi dahi necə dəyər qazanardı? Hindistan öz ehkamçı şeiriyyat mətnləri ilə qane olardısa, Taqor adlı dahi dünyanı öz əsərləri ilə təsirləndirə bilərdimi? Dünyanın yeni dahilərə, təhlilçi və tənqidçilərə ehtiyacı olduğunu bilə-bilə, biz özümüzü hansı əsasla dünyadan tədric edib yeni-yeni zəka adamlarının yetişməsindən məhrum etməliyik?

Bəli, mən tənqid edirəm. Amma tənqidimin mərkəzində dayanmış obyekt mənim xalqım və aid olduğum cəmiyyət deyil. Əksinə, mən öz xalqımın insanlarının – istər dahisi olsun, istərsə də cahili – davranışlarından qürur duyuram. Və onu da düzgün hesab etmirəm ki, Sokrat ölümün qoynuna atılmalı idi, Qaliley təzyiqlərə məruz qalmalıydı, yaxud Mirzə Cəlil dərs deməyə gedərkən cahil uşaqlar tərəfindən daşa basılmalı idi. Qəbul etmirəm ki, dünya ədəbiyyatı nümunələrini tərif edərkən, öz milli düşünər kəslərimizi – İsa Muğannanı, Bəxtiyar Vahabzadəni, Anarı, daha qədimlərə baxdıqda – Nizami Gəncəvini, Əfzələddin Xaqanini, Məhəmməd Füzulini, iradəsi və fəlsəfi baxışları ilə uşaqlıqdan düşüncələrimdə iz buraxmış İmadəddin Nəsimini bir kənara qoymalıyıq. Hüqo heç vaxt fransız xalqını və onun ziyalılarını, Nitşe alman xalqını və onun yetirmələrini diqqətdən kənarda saxlamayıb. Bəli, razıyam, dünyaya inteqrasiya etmək təkamül üçün ehtiyacımız olan cəhətlərdəndir. Amma Qərbin öz milli kimliyini üstün tutan dahi filosofları da çoxdur və biz nə üçün onları sırf bu xüsusda örnək götürmürük?

Əfsus, elə dövrdə yaşayırıq ki, cəmiyyətə öz cızmaqaralarını təqdim edib oxucuların zövqünü korlamaqla məşğul olan nə qədər adamlara rast gəlirik  Biz gənc yazarlar cəmiyyətimizin üz-üzə qaldığı bu əskiklikləri necə aradan qaldıra bilərik? Oxucuda ciddi və qeyri-ciddi ədəbiyyat ayrımı yaratmaq üçün hansı üsullara baş vurmalıyıq? Biz düşünməsək, bəs bunları başqa kim düşünməlidir? Bu xüsusda Gənc ədiblər məktəbi mənim arzu etdiyim önəmli bir məkan və ədəbi toplumdur. Burada biz həqiqətən də birlik şəklində toplanıb istənilən ədəbi problemi aradan qaldırmaqda həmrəyləşə, müxtəlif əvəzedici ideyalar təqdim edə bilərik. Yəqin bilirəm ki, aramızda hələ yenicə dirçəlməyə başlayan şair və yazarlar var (həttta mənim qüsurlarla sarmaşıq fikirlərimi dinləyərkən özünü gülməkdən zorla saxlayan yazarların varlığına da şübhə etmirəm). Amma bir gənc ədib və tənqidçi kimi mən bu komandanın indiki halından on dəfələrlə daha güclü və yetişmiş şəklini müşahidə etməyi çox istərdim. İstəmək, təbii ki, asandır. Ümidvaram, biz bu asanlığın arxasında gizlənmiş mübarizə və cəhdlərlə dolu ədəbiyyat dünyasının ciddiyyətini unutmaz, ən təsirli əsərlərlə cəmiyyətimizin keyfiyyətli ədəbiyyat tələbatını ödəyərik. Mən, həqiqətən, buna inanıram…

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.