Gənc dövlətin gəncləri

“Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onun imkanlarından maksimum istifadə edəcəyik” deyən Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı uzaqgörən siyasəti bu gün layiqincə öz töhvəsini verir. Məhz bu ideya ölkə gəncləri qarşısında geniş imkanlar açdı və onlar dövlət hakimiyyəti orqanlarında məsul vəzifələrə irəli çəkildilər. 21-ci əsrdə isə İlham Əliyevin ölkədə aparılan kadr islahatları zamanı gənclərə göstərdiyi etimad diqqəti cəlb edir. Ölkə başçısı bununla bağlı “Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar” fikrini ifadə etmişdir. Bu gənclər Azərbaycanı ayaqda saxlaya biləcək ən sağlam sütunlar – GƏNC SÜTUNLARDIR! Dövlətin gənc sütunlarının bu günə qədər gəldikləri ictimai yol və həmin yola verdikləri töhvələr gənc olmalarına baxmayaraq onların tutduqları vəzifəyə ən layiqli namizəd olmalarının əsas sübutudur.

Hazırda İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı sosial-iqtisadi inkişaf strategiyası uğurla gerçəkləşdirilir. Gəncləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək, onları sağlam, nikbin, xoşbəxt görmək üçün ölkəmizdə sosial-iqtisadi vəziyyət ildən-ilə daha da yaxşılaşır.Bu gün Azərbaycan dövləti demokratik inkişaf yolu tutaraq gənclərin bu istiqamətdə, bu şəraitdə tərbiyə olunmasına, intellektual inkişafına çalışır.Odur ki, 12 avqust- Beynəlxalq Gənclər günü ərəfəsində ölkənin uğurlu gənc kadrlarının bir neçəsi ilə daha yaxından tanış olaq.

Yusuf Məmmədəliyev – Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi. 1997-ci ildə 18 yaşında Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb. 2005-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib vəzifələrində, 2009-2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib. 2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra Daimi Nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini almışdır. 2013-cü il 1 may – 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində olarkən ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib. 2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində iş fəaliyyətini davam etdirib.
Azərbaycan Respublikasının ən gənc deputatı olan Fuad Muradov İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 25 yaşında ikən deputatlığa namizəd olan Fuad Muradovun xalq tərəfindən bu vəzifəyə layiq bilinməsi heç də təsadüfi deyildir.1999-2001-ci illərdə “Ümidli Gələcək” Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti,2000-2004-cü illərdə Azərbaycan Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, 2003-cü ildə “Təşəbbüs” Xeyriyyə İctimai Birliyinin təsisçisi, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifələrində çalışıb.2004-cü ilin mayından Gənclərin Sosial İnkişafı və Səmərəli Məşğulluğun Təmin Edilməsi Koalisiyasının koordinatorudur. 2004-cü ilin martından Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir. 2005-ci ildə Azərbaycan Respublikası III,2010-cu ildə IV çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olub. Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavinidir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı naziri təyin olunan İnam Kərimov isə 2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olaraq fəaliyyətini davam etdirib. 2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib. 7 sentyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib. Kənd təsərrüfatı sahəsində uğurlu islahatlar aparmağa başlayan nazirin təşəbbüsləri artıq bu sahədə öz sözünü deməyə başlayıb
Vüsal Hüseynov- Harvard universitetinin məzunu olan Düvlət Miqrasiya xidmətinin rəisi.Əmək fəaliyyətinə 2005-ci ildə yeni yaradılmış Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyində məsləhətçi kimi başlayıb. Bu vəzifədə çalışarkən o, həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupunun katibi kimi fəaliyyət göstərib. 2011-2013-cü illər arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi, daha sonra isə baş məsləhətçisi oldu. 2013-cü ildə o, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasnın katibi təyin edilib. Bu illər ərzində o, Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində “Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə” layihəsində milli koordinator kimi çıxış edib. 2015-ci ildən o, əmək fəaliyyətini Milli Məclisin deputatı kimi davam etdirib.

2015-ci il 1 noyabr tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputat seçkilərində Vüsal Hüseynov 2015-2020-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 91 saylı Ucar Seçki Dairəsindən deputat seçildi. 20 aprel 2016-cı ildən-İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi yarandığı gündən etibarən Mərkəzin Müşahidə Şurasının üzvüdür,  Avropa Şurası Parlament Assembleyasına (AŞPA) Azərbaycan nümayəndə heyətinin sədr müavini və təşkilatın Avropa Xalq Partiyası (EPP) qrupunun üzvüdür. O, həmçinin, hüquq məsələləri və insan hüquqları komitəsinin tamhüquqlu üzvü, cinayətkarlıq və terrorizmə qarşı mübarizə və insan hüquqları altı komitələrinin üzvüdür. 2018-ci ildə o, hüquq məsələləri və insan hüquqları komitəsinin iki il müddətinə sədr müavini seçildi. 2017-ci ilin martın 7-də Hüquq məsələləri və insan hüquqları komitəsi Vüsal Hüseynovu “İşgəncə və ölüm cəzası üçün istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzəçi təyin etdi. 2018-ci ilin yanvarın 26-da AŞPA-ya məruzəsini təqdim etdi və məruzə yekdilliklə qəbul olundu. O, həmçinin, Hüquq məsələləri və insan hüquqları komitəsi tərəfindən “biznes və insan hüquqları” mövzusunda xüsusi məruzəçi təyin edilmişdir.

Gənclərlə ən sıx ünsiyyətdə olan, Azərbaycan tələbələrinin birliyinə nail olmuş Şahin İsmayilov 2015-ci ildən indiyədək Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı , Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür. 2009-cu ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis qurultayında İttifaqın sədri seçilmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv seçilmişdir. 2006-2011ci illərdə Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının nəzdində olan ADU İlk Ərazi Təşkilatının sədr müavini vəzifəsini icra etmişdir. Bu vəzifə ilə yanaşı YAP Gənclər Birliyinin icraedici heyəti sıralarında da çalışmış, 2006-2008-ci illərdə həmin qurumun beynəlxlaq təşkilatlarla iş üzrə koordinatoru vəzifəsini tutmuşdur. İctimai-siyasi fəallığı, təhsil göstəriciləri nəzərə alınaraq 2008-ci ildə ADU Tələbə Gənclər Təşkilatının sədrliyinə namizədliyi irəli sürülmüşdür. Həmin il Tələbə Gənclər Təşkilatının İdarəetmə Şurasına üzv və həmin Şuranın üzvlərinin yekdil qərarı ilə TGT İdarəetmə Şurasının və təşkilatın sədri seçilmişdir. 2009-cu ildə TGT-nin növbəti dəfə keçirilən Hesabat-Seçki Konfransında yenidən təşkilatın sədri seçilmiş və 2012-ci ilin sonunadək bu vəzifədə çalışmışdır. 20 noyabr 2009-cu il tarixində Bakı şəhərində 39 TGT-nin birgə iştirakı ilə keçirilən təsis qurultayında ATGTİ-nin sədri seçilmişdir. 2 iyun 2012-ci il tarixində  ikinci dəfə İttifaqın sədri seçilmişdir.

1 mart 2018-ci ildə  Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini olan Fərhad Hacıyev isə Əmək fəaliyyətinə 18 yaşı olarkən 1998-ci ildə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlamışdır. 1999-cu ildə ARGTMŞ-in Məclis Sədri, 2000-ci ildə isə Baş Katibi seçilmişdir. 2001-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyində Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. 2002-ci ilin noyabr ayında Gənclər və İdman nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri, 2006-2009-cu illərdə Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin sədri vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə, 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkilində iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. 2011-ci ildən 2018-ci ilə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsində işləyib.

Fəaliyyəti zamanı Azərbaycana, xüsusilə ölkə gəncliyinə faydalı olacaq işlər görən gənclərdən biri bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində yeni yaradılmış ictimai-siyasi işin təşkili sektoruna rəhbər təyin edilən Vüsal Quliyevdir. Qeyd edək ki o, 2000-2008-ci illərdə “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin, 2003-2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olmuş, 2008-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqşünası, daha sonra aparıcı məsləhətçi-hüquqşünas vəzifəsinə təyin olunmuşdur. 2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuş, işindəki əzm və bacarığına görə 2014-cü ilin mart ayında isə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel tarixli 2016-cı il Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmiş, aprelin 22-də Şuranın ilk iclasında sədr müavini seçilmişdir.

Azərbaycan yeganə ölkədir ki Gənclər Fondunda 16-29 yaş arası fərdi şəxslərin yəni gənclərin də layihələri də maliyyələşir. Elə bunun özü də gənclərə olan inam və qayğının əsaslı sübutudur. Dövlətin gənc sütunu olmağa ən layiqli namizədlərdən biri də Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin edilən Fərid Cəfərovdur. O, ardıcıl olaraq Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində attaşe, III katib və II katib, BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunun (UNFPA) İcraiyyə Şurası bürosunda vitse-prezident, XİN-də II katib vəzifələrini tutub.Sonuncu iş yeri isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bu gün gənclər arasında fəal sosial təbəqə kimi cəmiyyətin inkişafında yaxından iştirak edənlərdən biri Fariz Cəfərov 2011-2013-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Strateji İdarəetmə Departementində strateji idarəetmə üzrə mütəxəssis vəzifəsində işləyib. O, 2013-cü ilin sentyabr ayından 2014-cü ilin mart ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin Strateji araşdırmalar sektorunun müdiri vəzifəsində çalışıb. F. Cəfərov 2014-cü ilin mart ayından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini-Strateji araşdırmalar sektorunun müdiri vəzifəsi icra edib. Mərkəz rəhbəri 2017-ci ilin iyul ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri vəzifəsində çalışır.

Ən mötəbər kürsülərdən sözlərini demək imkanı qazanmış gənclər arasında xanımların da olması Şərqdə ilk dəfə qadınlara səs vermə hüququ verən bir respublika üçün təsadüfi hal olmasa da, qürur vericidir. Bu da eyni zamanda gender bərabərliyinin təminatı,idarəçilikdə qadınlara verilmiş olan yer deməkdir.

Şəbnəm Məmmədova-Kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri. ADA Universitetinin “Biznesin idarə edilməsi” fakultəsini bitirib, daha sonra Hollandiyadakı Maastrixt Menecment Məktəbində beynəlxalq biznes üzrə təhsil alıb, eləcə də Sinqapurda, İsraildə və ABŞ-da innovasiyalar üzrə təhsilini davam etdirib.
O, 8 ilə yaxın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində innovasiyalar sektorunun müdiri olub.

Ş.Məmmədova informasiya və kommunikasiya texnologiyaları (İKT), innovasiyalar üzrə qadınların maarifləndirilməsinə və savadlılığının artırılmasına xidmət edən “İKT-də Qadınlar Klubu”nun həmtəsisçisidir.

Aygün Əliyeva-. 4 dekabr 2013-cü il tarixdən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi, humanitar məsələlər üzrə müavinidir, Əmək fəaliyyətinə Azərbaycan Dillər Universitetində başlayıb. 2006-cı ildən YAP-ın üzvüdür.2010-cu ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini seçilib. YAP-ın 4-cü qurultayında prezident İlham Əliyevin qarşısındakı uğurlu çıxışı onun 25 yaşında bu vəzifəyə təyin edilməsinə və bununla da ən gənc icra başçısı müavini kimi gündəmə gəlməsinə səbəb olub..

Sonda əminliklə qeyd etmək istəyirəm ki, gənclər dövlətin diqqət və qayğısını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və ölkə prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, Azərbaycanın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfə verməyə çalışırlar.Əziz gənclər, gününüz mübarək olsun.!

 

 

Orxan