Gədəbəyin «Dollar Firidunu»

Dollar

 

24 saylı Yol İstismar İdarəsinin rəisinin rayonun yolları üçün ayrılmış pulları nəyə xərclədiyini özündən başqa kimsə bilmir 

Gədəbəydə fəaliyyət göstərən 24 saylı Yol İstismar İdarəsinin rəisi Firudun İbrahimovla bağlı maraqlı məlumatlar yayılıb. Əldə etdiyi məlumatlarda deyilir ki, idarə rəisi 2003-cü ildən rəhbərlik etdiyi qurumda böyük yeyintilərə yol verib.

Belə ki, indiyə qədər rayonda sənəd üzərində əksər yolların asfaltla döşəndiyi qeyd olunsa da, reallıq tamam başqadır. Mənbənin bildirdiyinə görə, yolların asfaltlanması üçün büdcədən ayrılmış pulların böyük bir qismi məhz İbrahimov tərəfindən şəxsi məqəsədlərə istifadə olunub. O da iddia edilir ki, sənəddə asfaltın qalınlığı 8-10 santimetr göstərilsə də, reallıqda bu rəqəm 3-5 santimetri keçmir.

Daima qara rəngli «Prado»da gəzən Firudun İbrahimovun mütəmadi olaraq Soçi, Kislovodski və Yesentukiyə səfərlər etdiyi və orada dincəldiyi deyilir. Qeyd olunur ki, böyük imkanlara sahib olan sözügedən şəxs, həm də 60-cı illərdən qalma Asfalt Zavodunun sahibidir. Lazımi avadanlıqlarla təhciz olunmadığından və köhnə avadanlıqlarla işlədiyindən zavodun yaxınlıqdakı 5-6 kəndi daima tüstü içində qoyduğu da vurğulanır.

Yol İstismar İdarəsinin rəisinin bir başqa işi isə «Komunxoz»un keçmiş direktorunu pensiya yaşında olmasına baxmayaraq, öz yanında işə götürməsidir. Ramiz Yusubovu işə götürməkdə məqsəd isə sənədləşdirmə işlərini qaydasına salmaqdır. Çünki keçmiş direktor bu sahədə çox peşəkar biri kimi tanınır. Bizə məlumat verən mənbə iddia edir ki, burada bir başqa məqsəd də Gədəbəyin yollarının tam təmir olunduğuna dair saxta sənədlər və Forma 2 yazdıqları üçün onları ört-basdır etmək zərurəti meydana çıxıb. Ona görə ki, bu işlərin üzəri açılarsa, Firudun İbrahimovun işi xeyli çətinə düşə bilər. Mənbə iddia edir ki, Ramih Yusubovla birgə işlədikləri qısa müddət ərzində hər ikisi bahalı maşınlara sahib olublar.

Bir başqa məlumatda isə vurğulanır ki, Gədəbəyin şəhəriçi yollarının durumu da kifayət qədər bərbaddır. 12-15 küçənin heç birində asfalt yoxdur, amma sənədlərdə buraların asfaltla örtüldüyü qeyd olunur. Eyni zamanda bildirilir ki, iri yük maşınları olan NAN-lar üçün ayrılmış yanacağı da satışa çıxarıblar. Rayonda əksəriyyətin İbrahimovun idarəsindən maşınları üçün dizel yanacağı aldığını bilməyən yoxdur. Amma qarda bir qaşıq qum belə küçələrə səpilməyib.

Məlumatda o da vurğulanır ki, Miskinli kəndinə gedən yolun çəkilməsi üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılsa da, bu işlərə heç 400 min manat sərf olunmayıb. Mənbənin iddiasına görə, 24 saylı Yol İstismarı İdarəsinin rəisi həmin pulları mənimsəyib.

İşin bir başqa ilginc tərəfi isə idarə rəisi Firudun İbrahimovun rayonda qazandığı addır. Bizə danışan mənbə bildirir ki, idarə rəisini Gəncəbasar bölgəsində hamı «Dollar Firudun» kimi tanıyır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Jam.az