Gələcək nəsillərimiz bunu bilməlidir

9

 

“Bəzi müxalifət nümayəndələri tarixi faktları düzgün dərk edə bilmirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bəzi müxalifət nümayəndələrinin “Hakimiyyət Zəngəzur məsələsini gündəmə gətirməklə Rəsulzadə hökumətini hədəfə alır” fikrinə münasibət bildirərkən deyib.

“Cənab prezident Naxçıvan Muxtar Respublikasına səfəri zamanı çıxışında haqlı olaraq qeyd edib ki, zamanında Azərbaycanın əzəli torpaqları olan İrəvan və Zəngəzur haqsız olaraq ermənilərə verilib”, – deyə vurğulayan YAP rəsmisi eyni zamanda qeyd edib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda Tiflisdə həm Azərbaycan, həm Gürcüstan, həm də Ermənistan müstəqilliklərini elan etdilər: “Tarixə nəzər salanda açıq-aydın görə bilərik ki, ermənilər özlərinə yaratdıqları dövlət üçün ərazi, torpaq axtarırdılar. Hətta paytaxt belə tapa bilmirdilər. Ermənilər təklif edirdilər ki, paytaxtları Tiflis olsun. Kutaisi isə Gürcüstanın paytaxtı kimi rəsmiləşdirilsin. Tarixi faktlar da onu sübut edir ki, gedəcək yerləri olmadığı üçün erməni höküməti yarandıqdan sonra 3 ay Tiflisdə oturub. Həmin dövrdə ermənilərin müraciətləri nəticəsində İrəvan şəhərinin ermənilərə verilməsi və onların paytaxtının olması razılaşdırılıb. Cənab prezident hər zaman tarixi faktlara əsaslanaraq fikir söyləyir. Burada kimisə ittiham etməkdən danışılmır, burada tarixdən bəhs edilir”.

Mübariz Qurbanlı həmçinin qeyd edib ki, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz ta qədim zamandan Azərbaycan torpaqları olub və bu, danılmaz faktdır: “Sadəcə, o zaman yaranan situasiyada adıçəkilən ərazilər, sonra isə bolşevik hakimiyyəti zamanında bir sıra torpaqlar ermənilərə verilib. Ermənilər bütün bunlardan doymadılar və 1988-ci ildən başlayaraq 1990-cı ilin əvvəllərinə qədər Qarabağ torpaqlarını işğal etməyə başladılar. Burada tarixdən, tarixi ərazilərimizdən danışılır. Zəngəzur məsələsinin qaldırılmasında nə qəbahət var ki? Biz tarixi torpaqlarımızın zamanında səhv olaraq ermənilərə verildiyini deyirik və bu torpaqlarımızın qaytarılacağını inamla ifadə edirik”.

YAP İcra katibinin müavini bildirib ki, bəlkə bizim bəzi tarixdən xəbəri olmayan müxalifət nümayəndələri tarxi torpaqlarımızın qaytarılmasını istəmirlər: “Azərbaycan imkan daxilində tarixi torpaqlarını geri qaytarmağa çalışır. Bu bizim qan yaddaşımızda yaşayır və gələcək nəsillərimiz bunu bilməlidir. Anlaya bilmirəm ki, ölkəmizin daxilində ümummilli məsələdə niyə bəziləri bu qədər narahatçılıq keçirirlər. Tarix hamımızın tarixidir və tarixi hadisələr hər kəsə bəllidir. Tarixi hadisələri qiymətləndirən zaman obyektiv olmalı, heç kimdən çəkinməməliyik. Heç nəyi ideallaşdırmalı deyilik. Ümummilli baxımdan harada, nə zaman səhvlərimiz olubsa, onları düzgün araşdırmalı və cəmiyyəti məlumatlandırmalıyıq ki, gələcəkdə belə səhvlər etməyək”.