Gəncə hadisələrinin mediada işıqlandırılması müzakirə edilib

Bu gün Mətbuat Şurasında Gəncədə baş verən hadisələrin mediadan işıqlandırılması mövzusunda tədbir keçirilib. XALQ.AZ məlumat verir ki,  tədbirdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, media kapitanları və jurnalistlər iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, bugünkü iclası keçirməkdə məqsəd mətbuatın baş verən hadisələrdə nə edib və ya nə etməli olacağını müzakirə etməkdir. Gəncə icra başçısına qarşı sui-qəsd, iki polis zabitinin ölümünün media tərəfindən geniş şəkildə işıqlandırıldığını deyən Ə.Amaşov söyləyib ki, bu məlumatların hesabına ictimaiyyət dolğun informasiya əldə etmiş olub: “Lakin çox təəssüf ki, bəzi media nümayəndələri öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədilər, onların informasiyaları insanlarda çaşqınlıq əmələ gətirdi. Onlar xaricdən idarə olunan media resurslarıdır ki, onların məqsədi baş verənləri şişirtmək, vətəndaş dövlət qurumları arasında nifaq salmaqdır. Xaricdən idarə olunan saytların məqsədini dərindən araşdırsaq görərik ki, həmin resurslar Azərbaycanda konstitusion dəyərləri devirməkdir. Çox təəssüf ki, bunu həyata keçirməyə cəhd etmək üçün ölkədən kənardan yaşayan həmvətənlərimiz, xaricdə fəaliyyət göstərən ayrı-ayrı qurumların nümayəndələri əllərindən gələni etdilər”.

Ə.Amaşov söyləyib ki, baş verənlərdə sosial şəbəkələrin rolu xüsusidir: “Azərbaycana qarşı kampaniya aparanlar bu resurslardan aktiv şəkildə istifadə edirlər. Azərbaycan gücləndikcə təzyiqlər artır. Azərbaycandan kənarda yaşayan, ölkəmizi sevməyənlər sosial şəbəkələrdən istifadə etməklə bu məsələdə daha aktivlik nümayiş etdirirlər. Azərbaycana qarşı aparılan kampaniyalarda İranyönümlü saytları görmək mümkündür. Amma məsələdə İranın nə qədər əli olduğunu söyləmək çətindir”.

Baş verənlərdən junalistlərin tam əksəriyyətinin ölkəmizin maraqlarından çıxış etdiyini deyən qurum sədri söyləyib ki, bu cür hadisələr zamanı medianın atacağı addımlar müzakirə olunmalıdır.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, artıq neçə ildir ki, başqa ölkələrdə baş verənləri açıq şəkildə görürük: “Şərq ölkələrində insanlar ayağa qalxaraq sabitliklərini pozdular. Kimsə Azərbaycanda sabitliyin pozulması yönümdə addım atırsa, o xalqın, dövlətin düşmənidir. İnqilab heç kimə yaxşı heç nə vəd etməyib. 15 ildir ki, Azərbaycan bütün sahələr üzrə inkişaf edib, xalqımız sabit şəraitdə yaşayır. Biz bu sabitliyi qorumalıyıq”.

Baş redaktor qeyd edib ki, hər bir ölkədə qəza, terror hadisələri olur: “Lakin Azərbaycanın təbii sərvətlərə malik olması, müxtəlif qüvvələrin narazılığına səbəb olur ki, bunun nəticəsində həmin qüvvələr ölkədə sabitliyi pozmağa cəhd edirlər. Din pərdəsi altında pul naminə verilən tapşırıqları yerinə yetirirlər. Gəncə hadisələri bizim üçün bir sınaq idi. Çox şükür bu sınaqdan üzü ağ çıxdıq. Biz bütün sınaqlara hazır olmalıyıq”.

Millət vəkili, Əməkdar jurnalist Aqil Abbas söyləyib ki, qəzetlər Gəncədə baş verənlərə ciddi yanaşsalar da, bəzi saytlar buna ciddi yanaşa bilmədilər: “Bəzi saytlar oxucu kütləsi artırmaq üçün müxtəlif yalan məlumatlardan istifadə etdilər. Bu düzgün deyil. Baş verənlər illər öncə yazılan ssenari idi. Amma onların istəkləri baş tutmadı. Bu məsələdə ən əsas iş medianın üzərinə düşür. Gücümüzü birləşdirib bu işlərə qarşı çıxmalıyıq”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, ictimai rəyin formalaşmasında mühüm rol oynayan media resurslara təşəkkür düşür: “İnformasiya bu gün institusional idarə etmə vasitəsidir və bəzən o bizi özümüzdən asılı olmayaraq yönləndirir. Hadisə baş verənlərin ilk üç günündə media buna qiymət verməyi bacarmadı. Həmin müddətdə çox təəssüf ki, qərəzli idarə olunan saytlarla yanaşı, bu axına qoşulan saytlar da oldu. Məsələyə müdaxilə etdikdən sonra bu proses dayandırıldı. Mediadan bu işdə ayıqlıq tələb olunur”.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, ilk günlər Gəncədə baş verənlərə müxtəlif ad qoyulsa da, sonradan iki polis zabitinin ölümü göstərdi ki, bu adi hadisə deyil. Ötən gün Sumqayıtda bu cür hadisənin qarşısı alındı. Lakin bu o demək deyil ki hadisələr bitib, davamı ola bilər. Hüquq mühafizə orqanları baş verənlərin qarşısının alınması istiqamətində səfərbər olub. Amma biz də ehtiyatlı olmalıyıq”.

V.Səfərli qeyd edib ki, hadisələr baş verdiyi ilk günlərdə hər kəs öz fərziyyəsini yaydı: “Xaricdən idarə olunan saytlarda da canlanma əmələ gəldi. Onlar müxtəlif çağırışlar edərək insanların fikirlərini yayındırmağa çalışdılar Biz sevinirik ki, qəzetlər bu yola getmədilər. Amma saytlar bu işə diqqət və ehtiyatlı olmalı, insanları maarifləndirməyə davam etməliyik”.

APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı bildirib ki, media ilə dövlət rəsmiləri arasında qeyri-rəsmi görüşlərin keçirilməsinə ehtiyac var: “Biz nə baş verdiyini bilməliyik, onları bilmədən biz ötürücü rolunu oynayırıq. Hadisələrin mahiyyəti barədə media məlumatlı olmalıdır. Baş verənlər göstərdi ki media ictimai rəyi hazırlamalıdır. Hər yerdə bu cür hadisələr baş verir, amma ictimai rəy bu hadisələrdən tez çalxalanır. Bu məqsədlə bağlı treninqlər keçirməlidir”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, bütün hadisələr zamanı mətbuat lazım olan vəzifələri yerinə yetirir: “Amma insanlara təsir edən əsas resurs sosial şəbəkələrdir ki, onların yararsız məlumatlar yayması yol verilməzdir. Xaricdən idarə olunan saytlarla bağlı dövlətin aidiyyəti orqanları tərəfindən həmin ölkələrə nota verməlidir. Dəqiqləşdirilməmiş informasiyaların verilməsi düzgün deyil. Rəsmi mövqe olmadan yanlış informasiyanı yaymaq olmaz”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz çıxışında Mətbuat Şurasının tərkibində dövlət əleyhinə çalışanların araşdırılması üçün komissiyanın yaradılmasını təklif edib.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında söyləyib ki, media terrordan əziyyət çəkən ölkəni təmsil etdiyi üçün davranışlarında diqqətli olmalıdır: “Əgər biz xarici kəşfiyyat orqanına imkan yaradırıqsa, o zaman problem bizdədir. Niyə özümüzü qınamır, ittiham etmirik? Hətta Türkiyə kimi inkişaf etmiş bir ölkədə rəsmi informasiya dəqiqləşmə aparılana qədər gecikir. Qoy informasiya geciksin, nəinki bizi psixoloji terrora məruz qoysun. Bu gün Azərbaycanı Suriyanın vəziyyətinə salmaq istəyənlər var. Buna yol verməməli, terrora məruz qalan ölkənin media təmsilçiləri kimi çıxış etməliyik”.

Фото Aflatun Amashov.Фото Aflatun Amashov.Фото Aflatun Amashov.Фото Aflatun Amashov.