Gəncə prezidentini seçir FOTO

XALQ,AZ xəbər verir ki, Ölkə ərazisində olduğu kimi, Gəncə şəhərində də prezident seçkiləri ilə bağlı səsverməyə start verilib, bütün seçki məntəqələri saat 08:00-da qapılarını seçicilərin üzünə açıb.  37, 38, 39, 40 saylı Seçki Dairələri üzrə seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçkilərin gedişatı ilə bağlı məlumatların operativ olaraq ötürülməsi üçün bütün məntəqələr rabitə və yüksəksürətli internetlə təmin olunub. Prosesi canlı izləmək üçün 40 məntəqədə veb-kamera quraşdırılıb. 4 Seçki Dairəsi üzrə 107 məntəqədə 147 min 540 səsvermə hüququ olan vətəndaşın adı siyahıya alınıb.

32 min 874 nəfər 37 saylı Seçki Dairəsi üzrə 24 məntəqədə, 33 min 754 nəfər 38 saylı Seçki Dairəsi üzrə 24 məntəqədə, 38 min 842 nəfər 39 saylı Seçki Dairəsi üzrə 29 məntəqədə, 42 min 070 nəfər 40 saylı Seçki Dairəsi üzrə 30 məntəqədə qeydə alınıb.

38 saylı Nizami II (Gəncə) Seçki Dairəsinin 5 saylı seçki məntəqəsində saat 8-dən etibarən seçici fəallığı var, artıq ilk seçicilər öz namizədlərinə səs vermək üçün seçki məntəqəsinə üz tutub, müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirmək naminə öz vətəndaşlıq borclarını yerinə yetirməyə gəliblər.

Məntəqədə prosesi müşahidə etmək üçün müşahidəçilərin və mətbuat nümayəndələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Rabitə sistemi, veb-kamera quraşdırılıb. Seçki məntəqələrinə gələn sakinlərdə ruh yüksəkliyi müşahidə olunur. Hamı özünün və ailəsinin, bütövlükdə ölkəsinin sabahı naminə daha layiqli namizədə etibar etmək üçün Konstitusiya hüquqlarından istifadə etməklə vətəndaşlıq borcunu yerinə yetirmək arzusundadır. Elə bu arzu ilə səhər saat 8.00-dan etibarən seçki məntəqəsi dolub, boşalırdı. Seçicilər növbə ilə, heç bir təzyiq olmadan sərbəst şəkildə istədikləri namizədə səs verirlər.

38 saylı DSK-nın 5 saylı seçki məntəqəsinin sədri Əliağa Səfərəliyev: -Seçkilərə start verildiyi ilk andan məntəqəmizdə coşqu var. Məntəqəmizdə 1363 seçici var. Seçki gününə kimi aparılan təşviqat, maarifləndirmə işlərinin nəticəsidir ki, insanlar

sərbəst şəkildə məntəqələrə üz tutur. Ümidvarıq ki, günün axırına kimi seçki prosesi mütəşəkkilliklə davam edəcək.

Məntəqəyə səs verməyə gələn seçicilərdən Gülbəniz Rəcəbova, Emil Teymurovun fiikirlərini öyrəndik. Onlar da seçkilərin şəffaf keçirildiyini, hər hansı kənar müdaxilənin olmadığını bildirdilər.