Gənclər Ali Baş Komandanın əmrin gözləyirlər

 Ali Bas Komandan

Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edirlər. Avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupunun cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqını qəsbkarların sülh danışıqlarına qətiyyən meyilli olmadıqlarını bir daha sübut etmiş oldu. Əlbəttə ki, düşmənin bu hücum cəhdi də nəticəsiz qaldı. Artıq xəbər verildiyi kimi, əsgərlərimizin göstərdiyi şücaət nəticəsində düşmənin qarşısı qətiyyətlə alındı. Ermənilər bu dəfə də itki verərək geri çəkilməyə məcbur oldular. Bəlkə də düşmən bu hücumları ilə ordumuzun və xalqımızın iradəsini qıra biləcəyini düşünür. Erməni xislətinə xas olan xüsusiyyətləri digər xalqlarda da görmək istəyən ermənilər bəlkə də bu əməlləri ilə ordu və ölkə rəhbərliyinə qarşı xalq arasında narazılıqların və ya etimadsızlığın yaranacağına ümid bəsləyirlər. Lakin bütün bunlar boş xülyadır. Xalqımızın öz dövlətinə, öz ordusuna və öz prezidentinə olan inamı sonsuzdur və düşmənin hər yeni həmləsi yalnız bu inamın daha da möhkəmlənməsinə səbəb olur.

Redaksiyamıza Lənkəran gəncləri tərəfindən ölkə prezidenti cənab İlham Əliyevə ünvanlanmış bir müraciət daxil olmuşdur. Sadə dildə yazılmış bu müraciət xalqımızın əsil əhval-ruhiyyəsini, sinəsində bəslədiyi düşmənə nifrət, dövlətə sədaqət hisslərini olduqca qabarıq formada nümayiş etdirir.

Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Bildiyiniz kimi Avqustun 1-dən 2-nə keçən gecə erməni qəsbkarlarının cəbhənin Ağdam-Ağdərə istiqamətində törətdikləri növbəti təxribat nəticəsində şəhid olmuş əsgərlərimiz  oldu və  uca zirvələrə yüksəldilər. Xüsusi olaraq bütün Lənkəran  gəncləri bildirmək istəyirik ki, bu hadisə ilə əlaqədar olaraq biz kədərimiz qədər, duyduğumuz qürur hissi də böyükdür.  Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Dağlıq Qarabağımız uğrunda gedən döyüşlərdə ölkənin bütün digər bölgələrindən olan igidlərlə yanaşı Lənkəranın mərd oğulları da hər zaman ön sıralarda olub, rəşadət və qəhrəmanlıq nümayiş etdirərək düşmənə aman verməyiblər. Lənkəranlılar  hər zaman dövlətçiliyimizin müdafiəsi naminə öz canlarından keçməyə bir nəfər kimi hazır olublar. Bu gün də Ali Baş Komandanımız olaraq Sizin bir əmrinizlə torpaqlarımızı yağı düşməndən azad etmək üçün biz Lənkran gəncləri hər an səfərbər olmağa hazırıq.

Möhtərəm cənab Prezident!

Ayrıca olaraq qeyd etmək istəyirəm ki, biz Lənkəran gəncləri  Sizin Azərbaycanımızın sosial-iqtisadi inkişafına, xalqımızın rifah halının yüksəlməsinə daim göstərdiyiniz diqqət və qayğını olduqca yüksək qiymətləndirirlər. Bu gün də biz, Lənkəran gəncləri olaraq tam əminik ki, Sizin son hadisələrlə bağlı görəcəyiniz tədbirlər, şəhid övladlarımızın əziz xatirəsinin əbədiləşdirilməsi üçün verəcəyiniz sərəncamlar şəhid ana və atalarına göstərdiyiniz hörmət və ehtiramınızın daha bir nümünəsi olacaqdır. Lənkəran gəncləri Siz Ali Baş Komandanımıza və Azərbaycanın qüdrətli milli ordusuna inanırıq. Biz əminik ki, Sizin rəhbərliyinizlə tarixi torpağlarımız işğaldan azad ediləcək. Bir daha Sizi əmin etmək istəyirik ki, bütün Lənkəran gəncləri hər an Sizin ətrafınızda daha sıx birləşməyə, bütün düşmənlərimizə qarşı mübarizənizdə Sizə dəstək olmağa hazırdır.

Dərin hörmət və ehtiramla 138 nəfər Lənkəran gəncləri.