Gənclər Təşkilatı İlham Əliyevin namizədliyini dəstəkləyir

26

Konqres iştirakçıları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresi keçirilib. SİA-nın xəbərinə görə, rəsmi açılışda ARGTMŞ-ın sədri Şahin Seyidzadə tədbirin keçirilməsinin məqsədi haqda məlumat verib: “Əsas məqsəd isə fəaliyyətdə olan bütün gənclər təşkilatlarını birləşdirərək, həyata keçirilən gənclər siyasəti haqqında, gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin səmərəli mexanizmlərinin yaradılması haqqında fikir mübadiləsi aparmaqdır. Konqresin keçirilməsi haqqında təşəbbüs ilk dəfə 2012-ci ilin noyabrında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. Bu niyyət Cənab Prezident tərəfindən müsbət qarşılanıb”.

Gənclər və idman naziri Azad Rəhimov ilk dəfə keçirilən bu konqresi müsbət dəyərləndirib: “Konqresin keçirilməsinə zərurət yaranıb. Azərbaycanda son illər gənclər təşkilatlarının sayı 10 dəfə artaraq, 250-yə çatıb. Onlar çoxlu sayda layihələr həyata keçirirlər. Bu konqresdə də əsas məqsəd təşkilatların gələcək fəaliyyətini müzakirə etməkdir”.

Daha sonra tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek çıxış edərək ölkəmizdə keçirilən gənclər siyasətini müsbət dəyərləndirib və bu işin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bakının və ölkənin 11 regionundan 200-dən artıq gənclər təşkilatlarının təmsil olunduğu konqres müxtəlif mövzularda keçirilən panellərlə davam etdirilib.

Sonda konqres iştirakçıları 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər.

Bəyanatda deyilir:

Demokratik inkişaf yolunu tutan Azərbaycanda həyata keçirilən daxili və xarici siyasət xalqımızın rifahının yüksəldilməsinə, cəmiyyətin inkişafına və təhlükəsizliyinin təmin olunmasına istiqamətləndirilib. Əhalinin 30%-ni təşkil edən və cəmiyyətin fəal üzvləri olan gənclər də əldə olunan nailiyyətlərdən faydalanmaqdadırlar. Aparılan dövlət siyasəti gənclərin daha keyfiyyətli və müasir təhsil almasına, fiziki sağlam olmasına, sosial cəhətdən təmin olunmasına yönəlib. Uğurla aparılan bu siyasətin nəticəsində ölkəmiz tək iqtisadi inkişaf templərinə görə deyil, eyni zamanda gənclər siyasəti sahəsində lider dövlətlərdən biridir. 1993-cü ildən atılan uzaqgörən addımlar əsasında, son 10 il ərzində ölkədə strateji sahələr üzrə tarixi irəliləyişlər əldə olunub.

Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında xalqımızın ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, gənclərin potensialnın ümummilli məsələslərin həllinə yönəldilməsi istiqamətində aparılır. Bu siyasətin reallaşması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə gənclər siyasətisahəsində müxtəlif qanunvericilik aktları, dövlət proqramları hazırlanır, qəbul edilir, həyata keçirilir. Azərbaycan dövlətinin gənclərlə iş sahəsində apardığı siyasət müasir, intellektual, vətənpərvər, sağlam gəncliyin formalaşmasına, onların hərtərəfli inkişafına yönəlib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderimizin siyasi kursunun uğurla davam etdirilməsi, Azərbaycanın regionda və dünyada söz sahibinə çevrilməsi, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi ölkəmizdə sabitlik və davamlı inkişafı təmin edilib.

200-dən artıq gənclər təşkilatını təmsil edən Gənclət Təşkilatlarının I Milli Konqresinin iştirakçıları Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin gücləndirilməsi, vətənimizin daha da çiçəklənməsi naminə, üzərinə düşən tarixi və vətəndaş məsuliyyətini dərk edərək, 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində yüksək qürur və fəxr hissi ilə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edirlər.