Gənclər üçün Təhsil Mərkəzi əlil uşaqları arabalarla təmin edib

Gənclər üçün Təhsil Mərkəzi (GTM) BMT-nin Uşaq Fondu və Avropa İttifaqının dəstəyi ilə reallaşdırdığı “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində Şirvan şəhərində əlilliyi olan 10 uşaq və yeniyetməni əlil arabası ilə təmin edib.

Təşkilatdan bildiriblər ki, bu münasibətlə təşkil olunan mərasimdə çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə Azərbaycan dövlətinin əlilliyi olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərin əhəmiyyətindən danışıb. O, qeyri-hökumət təşkilatları tərəfindən bu cür tədbirlərin reallaşdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, ayrı-ayrı şəxslər və ya təşkilatlar bu işdə dövlət siyasətinə dəstək verməli, belə təşəbbüslərin artırılmasına çalışmalıdır. F.Həsənzadə əlilliyi olan uşaqlara və gənclərə daim dəstək verdiklərini, onları nəinki əlil arabaları, eyni zamanda, təhsil xidmətləri ilə də təmin etdiklərini bildirib.

Tədbirdə əlil arabalarının bəziləri sahiblərinə təqdim edilib. Gəlmək imkanı olmayanların əlil arabaları isə evlərində onlara təqdim olunub.