Gəncləri siyasi oyunların alətinə çevrilirdi.

6

 

Hər bir ölkənin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır”. XALQ.AZ xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib:

“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Gənclər elmdən, təhsildən, yaradıcılıqdan  kənarlaşdırılır, bir sıra hallarda cəmiyyət üçün təhlükəli qüvvəyə çevrilirdi. Bu da  Azərbaycanın gələcəyini sual altına alır və dövlətçiliyi məhvə doğru aparırdı”.

Ə.Həsənov deyib ki,  xalqımız bu təhlükələrin gələcək fəsadlarını vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi: “1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi. O, bütün fəaliyyəti dövründə gənclərimizin hərtərəfli inkişafına, o cümlədən yaxşı təhsil almalarına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki ulu öndər yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz gəncliyin yüksək təhsil almasında və maariflənməsindədir. Xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən də gənclərlə işə xüsusi diqqət yetirirdi. O, Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə böyük əhəmiyyət verirdi. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olmuşdur. Sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam edərək, 1000 nəfərə çatmışdır. Ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda – keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir. 1970-ci ilədək respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil etdiyi halda, bu göstərici 1976-cı ildə 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə 97,6%-ə çatıb”.

PA rəsmisinin sözlərinə görə, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməyə başladılar. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildən Gənclər Forumları keçirilməyə başladı, bir sıra normativ-hüquqi aktlar və proqramlar qəbul olundu: “Bütün bunlar gənclərin hərtərəfli inkişafına imkan yaratdı. 2003-cü ildən sonra isə Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nı təsdiq etməklə, gənclərə müstəsna diqqət və qayğısını nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, regionlardakı gənclər mərkəzlərinin və evlərinin yaradılması ilə dövlətçiliyimizin möhkəmləndirilməsində gənclərin yaxından iştirakına əlavə stimul verdi”.

Ə.Həsənov deyib ki, ölkə başçısı Azərbaycan gənclərinin mükəmməl təhsil alması, davamlı inkişafının təmin edilməsi, ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin üzə çıxarılması məqsədilə 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etdi: “Proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində təhsil alması nəzərdə tutuldu. Bu gün artıq proqram çərçivəsində dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır. Bütün bunlar bir daha onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaratmışdır. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər.

Bu gün gənclər ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər. 300-dən artıq dövlət qeydiyyatına alınmış gənclər təşkilatımız mövcuddur. Bu gün həmin təşkilatlardan birinin – ASAİF-in növbəti forumudur.

Xarici ölkələrdə təhsil alan gənclərimizin təhsili ilə yanaşı, onların ictimai həyatı və təşkilatlanması bizim üçün önəmli məsələlərdəndir. Bu baxımdan ASAİF-in rolunu xüsusi qeyd etmək lazımdır. ASAİF ölkəmizin hüdudlarından kənarda təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin şəbəkələşməsini və fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək məqsədilə yaradılıb. Söhbət xaricdəki gənclərin şəbəkələşməsindən və təşkilatlanmasından gedirsə, ilk növbədə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təsis etdiyi və rəhbəri olduğu Rusiya Azərbaycanlı Gənclər Təşkilatını (AMOR) nümunə göstərmək olar. O, Rusiya Federasiyasının bütün subyektlərində və ali təhsil müəssisələrində vahid bir şəbəkə yaradaraq səmərəli fəaliyyət mexanizmini qurmağa nail olmuşdur. AMOR çoxşaxəli fəaliyyəti ilə gənclərimizi milli maraqların qorunması ətrafında sıx birləşdirir, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Fürsətdən istifadə edib, xaricdə təhsil alan və məzun olmuş gənclərimizə bir neçə tövsiyəmi çatdırmaq istərdim: “Cənab Prezidentin Beyləqan Gənclər Mərkəzinin açılışındakı çıxışında qeyd etdiyi kimi, qabaqcıl ölkələrin inkişaf tarixçəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır. Bu gün ölkəmizdə iqtisadiyyat inkişaf etdikcə, yeni sənaye və xidmət müəssisələri yarandıqca, peşəkar gənc kadrlara ehtiyac çoxalır. Ona görə bizim gənclərimiz yaxşı oxumalı, bilik sahibi olmalı, mütəxəssis kimi yetişməlidirlər.

Gənclər təhsil aldıqları ölkələrin mədəni həyatına sıx inteqrasiya olunmalı, Azərbaycan mədəniyyətini, tarixini, turizm potensialını, Azərbaycanda gedən inkişaf prosesini xarici vətəndaşlara, həmyaşıd gənclərə tanıtmalı, Azərbaycanın tolerant ölkə imicini qorumalıdırlar. Bu baxımdan gənclərimiz olduqları ölkənin dilini öyrənməyə üstünlük verməli, mədəni dəyərlərinə hörmətlə yanaşmalıdırlar.

Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhərlərdə və ölkələrdə şəbəkələşməli, qrup halında təşkilatlanmalıdırlar. Həmin qruplar ASAİF-in tərkib hissəsi kimi fəaliyyət göstərməli, vahid mərkəzdən koordinasiya edilməlidir. Sözügedən qrupların əsas işi diaspora və lobbiçilik olmalıdır. Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. Xaricdə təhsil alan və məzun olmuş gənclərimiz bu işdə səfərbər olmalı, Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar oxuduqları ali məktəblərə, olduqları auditoriyalarda hər fürsətdə faktlara əsaslanan təbliğatla məşğul gənclərimizin təbliğatının əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması dayansa da, xalqımızın mədəni-tarixi irsinin zənginliyinin də əcnəbilər tərəfindən tanınmasına xüsusi diqqət yetirilməlidir. Xarici auditoriya ölkəmizi yalnız münaqişə yaşayan ölkə kimi yadda saxlamamalı, onun mədəniyyətini, incəsənətini, görkəmli şəxsiyyətlərini və s. tanımalıdır.

Xaricdə təhsil alan Azərbaycan gənclərinin təhsil aldığı ölkələrdə ictimai rəyə təsir imkanlarının artırılması, olduqları ölkələrin siyasi xadimləri, liderləri, elm – fikir adamları ilə görüşlərinin təşkil edilməsi vacibdir. Bu, Azərbaycanın müsbət imicinin formalaş­dırılmasına ciddi təsir edə bilər.

Eyni zamanda, xaricdə təhsil alan gənclərimiz olduqları ölkələrin yerli mediasına çıxış əldə etməli, Azərbaycanın müsbət imicinə təsir edən məqamları işıqlandırmalı və ölkəmizi tanıtmalıdırlar.

Yeni çağırışlarla və reallıqlarla üz-üzə qalan dünyada yaşadığımız üçün, gəncliyimiz həmin təmayüllərə cavab verməyə, ona müvafiq reaksiya göstərməyə qadir olmalıdır. Gənclərimiz bu prosesdə digər yaş qruplarına nümunə olmalıdır. Bu mənada xaricdə təhsil alan və məzun olmuş gənclərimin üzərinə böyük məsuliyyət düşür. ASAİF də bu mənada müəyyən qədər dəyişməli, öz fəaliyyətini daha çevik və praktik müstəviyə keçirməlidir. Bu günədək ASAİF-in fəaliyyəti yalnız Azərbaycanda və Avropanın digər ölkələrində forumlar keçirməkdən ibarət idisə, bundan sonra əməli fəaliyyətlərə başlamalı, xarici ölkələrdə şəbəkələşmə, lobbiçilik, diaspora işlərinə daha çox diqqət ayırmalıdır”.