GDU rəhbərliyi suallardan niyə yayınır?

36

Universitetin rəsmiləri rektorla bağlı göndərdiyimiz sorğudakı sualları cavablandırmaq əvəzinə, onlarla əlaqəsi olmayan materiallar göndərirlər

Ötən günlərdə Gəncə Dövlət Universitetində (GDU) baş verənlərlə bağlı məlumat vermişdik. Həmin məlumatda o da vurğulanırdı ki, GDU-nun rektoru Yadigar Əliyevin müxalifət partiyalarının biri ilə əlaqəsinin olmasına dair iddialar var. Məsələ ilə bağlı Xalq.az-a açıqlama verən universitetin professor heyəti isə bu məlumatı təkzib etmişdi.

Amma məsələni tam dəqiqləşdirmək və aydınlaşdırmaq üçün GDU-ya sorğu göndərərək, bir neçə sual ünvanladıq. Sualları olduğu kimi təqdim edirik:

  1. Yadigar Əliyevin 2001-ci ildən öncə hər hansı bir partiya mənsubiyyəti olubmu? 2. Yadigar Əliyev Sizin ifadə etdiyiniz fikrə əsaslanaraq Təhsil naziri Mikayıl Cabbarov tərəfindən niyə qəbul olunmur? 3. Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevlə Yadigar Əliyev hansı əlaqələrə malikdir? 4. Yadigar Əliyev Universitetdə nə kimi islahatlar aparır?

Xalq.az-ın ünvanladığı bu sorğuya isə GDU rəhbəriliyi cavab vermək əvəzinə, saytımızın elektron ünvanına indiyə qədər mətbuatda getmiş məlumatlar yollayıblar. Orada bu suallara aydınlıq gətirmək üçün isə heç bir bilgi yoxdur. Universitet rəsmilərinin yanaşma tərzlərindən belə başa düşdük ki, Yadigar Əliyevin həqiqətən də müxalifət partiyalarının biri ilə əməkdaşlığı olub. Əks təqdirdə, bu sualımıza dolğun şəkildə cavab verilərdi və məsələyə aydınlıq gətirilərdi.

GDU-nun rektoru ilə təhsil naziri arasında qalmaqal məsələsi isə elə universitet tələbələrinin də dilindən səslənib. Həmin tələbə bəyan edib ki, təzə nazir Mikayıl Cabbarovla rektor arasında münasibətlər heç də yaxşı deyil. Hətta o da vurğulanır ki, keçmiş rektorun adamları ilə yeni nazir arasında münasibətlər çox dərindir, həm də qohumluq əlaqələri var. Amma bütün bunlar Yadigar Əliyevin nazirə qarşı narazılıq formalaşdırması üçün əsas vermir.

Ümid edirik ki, GDU-nun müvafiq qurumları yaxın günlər içində göndərdiyimiz suallara geniş cavab verəcəklər.