“Gedən proseslər dövlət büdcəsində təsirlər yaradacaq”

“Cərimələr təxminən 6-ya yaxın nazirlikdə tətbiq olunur. Bu nazirliklər cərimələrin miqdarının çox olmasında maraqlıdır”.

XALQ.AZ xəbər verir ki, bunu parlamentin iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, indi müsbət haldır ki, toplanan cərimələrin 7%-i dövlət büdcəsinə köçürüləcək:

“Amma bunların hamısı dövlət büdcəsinə köçürülməlidir. Çünki son vaxtlar gedən proseslər Azərbaycanın dövlət büdcəsində, iqtisadiyyatında təsirlər yaradacaq”.

Deputat Hikmət Babaoğlu da bütün cərimələrdən əldə olunan gəlirlərlərin dövlət büdcəsinə köçürülməli olduğunu qeyd edib.

Deputat Fəzail Ağamalı isə son vaxtlar BNA-nın Bakı şəhərində nəqliyyatın tənzimlənməsi və xüsusi olaraq tıxac yaradan yerlərdə işlər gördüyünü deyib:

“Amma yanlış dayanmaya görə Azərbaycanda elə ailə yoxdur ki, cərimə gəlməsin. Bakıda nəqliyyatın vəziyyətini tənzimləmək, onu qaydaya salmaq lazımdır. Lakin bununla bağlı kifayət qədər şikayətlər də var. Buna görə də ilk növbədə həmin nəqliyyat vasitələrinin yerləşdirilməsi üçün dayanacaqlar təyin edilməlidir. Avtomobil saxlanılarkən şəkillər çəkilir və dərhal cərimələr tətbiq edilir. Bu, aradan qaldırılmalıdır. Digər tərəfdən, bu cərimələrdən əldə olunan gəlirlər dövlət büdcəsinə daxil olmalıdır. Əks halda, həmin qurumlar cərimələrin artmasında maraqlı ola bilər”.