General: Aprel döyüşlərində yaralanan hərbiçilərimiz xilas edilib

2016-cı ilin aprel döyüşləri şəxsi heyətin döyüş və mənəvi-psixoloji  hazırlığının, eləcə də hərbi səhiyyənin səviyyəsinin yüksək olduğunu təsdiqlədi. Əməkdaşımız aprel döyüşlərində hərbi səhiyyəmizin fəaliyyəti ilə bağlı daha ətraflı məlumat almaq üçün Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyevlə görüşüb söhbət etmişdir.

XALQ.AZ müsahibəni təqdim edir:

– Cənab general, aprel döyüşlərində hərbi səhiyyənin döyüşlərin gedişinə təsiri haqqında danışmağınızı xahiş edirəm.
– Müharibədə, döyüşdə yaralanmalar danılmazdır. Müharibə şəraitində yaşayırıq. Deməli, hər an döyüş, hər an yaralanma ehtimalı var. Bu baxımdan hərbi səhiyyəmiz həmişə döyüş hazırlığı vəziyyətindədir.
Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan əsgərinin gücünü, qüdrətini göstərdi. Bir daha sübut olundu ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribatlarına layiqli cavab vermək, torpaqlarımızı işğaldan azad etmək gücündədi. Aprel döyüşləri Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqini, Azərbaycan Ordusunun peşəkarlığını və yüksək döyüş hazırlığını da təsdiqlədi.
Bu döyüşlər, Azərbaycan Ordusunun tibbi təminatının yüksək səviyyədə olduğunu, eyni zamanda Azərbaycan həkiminin fədakarlığını göstərdi.
Döyüş əməliyyatlarında şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, onun təchizatı, maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması da əsas rol oynayır. Onların vəhdəti olmadan döyüşdə uğurlardan danışmaq olmaz. Tibbi təminat tibb xidmətinin qüvvə və vasitələrinin təşkilati quruluşu və müharibə zamanı onların tətbiq üsulları, bütövlükdə, hərbi təbabətin inkişafını müəyyən edən qanunauyğunlara əsasən qurulub. Tibb xidmətinin qarşısında duran əsas vəzifə yalnız yaralanmış və xəstələnmiş hərbi qulluqçulara tibbi yardım göstərməkdən, onları müalicə etməkdən ibarət deyil, həm də şəxsi heyət arasında xəstəliklərin yaranması və yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdən ibarətdir. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən də məhz qarşımıza qoyulan məqsəd budur.
Tibb xidməti müntəzəm olaraq şəxsi heyətin sağlamlığına  nəzarət edir. Atəşkəs olsa da, düşmənin atəşkəsi pozma, müxtəlif üsul və vasitələrlə təxribatlar törətmə təhlükəsi həmişə var. Buna görə də tibb xidməti ehtimal edilən döyüşlərdən qabaq tibb kəşfiyyatının aparılmasını həyata keçirir. Tibb xidməti döyüşə yeridiləcək qoşunların şəxsi heyətinin sağlamlıq vəziyyətini müntəzəm olaraq qiymətləndirir və şəxsi heyətin döyüşə qatılması barədə qərarı bundan sonra qəbul edir. Döyüşün baş verməsi ehtimalı həmişə olduğu üçün şəxsi heyətin sağlamlıq vəziyyəti müntəzəm olaraq nəzarətdə saxlanılır.
– Ali Baş Komandanın orduya, bu sıradan hərbi səhiyyəyə diqqət və qayğısı böyükdür.
– Elədir, Ali Baş Komandan Silahlı Qüvvələrin Baş Kliniki  Hospitalında aprel döyüşlərində yaralanan hərbi qulluqçulara baş çəkdi, qürurla döyüşlərdən, Azərbaycan əsgərinin rəşadətindən, qəhrəmanlığından danışdı. Yaralılar müalicənin dayandırılmasında – döyüşə qayıtmaqda israrlı idi. Bu, Ali Baş Komandanın yaralılara sayğısının təsiriydi. Göründüyü kimi, aprel döyüşləri nəinki döyüşənlərin, hətta döyüşlərdən uzaqda olan, sağlamlığı döyüşməyə imkan verməyənlərin də qələbə əzmini kükrətmişdi.
Biz Böyük Qələbəni qazanacaq hərbi qulluqçuların – Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığı keşiyində, xalq şairi Səməd Vurğun demişkən, müsəlləh əsgərik. Hərbi həkimlər digər hərbi qulluqçulardan fərqli olaraq iki and içir: Hippokrat andı, Hərbi and. Deməli, onlar ikiqat məsuliyyətlə xidmət edirlər. Fəxrlə bildirirəm ki, hərbi səhiyyədə xidmət edən hərbi qulluqçular hər iki anda sədaqətlidirlər. Bu sədaqət dövlətə, dövlətçiliyə, Vətənə sədaqətdir.
Tibb xidməti həmişə olduğu kimi düşmənin təxribatlarına 2016-cı ilin  aprelində də hazır idi. Döyüşlər başlayan kimi tibb xidməti döyüş şəraitinə müvafiq quruldu. Döyüşlərdə sanitar təlimatçılarımız, sanitar atıcılarımız, hərbi feldşerlərimiz, hərbi həkimlərimiz öz vəzifə borclarını layiqincə yerinə yetirdilər.
Aprel döyüşlərində yaralanmış hərbi qulluqçularımıza bütün təxliyə mərhələlərində keyfiyyətli, ardıcıl tibbi yardım göstərildi və onlar hərbi həkim ekspertizasından keçirildi. Bu mürəkkəb və çoxşaxəli sistem nəticəsində həkimlərimiz aprel döyüşlərində uğura nail oldular.
– Döyüşdə yaralanma təbiidir. Bu mənada hərbi cərrahiyyənin fəaliyyəti daha çox diqqət çəkir. Həmin döyüşlərdə cərrahlarımızın fədakarlığı danılmazdır.
– İnkarolunmaz statistik fakt bundan ibarətdir ki, xəstəxanaya çatdırılan bütün yaralılar xilas edilib. Tibb işçilərimizin peşəkarlığı və yüksək tibbi yardımın göstərilməsi nəticəsində hospitala çatdırılan bütün yaralılar xilas edilib. Hətta ağır yaralılarımızdan belə kimsə həyatını itirmədi. Bu, böyük göstəricidir. Məlum zəfərimizdən sonra aprel döyüşlərinin statistikası aparılıb. Həmin döyüşlərin tibbi göstəricilərini Əfqanıstan və Çeçenistan müharibəsinin tibbi göstəriciləri ilə müqayisə etmişik. Nəticələr müqayisəedilməz dərəcədə yüksəkdir. Mürəkkəb yaraların, müştərək travmaların, ağır travmaların əməliyyatdan sonra sağalma göstəriciləri aprel döyüşlərində çox mükəmməl səviyyədə fərqləndi. Biz bu nəticələri müəyyən elmi-praktiki konfranslarda, simpoziumlarda elan etmişik.
Yeri gəlmişkən, Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənovun təqdimatına əsasən, Beynəlxalq Hərbi Tibbi Komitəyə üzv olmuşuq. Bu nəticələri həmin komitənin iclaslarında, elmi-praktiki konfranslarında və simpoziumlarında da elan etməyi nəzərdə tuturuq.
Hərbi hospitalda xidmət edən cərrahlar, anestezioloqlar, tibb bacıları üçün hər əsgərin həyatı orduya sayğıdır. Qürurla deyə bilərik ki, Ali Baş Komandanın dediyi bir fikri hərbi səhiyyəmizə də şamil edə bilərik: “Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır”. Yəni, Azərbaycanın hərbi səhiyyəsi nəinki bölgədə, dünya miqyasında ən güclü səhiyyələr sırasındadır. Sülh danışıqları baş tutmasa ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı döyüşlə azad edəcək. Hərbi səhiyyəmiz o döyüşlərə tam hazırdır. Aprel döyüşləri təsdiqlədi ki, döyüşlər olarsa, Azərbaycanın hərbi səhiyyəsi itkilərin qarşısını maksimum səviyyədə alacaqdır.
– Bu nəticələrə hansı amillərin sayəsində nail olunub?
– Birincisi, tibb işçilərimizin peşəkarlığı sayəsində. Döyüşlərdə yaralıya ilk çatan sanitar-təlimatçının, sanitar-atıcının ona təxirəsalınmaz yardım göstərilməsi nəticəsində yaralılar həlak olmadı. Hər bir tibb işçisinin zəhmətini, əziyyətini çox yüksək qiymətləndirirəm. İkincisi, yaralanma anında yüksək keyfiyyətli tədbirlərin görülməsi nəticəsində. Güllələr altında, döyüşün getdiyi şəraitdə yaralıya ilk tibbi yardımın göstərilməsi, şok əleyhinə tədbirlərin aparılması, qanaxmanın dayandırılması, onların döyüş bölgəsindən çıxarılması və təxliyəyə hazırlanması ölümün qarşısının alınmasının əsas səbəblərindəndir. Üçüncüsü, hərbi tibb işçilərimizin vətənpərvərliyi sayəsində. Heç nədən qorxmadan, çəkinmədən yaralananları döyüşlərdən çıxarmaq da fədakarlıqdı. Tibb işçilərimiz atəş altına düşsə də, bəzən yaralansa da, onların vətənpərvərliyi, vəzifə borclarını layiqincə yerinə yetirməsi, peşəkarlığı, o cümlədən dövlətinə, xalqına, Ali Baş Komandanına inamı sayəsində aprel döyüşlərində uğura nail olduq. Bütün bunların sayəsində aprel döyüşlərində göstərdiyi fədakarlığa görə 200-dən çox əməkdaşımız cənab Ali Baş Komandan, Müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və Tibb Baş İdarəsinin rəisi tərəfindən mükafatlandırıldı.
– Yaralıların müalicəsi Sizin nəzarətiniz altında həyata keçirilib. Döyüşlər vaxtı özünüz mobil səhra hospitalında olmusunuz. Həmin dönəmdə mobil səhra hospitalının fəaliyyətini necə dəyərləndirirsiniz?
– İstifadəmizdə olan mobil səhra hospitalı dünyada istifadə olunan ən mükəmməl və ən müasir mobil hospitalardan biridir. Orada həm ixtisaslaşdırılmış tibbi yardım, həm də yüksək səviyyəli tibbi yardım göstərmək olar. Bizim stasionar hospitalda etdiyimiz qarın boşluğu, döş qəfəsi cərrahiyyə əməliyyatları, neyrocərrahiyyə, göz və lor xəstəliklərinin bütün müayinələri, MRT-dən başqa diaqnostikanın bütün müayinələrini mobil hospitalda etmək mümkündür və edirik.
– Aprel döyüşləri həm də təcrübə baxımından hərbi səhiyyənin təkmilləşməsinə təsir göstərdi.
– Müxtəlif səviyyəli və xarakterli yaralıların operativ müayinəsi, əməliyyat aparılması və yaralının həyata qaytarılması hərbi səhiyyəmizin hansı səviyyədə olduğunu göstərdi. Hər əməliyyat, müəyyən mənada,  təcrübə deməkdir. Müharibədə də, dinc dövrdə də. Bu baxımdan aprel döyüşləri hərbi cərrahiyyənin təkmilləşməsində, əməliyyatdan sonra müalicə prosesində optimal üsullardan istifadə edilməsində müəyyən rol oynadı.
– Ordumuzun 100 illiyi ərəfəsindəyik. Hərbi səhiyyənin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərinizi öyrənmək istərdik.
– Qarşıda duran perspektiv planlarımızı Müdafiə nazirinin təsdiq etdiyi növbəti 5 illik plana əsasən qururuq. Fəaliyyətimiz planlı şəkildə aparılır. Hər hansı hospitalın və ya poliklinikanın tikilməsi Tibb Baş İdarəsinin Elmi Tibbi Şurası tərəfindən araşdırılır, alimlər, mütəxəssislər, uzun müddət təcrübəsi olan hərbi həkimlər tərəfindən  müzakirə olunduqdan sonra qərar qəbul edilir. Daha sonra Müdafiə nazirinə və son olaraq ölkə Prezidentinə məruzə olunur.  Ən böyük planımız kadr potensialımızı artırmaq və dünyanın inkişaf etmiş ölkələrinin tibb müəssisələri ilə əlaqələr yaratmaqdı. Türk Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya Federasiyası, Pakistan, Amerika Birləşmiş Ştatları ilə və digər inkişaf etmiş dövlətlərin Silahlı Qüvvələrinin tibb xidmətləri ilə əlaqələrimiz var. Bu gün kursantlarımız, həkimlərimiz həmin dövlətlərdə ixtisasartırma və müxtəlif kurslarda iştirak edir, təhsilini artırırlar. Nəticədə  yüksək peşəkar həkimlərin hazırlanmasına nail oluruq. Hərbi qulluqçularımız əmin olurlar ki, onların və ailə üzvlərinin sağlamlığının keşiyində peşəkar həkimlər dayanır, dayanacaq.
– Həmin həkimlər hansı kriteriyalar əsasında seçilir və hazırlanır?
– Ən çox cəbhə bölgəsində uğurlu xidmət edən zabitlərimiz seçilir. O zabitlər ki, onların elmə, təhsilə, inkişafa meyilləri var. Müxtəlif test imtahanlarında iştirak etmək istəyən hərbi qulluqçularımıza geniş imkanlar yaradılıb. Onların yüksək səviyyəli təhsilindən qazanan xalqımızdı, Azərbaycan Ordusunun şəxsi heyətidi. Bu gün fəxrlə deyə bilirik ki, respublikamızda  böyük nüfuza malik kardiocərrahlarımız var. Lor, cərrahiyyə, ginekologiya və digər şöbələrimiz də xidmətlərini yüksək səviyyədə qurublar. Bütün bunlara peşəkar və təhsilli həkimlərimizin sayəsində nail olmuşuq. Bir sevindirici faktı nəzərinizə çatdırmaq istəyirəm ki, Türkiyədə təhsil almaq məqsədilə 5 nəfər zabitimiz öz təşəbbüsü ilə Türkiyədə TUS imtahanlarını qazanıblar.
– Bu gün Ali Baş Komandanın, Müdafiə nazirinin tibb xidməti qarşısında qoyduğu əsas prioritet məsələ nədir?
– Ali Baş Komandan və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qarşımıza qoyulan bir məqsəd var – xəstəliklərin yaranmasının və yayılmasının qarşısını almaq, xəstələnmə halları olarsa, hərbi qulluqçulara vaxtında tibbi yardım göstərmək, onların müalicəsini, təxliyəsini keyfiyyətli təmin etmək, tez bir zamanda reabilitasiyasına nail olmaq. Biz də fəaliyyətimizin əlaqəli şəkildə qurulması sayəsində qarşımıza qoyulan tapşırığa nail olmağa çalışırıq. Cənab Prezident Hərbi Dəniz Qüvvələrinin yeni istifadəyə verilmiş binasının, Şəmkirdə yerləşən mobil səhra hospitalının, Baş Klinik Hospitalın açılışında fəaliyyətimizi yüksək qiymətləndirdi.
– Azərbaycan Cümhuriyyətinin, o cümlədən Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə şəxsi heyətə təbrikinizi  də eşitmək xoş olardı.
– Mən Azərbaycan Ordusunun 100 illiyi münasibətilə, başda Ali Baş Komandanımız olmaqla, Müdafiə Nazirliyinin rəhbərliyini, bütün hərbi qulluqçuları tibb heyəti adından təbrik edirəm.
– Müsahibəyə görə çox sağ olun.
Müsahibəni apardı:  Məhəmməd ƏLİYEV, “Azərbaycan Ordusu”