General-mayor bəyanat verdi

55

Rusiyada yaşayan azərbaycanlı general bəyanat verdi –Mətn

“Belələrinin içərisində əvvəllər tanıdığım və səmimiyyətinə şübhə etmədiyim “dostlarım” da var”

88

Hazırda Rusiyada yaşayan keçmiş daxili işlər nazirinin müavini, istefada olan general-mayor Rafiq Ağayev seçkiöncəsi Azərbaycan xalqına müraciət edib. General-mayor redaksiyamıza göndərdiyi bəyanatda maraqlı məqamlara toxunub. Bəyanatı olduğu kimi təqdim edirik:
“Son zamanlar Rusiyada yaşayan azərbaycanlılar barəsində ictimaiyyət arasında müxtəlif fikirlərin dolaşması, şəxsi niyyətlərini həyata keçirməyə cəhd göstərən bəzi soydaşlarımızın xoşagəlməz əməlləri bizi narahat etməyə bilməz. Bu cür söz-söhbətlərin genişlənməsi, ayrı-seçkiliyə fürsət verən antimilli təbliğatın aparılması Azərbaycan üçün arzuolunmaz problemlər yaradır. Vətən anlayışı, dövlətçilik ideyaları hər şeyin fövqündə dayanmalıdır. Onu şəxsi mübahisələr və intriqalar səviyyəsinə endirmək olmaz. Əks təqdirdə Azərbaycan dövlətçiliyi qarşısında bağışlanılmaz günahlar işlətməklə, həm də xalqın parçalanmasına yol vermiş oluruq. Əsl vətəndaş mövqeyi ilə müstəqil Azərbaycanın inkişafına, milli həmrəyliyimizin möhkəmlənməsinə çalışmalıyıq. Xüsusilə Azərbaycanın müharibə şəraitində olduğu bir vaxtda daha sıx həmrəylik nümayiş etdirməli, xalqımızı bölməyə çağıran bəyanat və çıxışlara, öz iddialarını reallaşdırmaq üçün müxtəlif əməllərə əl atan qüvvələrə qarşı öz gücümüzü birləşdirməliyik.
Milli mütəşəkkillik Azərbaycanın gələcək inkişafında və onun beynəlxalq miqyasda yerinin möhkəmlənməsində başlıca şərtdir. Bu, bizim istər siyasi, istər ictimai, istərsə də vətənpərvərlik baxışlarımızın əsasını təşkil etməlidir. Mübağiləsiz deyə bilərəm ki, bu mənəvi keyfiyyətlər Rusiyada yaşayan soydaşlarımızın böyük əksəriyyətinin həyat amalını təşkil edir. Rusiyanın bir çox yerlərində fəaliyyət göstərən mədəniyyət mərkəzlərimiz, diaspora təşkilatları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayır. Sağlam təfəkkürlü minlərlə soydaşımız bu qurumlarda təmsil olunaraq Azərbaycanın mənafeyini göz bəbəyi kimi qoruyur, erməni təbliğatına qarşı mübarizədə səy və bacarıqlarını əsirgəmədən düşmənin işğalçılıq siyasətini, tariximizi, mədəni irsimizi saxtalaşdırmaq cəhdlərini təsirli şəkildə ifşa edir. Bizim bir düşmənimiz var. Ona görə də bir-birimiz arasında ayrı-seçkilik salmaqdansa əzəli düşmənə qarşı mübarizədə hərəmiz öz töhfəmizi ortaya qoymalı, taleyüklü məsələlərdə Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü xarici və daxili siyasətə öz dəstəyimizi verməliyik.
Təəssüflə deməliyəm ki, ölkəmizdə baş verən nailiyyətləri gözü götürməyən, şəxsi maraqlar naminə asanlıqla hər şeyin üzərindən xətt çəkməyi özünə rəva görən soydaşlarımız da aramızda yox deyilir. Mən belələrini istisna olsa da, Rusiyanın bəzi bölgələrində, elə paytaxt Moskvanın özündə də görürüəm. Vətəndən kənarda dövlətə qarşı bu cür işlərin aparılmasını sadəcə başa düşmək çətindir. Burada ad çəkməyə lüzum yoxdur. Lakin ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin uzun illər yaxşılıq etdiyi və vəzifələrə irəli çəkdiyi adamların cafəşanlığına təəssüflənməyə bilmirsən. Düşünürsən ki, görəsən, bunları birdən –birə dəyişdirən nə oldu, keçmişlərinə balta çalmağa onları hansı səbəblər vadar etdi?! Belələrinin içərisində əvvəllər tanıdığım və səmimiyyətinə şübhə etmədiyim “dostlarım” da var. İndi buna görə, dərin peşmançılıq hissi keçirirəm. Həyatda bağışlamadığım bir şey varsa, o da insanın təmizliyindən istifadə edərək onu öz şəxsi iddialarıın girdabına salmaqdır. İstəmirəm mötərizəni açam. Yəqin ki, müraciətimi oxuyarkən “dostum” nələrdən danışa biləcəyimi anlamış olacaq.
Yanlış addımlarla hər şeydən əvvəl Azərbaycanı istəməyən qüvvələrin fəallaşmasına şərait yaradırıq. Ona görə də ambisiyaları, qarşıdurmaları bir kənara qoyub hamımız Azərbaycan dövlətçiliyinin inkişafına öz xidmətlərimizi göstərməli, prezident İlham Əliyevin ümummilli ideyalarla bağlı müəyyən etdiyi siyasət ətrafında birləşməliyik. Vətənimizin gələcəyi və tərəqqisi məhz bu siyasətə söykənir.”