General Natiq Əliyev prezident seçildi

Bakıda Avropa Universal Döyüş Federasiyasının Konqresi keçirilib.
XALQ.AZ xəbər verir ki,  konqresdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev, Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Vasili Otkidaç, Asiya Universal Döyüş Federasiyasının prezidenti Zokirbekov Yaşnarbek, Azərbaycan Universal Döyüş Federasiyasının (AUDF) prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının birinci vitse-prezidenti Azər Həsənov, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan AUDF-in prezidenti A.Həsənov Konqresin Azərbaycanda təşkil olunmasını əlamətdar hal kimi dəyərləndirib. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan federasiya prezidenti respublikamızda universal döyüşün inkişafından və bu sahədə əldə olunan uğurlardan söz açıb.
Bildirib ki, Konqresin respublikamıza həvalə olunması Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının nəticəsidir.
Latviya, Litva, Estoniya, Rusiya, Bolqarıstan, Türkiyə, Ukrayna, Rumıniya və digər ölkələrdən olan İcraiyyə Komitəsi üzvlərinin iştirakı ilə keçirilən Konqresin seçki mərhələsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev yekdil səsverməyə əsasən Avropa Universal Döyüş Federasiyasının prezidenti seçilib. Qurumun vitse-prezidenti vəzifəsinə İvan Tanyev və Nevzat Varol təyin olunub. Aydın Abdullazadə isə federasiyanın baş katibi seçilib.
Avropa Universal Döyüş Federasiyasının yeni prezidenti N.Əliyev çıxış edərək ona göstərilən etimadı yüksək qiymətləndirib.
“Bu etimad, əlbəttə ki, dövlətimizə, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə göstərilən etimaddır. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra ölkəmizdə idman sahəsi daha sürətlə inkişaf edib. Hazırda Azərbaycan dünya idman ailəsinin ən layiqli üzvlərindən biridir. Respublikamız dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmançılarımız dünyanın ən mötəbər yarışlarında ən yüksək nailiyyətlər qazanırlar. Sevindirici haldır ki, son dövrlərdə Azərbaycan nümayəndələri bu və ya digər beynəlxalq qurumlarda layiqincə təmsil olunurlar. Bu günlərdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin Regional Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti və qurumun icraiyyə komitəsinin üzvü seçilmişdir. O cümlədən, həmyerlimiz Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsində çalışır. Bu uğurlar onu göstərir ki, beynəlxalq aləmdə Azərbaycana yüksək səviyyəli etimad göstərilir”, – N.Əliyev əlavə edib.
AUDF-in fəaliyyətindən və nailiyyətlərdən danışan N.Əliyev əsas məqsədin Beynəlxalq Hərbi İdman Şurasına daxil olmaq və Azərbaycanı orada layiqincə təmsil etmək olduğunu vurğulayıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti X.İsayev qonaqları salamlayıb və N.Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib. O, Azərbaycanda idmanın inkişafından danışıb və respublikamızda universal döyüşün təbliğinin əhəmiyyətini yüksək qiymətləndirib.
X.İsayev deyib: “Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idman sahəsində apardığı uğurlu siyasətin nəticəsidir ki, respublikamızda idman və Olimpiya hərəkatı inkişaf edir. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, Azərbaycan dünyada ən nüfuzlu idman ölkələrdən birinə çevrilib. Güc strukturlarında əsas idman növü kimi tətbiq olunan universal döyüşün təbliği və inkişafı yeniyetmə və gənclərin vətənpərvər ruhda böyümələri baxımından çox əhəmiyyətlidir. İnanıram ki, Natiq Əliyev Avropa Universal Döyüş Federasiyasının rəhbəri kimi, həm qitə, həm də Azərbaycan idmanının inkişafına öz töhfəsini verəcək”.
Konqresdə həmçinin gündəlikdə olan bir sıra vacib məsələlər müzakirə olunub, universal döyüşün Avropada inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Orxan

Comments are closed.