General qəbul keçirəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 15-də Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında saat 11:00-dan vətəndaşları qəbul edəcək. Fövqəladə Hallar Nazirliyindən XALQ.AZ-a bildiriblər ki, qəbulda yalnız Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Vətəndaşların qeydiyyatı Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında martın 14-də saat 09:00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.