Geyim mağazalarında virus təhlükəsi – Baş infeksionist

Aprelin 27-dən etibarən bir sıra iş və xidmət sahələrində fəaliyyət bərpa olunub. Bunların siyahısında geyim satışı, ayaqqabı və dəri məmulatlarının satışı da var.

Nəzərə alsaq ki, 1 aya yaxındır ki, geyim mağazaları bağlıdır insanların bu mövzuda ehtiyacının artdığı da qaçınılmazdır. Elə bu səbədən də paltar mağazalarına axın çoxalıb. İnsanların isə kütləvi olduğu məkanlarda virusun yayılma riski daha təhlükəlidir.

Maraqlıdır, geyim mağazalarına belə axın olduğu halda paltarlar vasitəsilə virus yoluxa bilərmi?

XALQ.AZ xəbər verir ki, bununla bağlı danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyir ki, mağazada geyimlərə toxunduqdan sonra əlləri göz və üz nahiyyəsinə toxundurmaq təhlükəlidir:

“Virusa yoluxma halı mağazalarda daha çox insanın bir yerə toplaşması zamanı təhlükəlidir. Satıcılar gigiyenik qaydalara əməl etməli, mağazada az insan olmasına diqqət yetirməlidirlər. Virusun əşya üzərində qalması ilə bağlı bir sıra mübahisəli məqamlar var. Bir qrup tədqiqatçılar deyirdi ki, dəmir, plastik və şüşə əşyaların üzərində virus 3 günədək qala bilir. Amma almanların apardığı son müşahidələr göstərir ki, virus əşya və geyimlərin üzərində 1-2 saat qala bilir.

İnsanlar geyim mağazalarına gedəndə çalışmalıdır ki, paltarlara toxunduqları üçün əllərini üz və göz nahiyyələrinə vurmasınlar. Mağazadan çıxdıqdan sonra mütləq əllər dezinfeksiya olunmalıdır, sabunla yuyulmalıdır. Əsas qorxduğumuz məqam odur ki, virus hava-damcı yolu ilə artsın, əşya və geyimlər üzərindən virusun geniş yayılma ehtimalı aşağıdır”.