Gimnast qızlarımız vətənə medallarla qayıtdılar

Gimnast

Azərbaycan gimnastları Dünya Kubokunun Lissabonda keçirilmiş mərhələsində ikisi qızıl olmaqla, dörd medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 14 yaşlı bakılı idmançı Jalə Piriyeva Dünya Kuboku çərçivəsində yuniorların turnirində üzərində Portuqaliya bayrağının rəmzi lenti təsvir edilmiş diskə oxşar mükafatlar qazanıb.

Jalə əvvəlcə halqa ilə necə çıxış etmək lazım olduğunu o qədər virtuoz şəkildə nümayiş etdirib ki, Atlantik okeanın həm şərq, həm də qərb sahillərindən həftə sonunda Portuqaliya paytaxtındakı idman kompleksinə gəlmiş tamaşaçılar gimnastımızın bu bənzərsiz çıxışını böyük maraqla izləyiblər.

Lent ilə hərəkətlərin yekununa görə mükafatlar təqdim edilən anda Azərbaycanın himni ikinci dəfə səslənib. Bu anda həm ikinci medala görə sevinən, həm də öz ölkəsinə görə qürur hiss keçirən Jalə hamıya Bakıdan atəşin salamlar çatdırıb.
Marina Durundanın da medal ambisiyaları çox güclü idi. O, dörd mümkün finaldan üçünə vəsiqə almışdı. Bu mərhələdə top ilə hərəkətlər onun üçün ən məhsuldar final olub və komandamızın aktivinə bir bürünc medal əlavə edilib.

Ölkəmizin qrup komandası da iki finalda çıxış edib. Lakin bu dəfə qızlarımız yalnız dördüncü yerlə kifayətlənməli olublar. Çoxnövçülükdə isə Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva ispaniyalı rəqiblərindən sonra ikinci yeri tutaraq gümüş medallara layiq görülüblər.

Azərbaycan gimnastları növbəti dəfə öz məharətlərini İtaliyanın Pesaro idman kompleksində nümayiş etdirəcəklər. Burada aprelin 11-dən 13-dək növbəti Dünya Kuboku və yuniorlar üçün beynəlxalq turnir keçiriləcək.

Qeyd edək ki, növbəti Avropa çempionatı iki aydan sonra Azərbaycan paytaxtında keçiriləcək.