Gizli neft satanlar peyda olub

44

 

 

Aydın Bəşirovun əsas adamlarından biri sayılan Qəhrəman Həsənov gəmisinin kapitanı uzunmüddətdir bu işlə məşğul olurmuş

Son dönəmlər Azərbaycan neftinin gizli şəkildə satılmasına dair xeyli məlumatlar ortaya çıxıb. Sonuncu belə bir məlumat isə bu yaxınlarda ARDNŞ-lə bağlı yayımlanıb. Orada ARDNŞ prezidentin Rövnəq Abdullayevin yaxın qohumu olan Anar Əliyevin neftimizi xaricə satdığı vurğulanırdı.

Bu ərəfədə JAM.AZ-ın ünvanına gizli şəkildə neft satışından əldə olunan gəlirlərlə bağlı yeni bir məlumat daxil olub. Düzdür, burada satış həcmini İngiltərə təşkilatının yaydığı məlumatlarda göstərilənlərlə eyniləşdirmək olmaz. Amma Türkmənistana daşınan neftin yolda satılması xəbəri də sıradan bir hal kimi qəbul edilən deyil.

Məlumatlarda vurğulanır ki, Xəzər Dəniz Gəmiçiliyində (XDG) neft satışı ilə məşğul olan xüsusi dəstə fəaliyyət göstərir. Həmin iddialara görə, bu dəstə uzun illərdən bəri dənizdəki əksər gəmilərin yanacaqla təminatını həyata keçirirlər. Qeyd olunan dəstənin ən aparıcı üzvlərindən biri kimi isə Qəhrəman Həsənov adına gəminin kapitanı Teymur Qurbanov göstərilir. İddialara görə, kapitan Qurbanovun gəmisi Bakı-Türkmənbaşı marşurutu üzrə hərəkət edir. Əsas missiyası da Türkmənistana yanacaq daşımaqdan ibarətdir.

Həmin məlumatlara inansaq belə məlum olar ki, Teymur Qubanov gəmisinə yüklənmiş neftin 30 faizə qədərini elə yoldaca satır. Uzun illərdir bui şlə məşğul olan gəmi kapitanının əsas müştəriləri də elə dənizdədir. Belə ki, onun nefti Xəzərdəki digər gəmilərə ucuz qiymətə satdığı deyilir. Və bu zaman heç də kiçik rəqəmlərlə ifadə olunmayan qazanclar əldə etdiyi vurğulanır.

Məlumatlarda qeyd olunur ki, XDG-nin keçmiş rəhbəri Aydın Bəşirovun ən yaxın adamlarından biri sayılan Teymur Qasımov satdığı neftdən əldə etdiyi gəlirin bir qismini elə sözügedən şəxsə verirmiş. İndi isə onun bu pulları kimlərlə paylaşdığı hələlik məlum deyil. Amma bilinən odur ki, gəmi kapitanı əldə etdiyi qazancın bir qismini ekipaj üzvləri ilə bölüşməyi də unutmur. Səs-səmir çıxmasın deyə belə bir addım atdığı vurğulanır.