Gömrük məmurları ilə sahibkarın təması azaldılır

2019-cu il fevralın 1-dən iş adamları idxal-ixrac əməliyyatlarını gömrük məmurunun iştirakı olmadan, öz ofislərindən apara biləcəklər.

XALQ.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sözlərinə görə, 2019-cu il ərzində sərhəd-keçid məntəqələrində infrastruktura yenidən baxılaraq sərhəd ticarətinin daha da asanlaşdırılması üçün işlər görüləcək.

Eyni zamanda, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərinin minimuma endirilməsi istiqamətində tədbirlər reallaşdırılacaq. Bu sahədə “Yaşıl dəhliz” sisteminin tətbiqi həm idxal, həm də ixrac əməliyyatları üçün genişləndiriləcək. Sahibkarlar mallarını insan amili olmadan anbarlara boşalda biləcəklər.

Eyni zamanda, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etməklə mövcud alət və vasitələrin tətbiqi əsasında beynəlxalq ticarətin asanlaşdırılması və xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Səlahiyyətli İqtisadi Operator üzrə qanunvericilik bazasının yenidən işlənməsi, Səlahiyyətli İqtisadi Operator institutunun inkişafı, xarici ticarət iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi və bu statusu əldə etmiş şəxslərlə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi üzrə işlərin görülməsi əsas hədəflərdəndir.

S.Mehdiyev bildirib ki, Azərbaycanda tətbiq olunan gömrük rüsum dərəcələri çoxpilləli (0, 0.5, 1, 3, 5, 10, 15) sistemdən azpilləli (0, 5, 15) sistemə keçirilib. Onun sözlərinə görə, daxili bazarın qorunması, yeni istehsal sahələrinin yaradılması və genişləndirilməsi, eyni zamanda, qeyri-neft sektorunun inkişafı nəzərə alınmaqla, ixrac yönümlü malların istehsalının və ixrac potensialının artırılması məqsədilə zərurət yarandıqca gömrük-tarif tənzimləmə prosesinin təkmilləşdirilməsi bundan sonra da davam etdiriləcək.

 

Orxan