“Gömrükdə uçotun pərakəndəliyi xeyli vəsaitin müxtəlif şəxslərin cibinə getməsinə səbəb olurdu”

“2020-ci ilin əvvəllərindən başlayaraq davamlı islahatlar yolunda qətiyyətli iradəsini ortaya qoyan Azərbaycan hökuməti iqtisadi inkişaf hədəflərinə uyğun siyasəti davam etdirməkdədir. Cari ilin ilk rübündə iqtisadi artmın əldə olunması ümidverici inkişafa dərin zəmin yaratsa da, bütün dünya ölkələrinə sarcısıdıcı zərbə vuran qlobal təhdid – koronavirus pandemiyası Azərbaycanın da iqtisadi planlarına ciddi təsirlərini göstərsə də, dövlət başçısının müdrik və uzaqgörən qərarları sayəsində qlobal müharibə ilə mübarizədə bütün iqtisadi və sosial resurslarını səfərbər edən hökumət komandası tərəfindən mükəmməl antiböhran proqramı hazırlanması və icra edilməsi dayanıqlı inkişafın qorunub saxlanmasına səbəb olub”.

Bunu XALQ.AZ-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

 Onun sözlərinə görə, respublikamız 2020-ci ilin ötən 4 ayında iqtisadi artım əldə edib və bütün iqtisadi-sosial hədəfləri müəyyən edilmiş strateji plana uyğun olaraq yerinə yetirməkdədir.  “Bu gün həyata keçirilən məqsədyönlü siyasət iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyi istiqamətlərində uğurlarımızı təmin etməkdədir. Azərbaycan hökumətinin mövcud inkişaf yolunu müəyyən edən bu proqramlar həm böhrandan çıxış üçün, həm də böhrandan sonrakı iqtisadiyyatın yeni yol xəritəsidir. Makroiqtisadi tarazlığın qorunması, biznesin iqtisadi fəallıq gücünə stimulların verilməsi, iqtisadiyyatın və sahibkarların güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlətin kredit-zəmanət dəstəyi, vergi ödəyicilərinə bank kreditləri üzrə dəstək tədbirləri və uzunmüddətli vergi tətilləri vaxtında verilmiş qərarlar olmaqla, mümkün mənfi təsir ssenarilərdən uzaqlaşmağa və sağlam, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına imkan verməkdədir”- deputat vurğulayıb.

Aydın Hüseynov qeyd edib ki, ölkəmizin iqtisadi inkişafında aparılan qətiyyətli islahatlar mühüm əhəmiyyət kəsb edir. “ Son dövrlərdə “kölgə iqtisadiyyatı”nın qarşısının alınması, ikili mühasibatlıqla və qeyri-rəsmi məşğulluqla mübarizə tədbirlərinin səmərəliliyi ilə seçilir və görülən tədbirlər müsbət nəticələr verib. Vergi və gömrük orqanları ötən dövlət büdcəsinə 1 milyard manatdan artıq, cari ilin ilk 3 ayında isə 300 milyon manatdan artıq əlavə vəsait ödəyibdir, həmin vəsaitin əsas mənbəyi isə “kölgə iqtisadiyyatı”nın təsirlərinin azaldılması və şəffaflığın təmin edilməsi nəticəsində əlavə yığımlardır. Ötən illərdə düzgün uçot aparmayan, işçilərlə əmək müqaviləsi bağlamayan yüzlərlə müəssisə hər ay milyonlarla manat vəsaiti vergi və sosial müdafiə orqanlarından gizlədirdi. Eləcə də gömrükdə uçotun pərakəndəliyi xeyli vəsaitin müxtəlif şəxslərin cibinə getməsinə səbəb olurdu. Həmin hallara qarşı aparılan mübarizənin ilkin mərhələsində hökumət kifayət qədər istədiyi hədəfə nail oldu. Məsələn, 2019-cu ildə aparılan inzibati tədbirlər nəticəsində ölkədə əlavə olaraq 153 min əmək müqaviləsi bağlandı. Onun 99 mini, yəni, böyük hissəsi məhz özəl sektorun payına düşür. Bu isə əmək bazarında əməkhaqqı fondunun artmasına güclü təsir göstərib, ötən il  əməkhaqqı fondu 42,3 faiz artıb. Bu isə büdcəyə həm vergi, həm də soisaa müdafiə haqlarının həcminin artmasına səbəb olub. Eyni zamanda, əmək müqavilələrinin sayı 2019-cu ildə 153 mindən çox artıb. 2020-ci ilin ilk rübündə büdcəyə qeyri-neft sektoru üzrə daxilolmalar 21,3 faiz artaraq 1,4 milyard manatdan çox olub. Bütün bunlar məhz qeyd etdiyimiz sahələrdə aparılan islahatların nəticəsində mümkün olur”.