Görəcəksiz, tələsməyin, tezliklə şahidi olacaqsız

Bu gün çox sadə sual və onun çox asan cavabı üzərində işləyəcəyik. Beləliklə, Azərbaycan haradır. Mahiyyəti və əhəmiyyəti nədir? Öz vətəndaşı və dünya adamı üçün. Uzaqdan başlayacağıq. Avstriyadan. Vyanadan. Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən ”Dinlərarası və sivilizasiyalar arası dialoqdan bəşəri həmrəyliyə” adlı beynəlxalq konfransdan. Azərbaycan multikultural və bəşəri ideyaların yer kürəsindəki flaqmanı kimi Vyanada dünyanın beş qitəsindən gələn qonaqlarını rəmzi ev sahibləri kimi qəbul edirdi. Bir qədər sonra bu tədbirə. Onun fəlsəfəsinə, əhəmiyyətinə qayıdacağıq. Amma indi bir az əvvəl qoyduğumuz suala qayıdaq. Azərbaycanı, onun idarəçiliyini, bu menecmentin nəticələrini beynəlxalq anlayış və dəyər olaraq şərh etmək üçün bu kiçik Qafqaz Dövlətinə kənardan, aralıdan baxaq. Əvvəlcə bu kənar, bu aralıq barədə. Bu kənarın bir hissəsi İran İslam Respublikasıdır ki, bu həftə, Birləşmiş Ştatların Prezidenti Trampa inansaq böyük bir müharibənin, bəlkə də dünya müharibəsinin 10 dəqiqəsindən qayıtdı. Tehran Pentaqonun Nəhəng və superimkanlara malik Pilotsuz Aparatını vurdu:
Ardınca isə özünəməxsus Tramp hədələdi.
Görəcəksiz, tələsməyin, tezliklə şahidi olacaqsız.
Tehranın növbəti şifahi cavabından isə bəlli oldu ki, İran İslam Respublikası zarafat eləmir. Çünki əgər Tramp “mənə dedilər ki, İrana endirəcəyimiz zərbələr nəticəsində 150 nəfər həlak olacaq” deyə həmlə anına 10 dəqiqə qalmış fikrini dəyişdiyini elan etməklə bütün dünyaya beynəlxalq minnət qoyurdusa, İran bir az da uzağa getdi və ya arxaya qayıtdı. Bildirdi ki, Pilotsuz Aparatı vurduğu gün hava sərhədini pozmuş ekipajla dolu başqa bir təyyarəni də məhv edə bilərmiş. Amma rəhmi gəlib etməyib. Vəziyyət oduqca mürəkkəb idi. Belə bir vəziyyətdə beynəlxalq şəraitin aparıcı fiqurları ya susdular, ya da çox ehtiyatlı davrandılar. Məsələn, Rusiya prezidenti Putin kimi lider və bu ölkənin kütləvi informasiya vasitələri özlərinə o qədər də bənzəmədilər. Düzdü, Kreml nəzəri dəstək nümayiş etdirdi, amma biz Moskvadan adətən eşitdiyimiz tonu və açıq sərt mövqeyi görmədik. Moskvada yəqin başa düşdülər ki, bu dəfə artıq özünü xüsusi statusda təqdim etməyin, iki polyarlıq dünyanın digər aparıcı qanadının baş lələyi kimi aparmağın yeri yoxdu. Trampdı da vurdu, vurdu. Suriyada olmamışdı məgər. Bir sözlə yaxın dost və qardaş İran kənarımız belə. Azərbaycana kənardan baxışımız davam etdiririk. Yaxın qonşumuz, strateji müttəfiqimiz, ürəyi istəyəndə qardaşımız Gürcüstan bir günün içində qarışdı. Dünən yox srağagünədək bizə az qala nümunə kimi göstərilən, Avropa Dəyərlərinin nümunəvi məkanı adını daşıyan Sakartvelo kiçik bir kreslonun müvazinətini saxlaya bilmədi. Gürcüstan Ab-havası siyasi qasırğa yaratdı. Aləm dəydi bir-birinə.
Bir qədər əvvəl hakimiyyət böhranı yaşamış, Baş nazirinin istefasıyla barışmış dövlət yenidən oxşar vəziyyətdədir. Əslində Gürcüstanda ictimai əhval-ruhiyyənin dəyişməsini, cəmiyyətdəki ayrı-ayrı qrupların radikallaşmasını biz hələ Keşikçi qalası ətrafında baş verən, hətta Azərbaycanı provakasiyaya təhrik edən qüvvələrin hərəkətlərində hiss edirdik. Gürcülər yenidən qızğınlaşırdılar və necə deyərlər iki ölkəni birləşdirən taleyüklü maraqlar, Tiflisin, xüsusilə Bakının diplomatik soyuqqanlığı hər hansı davakarlığa, dəliqanlığa imkan vermədi. Amma xətər bizdən sovuşdusa da necə deyərlər qalxıb öz qoltuqlarına soxuldu. Bununla da Gürcüstan-Rusiya münasibətləri təbiət etibarilə 2008-ci ilin vəziyyətinə qayıtdı. Və bəlkə də elə 2008-ci ili, Gürcüstanı sülhə vadar etmə əməliyyatını daha yaxşı yada salmaq üçün idi ki, Baş Nazir Medvedyev də danışdı. Burda bir kiçik haşiyə çıxmalıyam mən. Tiflisdə pravaslovların Parlamentlərarası Assamleyasının Baş Sessiyasında iştirak edən dövlətlər arasında Ermənistan da var idi. Və onurğa beynim mənə deyir ki, bəlkə də o kreslo provakasiyasında ermənilərin də əli və ya yanı var. Çünki ara qarışıb mazxab itən kimi, ermənilər zalı tərk ediblər. İki od arasında qalmışdıq. Bir yanda müttəfiqlərimiz, o biri yanda isə qardaş xalq. Ona görə də qarışmadıq və çıxdıq. Ermənistan parlamentinin vitse-spikerinin etirafıdır bu. Niyə görəsən? Niyə yalnız ermənilər?!
Məncə araşdırılmasına ehtiyac olan detaldır. Bəlkə məsələ heç nə monastır öcəşməsində, nə də provaslavların baş sessiyasında deyil. Bəlkə Ukrayna və Rusiya dindarlarının ayrılması tək burda da belə bir əməliyyata hazırlaşılır. Axı Rusiya-Ukrayna xalqlarını həm də və daha çox böyük Kilsə saxlayırdı. Burda da qan elə bil bir az ora çəkir. Hər şey ola bilər. Rusiya və Gürcüstan münasibətlərində sınanmış fənddir. Bir sözlə biz yaxınlarımızı və daha yaxınlarımızı izlədik. Bu qarışıq, bu təlatüm ərazilərindən sabit Azərbaycana qayıdaq.
Prezident İlham Əliyevin prioritetlərinə baxaq. Dövlətin iradəsi və Xalqın zaminliyi ilə yaradılmış sabitliyin imkanları ilə vətəndaşın rifahı istiqamətində növbəti və daha geniş addım. Məvaciblər, minimum əmək haqqının qaldırılması. Prezidentin islahatlar paketinin ardıcıllıqla icra edilməsi. Sosial dövlət anlayışının hər bir fərdin dilinə dolanışığı, güzəranı vasitəsilə tərcüməsi. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin REAL-a sərəncamlardan dərhal sonra verdiyi müsahibəni əhəmiyyəti və informasiya zənginliyi baxımından mühümlüyünə görə təkrar təqdim edirəm. Amma müsahibədən sonra yenidən studiyaya qayıdacaq Prezidentin təklif etdiyi dövlət-vətəndaş təmasının yeni formatına dünya insanı ilə də yeni ünsiyyət formulu ilə paralel baxacağıq. Prezidenin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla danışacağıq. Amma buna qədər diqqətinizi Sahil Babayevin müsahibəsinə cəlb edirəm.

Yenidən Vyanaya qayıdırıq. Dinlərarası və sivilizasiyalararası dialoqdan bəşəri həmrəyliyə” çağırışı altında keçirilən Beynəlxalq Toplantıya. Prezidentin İctimai-Siyasi Məsələlər Üzrə köməkçisi ilə söhbətimizdə İlham Əliyevin dünya adamı və Azərbaycan insanını eyni dərəcədə əhatə edən siyasi xəttinin həm də fəlsəfi bazasına nüfuz etməyə çalışacağıq.
Vyana konfransı barədə bəzi mülahizələrim də var. Dinlərin, sivilizasiyaların bu görüşü Qafqazın başqa bir əhəmiyyətini də ortaya qoydu. Əlbəttə, dövlət başçısının iradəsi həll edicidir. Çünki bütün hallarda son qərar proseslərin nəticələri və verəcəyi əks-sədaya cavabdeh olan şəxsə, Prezidentə məxsusdur. Əli Həsənovun Prezidentin konfransa ünvanlanmış məktubunu oxuması zamanı müraciətdən dövlətin, onun liderinin dünya dinlərinə və multikultural mühitin planetə yayılmasına göstərdiyi dəstək aydın hiss olunurdu. Və elə buna görə də dünyanın beş qitəsinin təşəkkür ünvanı Bakı, İlham Əliyev idi. Amma unudulmamalıdır ki, konstitusiyamıza görə din dövətdən ayrıdır və buna görə də Prezidentin diqqətini bu prinsipi qətiyyən pozmadan nəinki ölkə civarında, eləcə də dünya miqyasında təşviq etmə, planetar faydaya yönəltmək Qafqaz Müsəlmanları İdarəsinin üzərinə düşür. Bu baxımdan məncə, Bütün Qafqazın Şeyxinin müsahibənin sonunda Prezidentin duaları barədə ifadə etdiyi obrazlı fikir həm də din-dövlət münasibətlərinin əla düsturudur.
Bəli, bu Azəbaycandır, dünyanın, elə qonşularımızın başının, tək başının yox, bütün içinin, vücudunun qarışdığı bir zamanda özünü sülh qasidi kimi təqdim edən, Yeni dünyanın, 4-cü sənaye inqilabının çağırışlarına layiq Azərbaycan. Uğurlu vətəndaş və uğurlu bəşəriyyət planetar fəlsəfəsinin ardıcıl daşıyıcısı. Amma asanmı başa gəldi belə bir dövlət olmaq. Bu Azərbaycanı yaratmaq?! Amerika Birləşmiş Ştatlarının Prezidenti Trampın bu yaxınlarda İlham Əliyevə göndərdiyi məktubda qeyd olunduğu kimi firavan xalqın dövlətini formalaşdırmaq. 25-30 il əvvəlin İrandan aldığı quru lavaş, Rusiydan gələn keçə çadır ümidinə qalan əhali və ərazi yığınını qısa müddətdə dövlətə çevirmək asan olmadı axı. Bu gün ağzı himayədarlarının isti yerində olan çamur və hədyan, söyüş və iaşə müxalifətinin, qara güruhun, xaos qüvələrinin hər addımda Azərbaycanı murdarlamaq cəhdi 25-30 il əvvəldən baxanda çox gülünc görünür. Biz Ən Yaxın Tariximizi göstərməkdə davam edirik. Ona görə ki, vətəndaş uğursuz keçmişinə göz yumub uğurlu gələcək vəd edən dil pəhəlvanlarını, yalancıları, boşboğazları tanısın. Onların bu günkü çıxışlarına bizim göstərdiyimiz arxiv materialları fonunda baxsın. İlham Ələkbərovla studiyadayıq. İndi onunla birlikdə şərh edəcəyimiz kadrların operatoru o deyil. Amma həmin hadisələri lentə alınarkən İlham da şahid olub.
Beləliklə. Kəlbəcər. 1993-cü ilin apreli. Yaralı əsgərlər quru yerdədi. Baş Nazir Pənah Hüseynov helikopterlə gəlir və yarıtmaz hərbi siyasətin hərbi və mülki qurbanlarının yanından keçərək kadrdan çıxır.

İndi isə Ağdama gedəcəyik.
Deməli 1993-cü ildir. Bütün hərbi idarəçilik Elçibəyin, Rəhim Qazıyevin, ordunun kuratoru Əli Kərimlinin əlindədir. Məşhur Qəhrəman Şirin Mirzəyevin meyidini də ilk dəfə görəcəksiniz. Diqqətlə qulaq asır, Danışır və Göstərir TARİX!
Vəssəlam. Müqayisə edək. Paralel aparaq. Baxmayaraq ki, nə vaxtsa kimsə deyib, guya paralellər təhlükəlidir. Amma daha təhlükəlisi də var. Dövləti qəzaya uğratmış bir qrup qeyri-peşəkarın, qara bir güruh parçasının yenidən idarəçilik həvəsinə düşməsinin qarşısında susmaq. Qurulu, formalaşmış bir dövlət maşınını, hamımızın Azərbaycanını aparıb uçuruma aşırmaq istəyən sürücülərin əlinədn pravasını almamaq. Müxalifəti çoxdan dövlətlə düçmənçiliyə çevirmiş siyasi yelbeyinlərə, hakimiyyət üçün axan ağzının suyunu vətəndaş qanına qatışdırmağa hər dəfə amadə olan psixi pozğunlara yenidən etibar etmək. Budu daha təhlükəlisi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.