Goranboyda abadlıq işləri davam edir

 

 

8

Goranboy rayonunda 2013-cü ilin 10 ayında sosial-iqtisadi sahədə böyük işlər görülmüşdür. Makroiqtisadi göstəricilərdə xeyli artım əldə edilmişdir. 2013-cü ilin doqquz ayında ümumi məhsul buraxılışı 114,7 faiz olmuşdur. Kənd təsərrüfatı 10 faiz, tikinti-quraşdırma işlərinin həcmi 4,5 faiz, nəqliyyat xidmətinin həcmi 6,3 faiz, poçt və rabitə xidmətləri 5,0 faiz, ticarət xidməti 7,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 7,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 17,6 faiz artmışdır. 1090 yeni iş yeri açılmışdır ki, bunun 648-i daimi iş yeridir. Rayonda geniş miqyaslı tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Goranboy şəhərinə Gəncə istiqamətindən girişdə yeni divar tikilmiş, aqlay daşı ilə üzlənmişdir. Həmin əraziyə 3000 kub.metr torpaq daşınmış, xeyli miqdarda dekorativ ağaclar və gül kolları əkilmişdir. Heydər Əliyev foto-abidəsinin tikintisi başa çatmış, ətrafı abadlaşdırılmış, yeni işıqlandırma dayaqları quraşdırılmışdır.

Şəhərin Heydər Əliyev prospektində, S.Civəzadə, C.Cabbarlı, R.Rza, V.Bayramov küçələrində, Goran-Goranboy yolunun İrəvanlı kəndi hissəsində divarların tikintisi başa çatdırılmış, divarlara aqlay daşı və süni üzlük daş vurulmuşdur. Bundan əlavə Goran istiqamətindən Goranboy şəhərinə giriş hissədə 300 kv.metr divar tikilmiş, aqlay və qaya daşı ilə üzlənmiş, həmin əraziyə 1200 kub.metr torpaq daşınmışdır. Goran-Goranboy avtomobil yolu genişləndirilərək ikitərəfli yol çəkilir. C.Cabbarlı küçəsində də 300 kv.metr divar tikilmiş, sement məhlulu ilə suvanmışdır. Xüsusi gecə görüntüsü yaratmaq üçün divarlarda işıqlandırma sistemi quraşdırılmışdır.

Hazırda R.Mustafayev və C.Cabbarlı küçələrində ikitərəfli yolun tikintisi davam etdirilir, işıqlandırma dayaqları qoyulmuşdur. Qızılhacılı qəsəbəsindən Goranboy şəhərinə girişdə avtomobil yolu boyu mişar daşı ilə divarın tikintisi aparılır.

Heydər Əliyev prospektində 1950 metr bardyor sökülərək yenisi ilə əvəz olunmuş, S.Vurğun küçəsində 350 metr səki yan daşları düzülmüşdür.

Nizami Gəncəvi adına parkın 4 hektar sahəsi olan ikinci hissəsində tikinti işləri davam edir.

Burada və şəhərin digər ərazilərində salınmış yaşıllıq zolaqlarında 22 mindən çox ağac və gül kolları əkilmişdir. «Goranboy» otelinin yanında müasir üslubda parka giriş qapısı tikilir. Parkda əhalinin istirahəti üçün 4 ədəd əyləncə yerlərinin  tikintisinə, 2 ədəd fontanın quraşdırılmasına başlanmışdır. Əlavə olaraq yeni dekorativ ağaclar və gül kolları əkiləcəkdir. Suvarma işinin aparılması üçün müasir suvarma qurğuları quraşdırılır. Parkın ərazisində 850 metr məsafədə ikitərəfli yolun tikintisi aparılır, həm yolda, həm də parkda müasir işıqlanma sistemi qoyulur.

Rayon Qaz istismarı idarəsi və Su-kanal idarəsi üçün inzibati binaların tikintisi başa çatmış, rayon Paylayıcı Elektrik şəbəkəsinin inzibati binasının tikintisi aparılır.

Şəhər Avtovağzalının inzibati binasının tikintisi tamamlanmışdır. Həyətdə avtobusların dayanacaq yerləri tikilmiş, abadlıq işləri aparılmışdır. Avtovağzal açılışa hazırdır.

Şəhərin C.Cabbarlı küçəsində 5 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, baş fasad divarları aqlay daşı və süni üzlük daşla üzlənmişdir.

Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında müasir memarlıq üslubunda, şəhərə xüsusi gözəllik verəcək 3 mərtəbəli, 4000 kv.metr sahəsi olan Heydər Əliyev Mərkəzinin tikintisi yekunlaşmış, dam örtüyündə iş aparılır, binanın xarici divarlarına aqlay daşı vurulur.

Köhnə Mehmanxana binası əsaslı şəkildə yenidən qurularaq müasir otelə çevrilmişdir.

Böyük Vətən Müharibəsində və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış Xatirə Kompleksi əsaslı şəkildə yenidən qurulur, müasir bazarın tikintisi aparılır, yeni çörək zavodu tikilir.

Goran-Goranboy yolunun sol tərəfində beton zavodu və heyvandarlıq kompleksi inşa edilir.

Əlillər və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binasının son tamamlama işləri aparılır. İmtiyazlı şəxslərin mənzillə təmin olunması üçün əlavə 2 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisi plana salınmışdır. Bu binaların inşası başa çatdıqdan sonra rayon üzrə növbədə dayanan imtiyazlı şəxslərin mənzil problemi tamamilə həll ediləcəkdir.

Yaxın vaxtlarda Olimpiya İdman Kompleksinin tikintisinə başlanılacaqdır. Bu məqsədlə müvafiq torpaq sahəsi ayrılmış, ilkin sənədləşmə işləri aparılmışdır.

Rayon mərkəzi ilə yanaşı digər yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilmişdir. Bu məqsədlə bir neçə donor təşkilatının rəhbəri ilə işgüzar əməkdaşlıq qurulmuşdur. Bunun nəticəsidir ki, icma layihəsi çərçivəsində yerli icmalar AzKİL təşkilatı ilə birlikdə Rəhimli kəndində 6 km, Sarov kəndində 5 km, Xınalı kəndində 7 km, Tap Qaraqoyunlu kəndində 7,5 km kənddaxili yollar təmir edilmiş, Fəxralı, Baxçakürd və Tatarlı kənd qəbristanlıqlarına hasar çəkilmişdir.

Nadirkənd, Səmədabad, Hazırəhmədli, Xınalı, Kələk və Qaramusalı kəndlərində giriş qapıları inşa edilmişdir.

Balakürd kənd uşaq bağçası əsaslı təmir olunmuş, həyəti abadlaşdırılmış, su çəni qoyulmuşdur. Səfikürd, Balakürd və Yeniyol kəndlərində yol kənarlarına işıqlandırma sistemi quraşdırılmışdır.

Xınalı kəndində də uşaq bağçası üçün yeni bina inşa edilmiş, yanvar ayında fəaliyyətə başlayacaqdır.

Aşağı Ağcakənd qəsəbəsi ərazisində «Qala» kompleksində işlər davam etdirilir.

Rayon Mərkəzi xəstəxanasının əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş, əhalisi 3 mindən yuxarı olan yaşayış məntəqələrində fəaliyyət göstərən həkim məntəqələri əsaslı təmir ediləcəkdir. Hazırda Xan Qərvənd kənd xəstəxanasının əsaslı, Qızılhacılı qəsəbə həkim məntəqəsinin cari təmirinə başlanılmışdır.

İmtiyazlı xəstələri dərmanla təmin etmək üçün rayon Mərkəzi xəstəxanası tərəfindən 307 min 153 manatlıq dərman, habelə tibb müəssisələri üçün 53 min 830 manatlıq bərk və yumşaq inventar, 13 min manatlıq ərzaq alınmışdır.

Heydər Əliyev və Kitabxana-İnformasiya Mərkəzlərində təmir işləri aparılmışdır.

Son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin və respublikanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində rayonda ötən 3 ildə 18 yeni məktəb binası, 2 məktəbdə əlavə tədris korpusu inşa edilmiş, 8 məktəb əsaslı təmir edilmişdir. O cümlədən bu il 480 şagird yerlik Fəxralı kənd tam orta məktəbin yeni binası, habelə Tap Qaraqoyunlu kəndində əlavə tədris korpusu istifadəyə verilmişdir. Qurbanzadə və Bəşirli kənd ümumi orta məktəblərində yeni istilik sistemləri qurularaq istifadəyə verilmişdir. Xınalı, Qarasuçu, Yenikənd kənd tam orta, Goran qəsəbə ümumi orta və Təklə kənd ibtidai məktəblərin tikintisi aparılır.

Bu gün rayon üzrə 16 məktəb qəzalı vəziyyətdədir. Problemin həlli ilə bağlı müraciətlər edilmişdir. Yaxın 2 ildə bu məsələ də öz həllini tapacaqdır.

Əhalini təhlükəsiz və fasiləsiz təbii qazla təmin etmək üçün bir sıra tədbirlər görülmüşdür. Goranboy şəhərində 779 metr yeraltı istismara yararsız qaz xətləri yerüstü qaz xətləri ilə əvəz olunmuşdur. Qızılhacılı və Balakürd yaşayış məntəqələrində qaz kəmərinin 794 metri əsaslı təmir olunaraq yenidən çəkilmiş,  Səfikürd və Nizami kəndlərində 1817 metr küçə qaz xətləri çəkilərək 557 yeni abonent təbii qazla təmin olunmuşdur. Qaraçinar, Yolqullar, Baxçakürd, Dəyirmanlar və Azad kəndlərində evlərə təbii qaz verilməsi üçün paylayıcı və evdaxili qaz xətlərinin çəkilişi davam etdirilir. Bu kəndlərin qazlaşdırılmasının başa çatdırılması üçün Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayevə məktubla müraciət edilmişdir. İlin sonunadək bu kəndlərə təbii qaz veriləcəkdir.

Hazırda rayon üzrə qazlaşma 87 faiz təşkil edir.

Erkəc kəndində elektrik təsərrüfatı yenidən qurulmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkə üzrə elektrik təsərrüfatının vəziyyətini təhlil etmiş, konkret tapşırıq vermişdir. Bu işlərin rayonda görülməsinin tezləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə və «Azərenerji» ASC-yə müraciətlər edilmişdir. Yaxın vaxtlarda problem həll ediləcəkdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən «Goranboy şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması» layihəsi cari ilin sonunda başa çatacaqdır. Layihə çərçivəsində 45,2 km Murov-Goranboy su kəməri, 109,6 km şəhərdaxili su xətti, 81,7 km kanalizasiya xəttinin çəkilişi başa çatmışdır. Səfikürd kəndində hər birinin tutumu 1000 kub.metr olan 3 ədəd su anbarının tikintisi başa çatmışdır. Hazırda evlərə sayğac qoyulur.

Yuxarı Ballıqaya kəndində hər birinin tutumu 9000 ton olan 2 ədəd sutəmizləyici qurğu tikilmişdir.

Kanalizasiya və su xətlərinin çəkilişi ilə əlaqədar şəhərin bütün küçələrinə asfalt örtük salınacaqdır. Hazırda Heydər Əliyev prospektinə, R.Mustafayev, R.Rza, V.Bayramov, C.Cabbarlı və Vidadi küçələrinə asfalt örtük salınmışdır. İşlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə təmas xəttində yerləşən Tap Qaraqoyunlu və Tap kəndlərinin problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına 63 ev yenidən tikilmiş, 28 ev əsaslı təmir olunmuş, əhalinin təhlükəsizliyi üçün 792 metr uzunluğunda, 4 metr hündürlüyündə mühafizə divarı tikilmişdir. Hazırda əlavə olaraq 500 metr mühafizə divarının tikintisinə başlanılmışdır. Murov-Goranboy magistral su xəttindən kəndə su xətti çəkilmiş, su anbarı tikilmiş, həyətlərə su xətləri çəkilmişdir.

Ölkə başçısı tərəfindən imzalanmış çoxsaylı dövlət proqramlarından, aqrar sahənin orta və uzun müddətli inkişaf strategiyalarından irəli gələn vəzifələrin səmərəli  icrası ölkəmizin insan resurslarının və iqtisadi potensialının əsas mənbəyi olan regionlarda və kəndlərdə yaşayan insanların rifah halının yaxşılaşdırılmasına öz töhfəsini vermişdir.

2003-2013-cü illərdə ölkəmizin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən birbaşa dəstək, o cümlədən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrə, toxum və tinglərə görə subsidiya, eləcə də “Aqrolizinq” ASC-yə onun fəaliyyət göstərməsi üçün kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin, damazlıq heyvanların alınması və Cəmiyyətin maddi-texniki bazasının yaxşılaşdırılması üçün vəsait, güzəştli kredit və digər dövlət dəstəyi sayəsində respublikamızda, o cümlədən rayonumuzda da kənd təsərrüfatının ümumi məhsulunun həcmi ilbəil artmışdır.

Cari ilin 10 ayı ərzində rayonda kənd təsərrüfatında məhsul istehsalı 64 milyon 960 min 100 manat təşkil etmiş və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artmışdır. O cümlədən məhsul istehsalı bitkiçilik sahəsində 42 milyon 664 min manat, heyvandarlıq sahəsində 21 milyon 396 min manat təşkil etmişdir.

2013-cü ilin məhsulu üçün rayon üzrə 24 min 90 hektar dənli və dənli paxlalılar becərilmişdir. Onun da 23 min 719 hektarını və ya 98,5 faizini taxıl bitkisi təşkil edir. Həmin sahələrdən 67 min 362 ton taxıl məhsulu yığılmış və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artıq məhsul istehsal edilmişdir.

Əhalinin qida rasionunda vacib əhəmiyyətə malik olan meyvə, tərəvəz, kartof və digər məhsulların istehsalında da müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, ötən illə müqayisədə meyvə istehsalı 9,3 faiz, tərəvəz istehsalı 8,7 faiz artmışdır. Bu da öz növbəsində rayon əhalisinin əsas kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə öz müsbət töhfəsini vermişdir.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində iribuynuzlu mal-qaranın baş sayı 43031-ə, qoyun-keçilərin baş sayı 234882-ə çatdırılmışdır. Ət  istehsalı 4252 ton, süd istehsalı 19450 ton, yun istehsalı 820 ton, yumurta istehsalı 7 milyon 732 min ədəd olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 425 ton, süd istehsalı 5114 ton, yun istehsalı 5 ton artmışdır.

2013-cü ilin 10 ayında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Goranboy “Aqroservis” filialından güzəştli qiymətlərlə rayonda bitkiçilik sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən 451 ton ammonium-nitrat gübrəsi  alınmış və əkin sahələrinə verilməsi təmin olunmuşdur.

Hazırda rayon üzrə payızlıq dənlilərin əkini ilə əlaqədar olaraq 12 min 550 hektar sahədə şum aparılmış, bu da ötən ilin müvafiq dövrünə nisbətən 80 hektar çoxdur. 12410 hektar sahədə səpin işləri aparılmışdır (370 hektar çox). Əkin və səpin işləri davam etdirilir.

Gələn il Şəmkirçay su anbarı istifadəyə veriləcəkdir. Bununla da rayonda əlavə 17 min hektar sahənin suvarılması təmin ediləcək, suvarma suyu ilə bağlı problem aradan qaldırılacaqdır.

«Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 iyun 2013-cü il tarixdə sərəncam imzalamışdır. Sərəncamda qeyd edilmişdir ki, «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» Goranboy rayonunda uğurla həyata keçirilir. Dövlət Proqramının icrası nəticəsində əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, o cümlədən təhsil, mədəniyyət, idman və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2013-cü il tarixli sərəncamı ilə Goranboy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə 1 milyon manat, 30 iyul 2013-cü il tarixli sərəncamı ilə otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Hazırda yolun birinci mərhələsinin tikintisi başa çatmışdır. İş davam edir. Bu sərəncamlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Goranboy rayonuna davamlı göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Ayrılmış bu vəsait hesabına Goranboy şəhərində quruculuq-abadlıq işləri daha da genişlənmişdir.

Aparılan işlər onu deməyə əsas verir ki, ilin sonunadək nəzərdə tutulmuş bütün işlər icra ediləcək, goranboylular 2013-cü ili uğurla başa vuracaqlar.