Görkəmli dramaturq Cəfər Cabbarlı anılacaq

C.Cabbarli

Bu il şair-dramaturq, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 115 illyi tamam olur.

1899-cu ildə anadan olmuş ədib yaşadığı qısa ömür ərzində Azərbaycan ədəbiyyatına, mədəniyyətinə əvəzsiz töhfələr verib. 35 illik ömrünün , 20 ilini ədəbi yaradıcılıqla məşğul olmuş C. Cabbarlı lirik və satirik şeirləri, poema və hekayələri, tərcümələri, dram əsərləri ilə ədəbiyyatımızda böyük şöhrət qazanıb.

Yaradıcılığa şeirlə başlayan Cabbarlı Azərbaycan dramaturgiyasına “Almaz”, “Aydın”, “Solğun çiçəklər”, “Sevil”, “Od gəlini”, “Oktay El oğlu” kimi ölməz dram əsərləri bəxş edib. Onun əsərləri zaman-zaman respublika teatrları tərərfindən tamaşaya qoyulub, neçə-neçə aktyor nəsli bu tamaşalarda yetişib. Səhnə sənətimizin inkişafı dövründə dəfələrlə dram əsərlərinə quruluş verən, teatrda həm rejissor, həm də ədəbi hissə müdiri kimi fəaliyyət göstərən Cəfər Cabbarlının eyni zamanda milli kinonun inkişafında da misilsiz xidmətləri olub. Belə ki, o, ilk milli kinossenarist və kinorejissorlardandır. Dövrünün görkəmli ziyalılarından biri kimi də o, hər zaman respublikanın ədəbi-ictimai həyatında yaxından iştirak etmişdir. Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasında bir sıra maarifçilərimizlə yanaşı Cəfər Cabbarlının da böyük xidmətləri olub. Təsdadüfi deyil ki, ədibin vəfatından sonra Teatr Muzeyinə məhz onun adı verilib. Hazırda dramaturqun şəxsi arxivinin bir hissəsi muzeyin fondunda qorunub saxlanılır.

Cəfər Cababrlının anadan olmasının 115 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Teatr Muzeyi dramaturqun ev muzeyi ilə birlikdə tədbir keçirəcək. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, filologiya eləmləri doktorları, professorlar Asif Rüstəmli və Rəhim Əliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, müğənni Rəşad İlyasov, ifaçı Mehri Əsədulla iştirak edəcəklər.

Tədbirdə tamaşaçılara dramaturqun həyat və yaradıcılığını əks etdirən video çarxlar, Nizami rayon uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin ifasında “Aydın” tamaşasından bir parça və şeirlərdən ibarət kompozisiya təqdim olunacaq. Tədbir 29 aprel 2014-cü il tarixində saat 15.00-da Muzey Mərkəzinin (Neftçilər prospekti, 123a) binası,Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiyasında keçiriləcək.