Gözəlliyə aparan yol…

Doğulandan başlayaraq azalmayan ehtiyac duyulan gözəlliyin müxtəlif növləri var.

Mənəvi gözəlliyin nə qədər vacib və əhəmiyyətli olduğunu hamı qəbul edir. Lakin etiraf etmək lazımdır ki, insan həyatında xarici gözəllik heç də az rol oynamır. Bu səbəbdən plastik və estetik cərrahiyyənin yaranması və inkişafını tam təbii saymaq olar. Möcüzələr yaradan plastik cərrahiyyə tibbin heç də cavan bölməsi deyil.

Belə ki, plastik cərrahiyyə bizim eradan hələ 3 min il əvvəl mövcud olub. Hələ qədim Misir həkimləri zədəli burunların korreksiyası və dovşandodaqlılığın ləğvi kimi əməliyyatların aparılma texnologiyasını papiruslar üzərində yazıb, təsvir ediblər. Lakin XIX əsrin əvvəllərində plastik cərrahiyyənin inkişafına yenidən başlanılıb. Buna elm və texnika, baş verən yeniliklər, antiseptik maddələrin, yeni cərrahi alətlərin meydana çıxması da təkan verib. Tarixdə baş verən iki böyük faciə – iki dünya müharibəsi də plastik cərrahiyyənin inkişafında böyük rol oynayıb. Müharibədə yaralanan, zədə alan on minlərlə insan sağlamlıqları ilə yanaşı, zahiri görünüşlərinin də bərpa olunmasını arzulayırdılar. Cərrahlar üz və bədəndə yaranan yara, yanıq və donmalardan sonra əmələ gələn mürəkkəb çapıqların və deformasiyaların bərpasına yönələn çoxlu müxtəlif plastik əməliyyatlar həyata keçirməyə başlayıblar.

XALQ.AZ xəbər verir ki, ikinci dünya müharibəsindən sonra plastik cərrahiyyənin yeni dövrü başladı. Üzün və bədənin travma nəticəsində yaranmış qüsurlarının aradan qaldırılması ilə yanaşı, estetik əməliyyatlara, yəni bədənin gözəlləşməsinə yönələn əməliyyatlara da ehtiyac yarandı.

Estetik əməliyyatlardan biri də burun və dodaq arasındakı məsafənin qısaldılması nəticəsində dodaqların daha həcmli görünməsinə nail olmaqdır. Bulhorn adlanan həmin əməliyyat ölkəmizdə də icra edilir, çünki ona ehtiyac duyan kifayət qədər xanım var.

Bu barədə məlumat verən plastik estetik cərrah Vaqif Qələndərli həmin əməliyyatlara meyil edənləri diqqətli olmağa çağırır: “Bulhorn əməliyyatı dodağın yuxarı hissəsini yüksəldərək ona daha gözəl görünüş vermək üçün edilir. Lakin burun və dodaq arasındakı bölgədə aparılan həmin kosmetik əməliyyatdan sonra çapığın əmələ gəlməsi mümkündür. Bu da gözəlliyi pozan əsas səbəblərdən birinə çevrilərək depressiya və ya hansısa digər psixoloji problemin yaranmasına səbəb ola bilər”.

Plastik cərrahın dediyinə görə, Bulhorn əməliyyatını hər pasiyent üzərində aparmaq düzgün deyil. Əməliyyatı həyata keçirmək üçün pasiyentin dərisinin xüsusiyyətləri həkim tərəfindən tam öyrənilməlidir. Çünki gözəllik yaratmaq istəyərkən onun əksi də baş verə bilər. Perpendikulyar kəsik çox qalın olur. Lakin paralel kəsiklər mütləq langer cizgilərinə uyğun aparılmalıdır ki, iz qalmasın. Pasiyentlərin 30 faizində çapıq qalma riski olur. Ona görə də bunu əvvəlcədən pasiyentə başa salmaq lazımdır”.

Əməliyyatı aparan həkim uşaq ikən pasiyentə vurulan peyvəndlərin izinə və ya keçirdiyi əməliyyatların yerinə baxaraq dərinin xüsusiyyətlərini nəzərə almalıdır. Belə əməliyyatları həmin hissəni kəsmədən piy toxumasının köçürülməsi ilə də icra etmək mümkündür”.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.