Gücümüz Birlikdədir !

cava

Bu gün dünyanın siyasi xəritəsində 6 müstəqil türk dövləti və başqa dövlətlərin tərkibində onlarla müxtəlif siyasi, iqtisadi və mədəni muxtariyyət statusları ilə yaşayan türk toplumları və onların yerli özünü idarəçilik qurumları var. Bunlarla yanaşı bir sıra dövlətlərin ərazilərində hələ də öz fundamental haqlarını reallaşdıra bilməyən çoxsaylı türk toplumu var ki, onlar da öz haqlarının tanınması uğrunda tərkibində yaşadıqları dövlətlərin rejimlərinə qarşı mücadilə aparırlar. 20-ci əsrin 90-cı illərində SSRİ-nin tərkibindəki türk respublikalarının müstəqilləşməsi türk dünyası üçün böyük perspektivlər açdı və Avrasiyanın sonuncu imperiyasının tərkibindən çıxmış Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızstan bu gün milli müstəqillik dayaqlarını möhkəmləndirməklə məşğuldurlar. Bu xalqların hər biri öz dövlətlərini daha güclü, daha müasir bir quruluşa çatdırmağa səy göstərirlər. Əlbəttə güclü olmaq bir zərurətdir, amma çağdaş dünyada sadəcə güclü olmaq heç də hər şeyin həllinə nail olmaq demək deyil. Əslində güclü olmaq – həmişə diqqət mərkəzində olmaq, rəqabətdə olan digər dövlətlərin maneələri ilə üzləşmək və bu maneələri dəf etmək məcburiyyətində qalmaq deməkdir. Güclü olmaq – savaşların mərkəzində olmaq, daim gözlənilməz təhlükələrlə üzbəüz qalmaq deməkdir. Deməli, sadəcə müstəqil və güclü olmaq milli azadlıq ideallarımızın tam qələbəsi hesab oluna bilməz. Burada çatışmayan daha bir komponent var. Bu gün gücün birliklə tamamlanması həqiqəti türk dünyasının gələcəyini müəyyən edən əsas şərtə çevrilməkdədir. Müstəqil olmaq və güclü olmaqla yanaşı eyni zamanda birlikdə olmaq həm müstəqilliyimizin, həm də güclü olmağımızın ən etibarlı zəmanətidir. Artıq bütün müstəqil türk dövlətlərində bu paradiqma dərk edilməkdədir. İndiyədək bu istiqamətdə müəyyən addımlar atılıb, amma daha qətiyyətli addımların atılmasına ehtiyac var.Bu gün türk dövlətlərinin qarşılıqlı münasibətləri ilə bağlı qəbul olunan çoxsaylı sənədlər siyasətdən iqtisadiyyata, mədəniyyətə, elm və təhsilə qədər bütün istiqamətlərdə əlaqələrimizin real əsasını təşkil edir. Belə çoxtərəfli əsaslar üzərində müasir türk respublikalarının müştərək siyasi platforması, iqtisadi coğrafiyası və milli-mədəni identifikasiyası formalaşır. Bu genişlənmə getdikcə daha çox siyasi-iqtisadi və ictimai-mədəni məzmun alır və daha çox beynəlxalq əhəmiyyət kəsb edir. Amma zaman sürətlə dəyişir, qloballaşma meyllərinin dərinləşməsi hər gün qarşımıza yeni dilemmalar çıxarır. Bu dəyişikliklər suveren türk milli dövlətlərinin daha sıx müttəfiqliyini zəruriləşdirən yeni geosiyasi vəziyyət yaradıb. Türkiyə və Avropa Birliyi arasında onillərlə uzanan danışıqların dayandırılması, artıq 30 ildən çox kənar güc mərkəzləri tərəfindən Azərbaycana qarşı hibrid müharibənin aparılması və Qarabağ münaqişəsinin başımız üzərində “Domokl qılıncı” kimi saxlanması, Mərkəzi Asiya türk respublikalarının keçmiş imperiyanın təsirindən tam azad ola bilməməsi biz türkləri daha mütərəqqi və doğru bir yola – türk dövlətləri arasında müttəfiqliyin dərinləşdirilməsi və onun işlək siyasi əsaslarının yaradılmasına yönəltməkdədir. Bu bizim üçün tarixi bir fürsət, dünya üçün isə Avrasiyada sülhün və sabitliyin təmin olunmasına böyük bir töhfə imkanıdır. Türk birliyini mümkün və zəruri edən ilkin əsaslar tarixən mövcuddur və bu gün də öz aktuallığını qoruyub saxlayır. Eyni sivilizasiya koduna mənsubluq, dil, din və mədəniyyət eyniliyi, eləcə də müstəqil türk milli dövlətləri arasında birbaşa coğrafi bağlılıq və ən başlıcası, bütün türk dövlətlərində xalqın özündən gələn qarşılıqlı cazibə qüvvəsi – bütün bunlar beynəlxalq birlik yaratma təcrübəsində öz təsdiqini tapmış ilkin şərtlərdir. Bu gün dünyada gedən qloballaşma prosesləri türk birliyinin siyasi əsaslarını təşkil edir. Avropa ölkələrinin AB şəklində siyasi İttifaq səviyyəsinə qədər inkişaf edə bilməsi türk dövlətləri arasındakı münasibətlərin də analoji vektor üzrə siyasi müttəfiqlik statusuna yüksəlməsi üçün nümunə və təcrübə yaradıb. Bu təcrübənin müsbət və mənfi xüsusiyyətlərini nəzərə almaqla Türk dövlətləri öz aralarında siyasi birliyin daha mükəmməl formasına nail ola bilərlər. Türk Dövlətləri Birliyinin (TDB) təsis edilməsi heç də milli müstəqilliyin itirilməsi hesabına deyil, əksinə dövlətlərüstü siyasi qurumun ( TDB) hesabına milli dövlətçiliyin daha da möhkəmləndirilməsinə və hər bir türk dövlətinin xarici təzyiqlərə qarşı müqavimət gücünün artırılmasına xidmət etməlidir. Dövlətlərarası siyasi birliyin digər bir mühüm şərti də ortaq iqtisadi bazarın mövcudluğudur. Bu baxımdan da türk dövlətlərinin ayrı-ayrılıqda mövcud iqtisadi potensialı kumulyativ şəkildə analoji birliklərin iqtisadi potensialını üstələyir. Belə ki, hal-hazırda təxminən 250 milyon türk əhalisinin yaşadığı Avrasiya türk arealında mövcud olan təbii resursların təsdiq olunmuş həcmi 500 milyon əhalisi olan AB-nin toplam təbii resurslarından 2 dəfə çoxdur. Deməli, türk coğrafiyasında təbii resursların adambaşına düşən xüsusi çəkisi Avropaya nisbətdə 4 dəfə çoxdur. Belə zəngin iqtisadi potensiala malik olan bir ərazidə eyni etnik kökə malik olan xalqlar arasında qarşılıqlı siyasi-iqtisadi, mədəni-sosial münasibətlərin yeni əsaslar üzərində, yəni İttifaq əsasları üzərində qurulması dünyada birlik yaratma təcrübəsinin ən uğurlu nümunəsi ola bilər.Hadisələrin bu günə qədərki inkişafı göstərir ki, türk dövlətlərinin öz aralarında siyasi birlik yaratması üçün təməl faza artıq keçilib. İndi dövlətlər arası münasibətlərin elə bir mərhələsinə keçid etmək lazımdır ki, orada bütün türk dövlətlərinin problemləri bir arada müzakirə olunsun və dünya siyasətinə vahid platformadan, ortaq türk mövqeyindən bəyan edilsin. Bu mərhələyə keçidin ilk addımları isə Azərbaycan-Türkiyə münasibətlərinin dinamikasından çox asılıdır. Hazırda bu iki dövlət “bir millət-iki dövlət” paradiqması əsasında özlərinin daxili və xarici siyasətlərini uğurla uzlaşdırırlar. Bu yanaşma beynəlxalq müstəvidə hər iki dövlətin mövqeyini möhkəmləndirən ən səmərəli yanaşmadır. Son 30 ildə Türkiyə -Azərbaycan münasibətlərinin qardaşlıq münasibətlərinə yüksəlməsi onların beynəlxalq siyasətdə vahid platformadan çıxış etməsini təmin edib və hər iki ölkənin milli təhlükəsizlik məsələləri ən vacib ortaq məsələ olaraq dəyərləndirilir. Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyi, eləcə də Türkiyəyə qarşı təcrid siyasətinə Azərbaycan dövlətinin reaksiyası bu münasibətlərin açıq görünən tərəfləridir. Bölgədə hərbi-siyasi vəziyyətin mürəkkəbləşəcəyi halda isə bu qarşılıqlı dəstəyin bəyanatlardan əməli müstəviyə keçəcəyi artıq heç kimə sirr deyil. Amma Türk dövlətlərinin problemləri yalnız Qarabağ və Kipr münaqişəsi ilə, eləcə də Türkiyənin regionda sıxışdırılması ilə qurtarmır. Mərkəzi Asiya türk respublikaları da öz ərazilərini və iqtisadi potensiallarını öz xalqlarının mənafeyinə uyğun istifadə etməkdə böyük çətinliklərlə üzləşirlər. Türkmənistan, Özbəkistan, Qazaxstan və Qırğızstanın ayrı-ayrılıqda öz gücünə müstəqil siyasət yürütmək imkanları məhduddur. Nə qədər müstəqil siyasət yürütməyə çalışsalar da böyük güclərin təzyiqləri qarşısında bəzən beynəlxalq siyasətin konyunkturasına tabe olaraq öz milli maraqlarını güzəştə getməli olurlar. Bütün bu amillər türk dövlətləri arasında daha optimal inteqrasiya zərurətini – müttəfiqləşmə zərurətini doğurur. Hər cür təhlükəyə qarşı səfərbər olmaq, güclənərək birləşmək və birləşərək güclənmək zərurəti bu gün və gələcəkdə türk dünyasının var olmaq şərtini özündə ehtiva edir. Bu prosesdə Azərbaycan türk dünyasının qərbi ilə şərqini bir-birinə bağlayan ən vacib həlqə rolunu oynayır. Xəzər dənizi sahillərində Avrasiya üçün əvəzsiz strateji əhəmiyyət daşıyan bir bölgədə yerləşən Azərbaycan öz ərazisində geniş türk coğrafiyasında yaşayan insanların, mal və əmtəənin qarşılıqlı hərəkətini təmin edən beynəlxalq nəqliyyat kommunikasiyalarının qovşağını yaradıb. Qərblə Şərq məhz Azərbaycan üzərindən bir-biri ilə təmas qurur, ticarət edir, elmi-texniki təcrübələrin və eləcə də malik olduğu mədəni dəyərlərin mübadiləsini həyata keçirir. Bu baxımdan Azərbaycan-Türkiyə münasibətlərinin İttifaq səviyyəsinə yüksəldilməsi həm də bütün türk dünyasını bir-birinə bağlayan cazibə mərkəzi rolunda çıxış edə bilər. Bu missiyanın uğurla həyata keçməsi isə bütün türk dövlətlərində türk birliyinə doğru atılacaq addımların qətiyyətindən və ardıcıllığından asılıdır. Bu gün hər bir türk dövlətinin öz ərazisində öz milli hegemonluğunu qoruyub saxlaya bilməsi bütün türk coğrafiyasında türk hegemonluğunun təmin edilməsindən birbaşa asılıdır. Bunu təmin etmək üçün bütün türk dövlətlərinin siyasi-iqtisadi, mədəni-sosial, ictimai-humanitar siyasəti və fəaliyyətləri ortaq nöqtədən və ortaq maraqlar əsasında istiqamətləndirilməlidir. Belə bir ortaq fəaliyyətin mərkəzində isə “Türk Dövlətləri Birliyi” adını daşıyan siyasi ittifaq qurumu dayana bilər.Türk Dövlətləri Birliyinin yaradılması və möhkəmlənməsi digər dövlətlərə və onların birliklərinə qarşı deyil. Belə bir müttəfiqləşmə – öz növbəsində dünya birliyini də gücləndirən, beynəlxalq aləmə yeni bir enerji verən, qlobal siyasətin qeyri-bərabərlik, dominantlaşma, bloklaşma, separatizm, təcridçilik və s. kimi neqativ tendensiyalarına qarşı müqaviməti artıran bir prosesdir. İyirminci əsrdə Avropa Birliyi bəşəriyyətin tarixi-siyasi həyatında, beynəlxalq sülhün təminatında hansı rolu oynamışdısa, iyirmi birinci əsrdə yaranan Türk Dövlətləri Birliyi də eyni funksiyanı, lakin daha böyük siyasi təcrübə və potensialla yerinə yetirmək imkanları qazana bilər.Bu gün birlik – qlobal və regional siyasətin oriyentasiyalarını müəyyən edən ən başlıca amildir. Birlik imkanlarından rasional şəkildə istifadə edilmədiyi təqdirdə suveren türk milli dövlətlərinin hansısa bir superdövlətin və ya güc mərkəzinin “himayəsi” altına keçməsi qaçılmaz ola bilər.

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru